Gürcüstan Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, 2023-2024-cü tədris ilinin başlanğıcında Gürcüstan məktəblərində müəllim və şagirdlərin sayı artıb.

 

Ümumtəhsil müəssisələrinin göstəriciləri ilə bağlı hesabata görə, 2023-2024-cü tədris ilinin əvvəlində Gürcüstanın məktəblərində 634,3 min şagird qeydə alınıb. Bu, ötən ilin göstəricisindən 0,2 faiz çoxdur. Məlumata görə, şagirdlərin ümumi sayının 89,5 %-i ictimai, 10,5 %-i isə özəl məktəblərdə təhsil alır. Regionlar arasında ən çox şagird (35,5 %) paytaxt Tbilisinin payına düşür.

 

Məlumatda bildirilib ki, 2023-2024-cü tədris ilinin əvvəlində ümumtəhsil müəsissələrində 63,7 min müəllim qeydə alınıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 % çoxdur. Qadın müəllimlər 87,5 %, kişi müəllimlər isə 12,5 % təşkil edir.

 

Ümumtəhsil müəssisələrinin sayına gəlincə isə, 2023-2024-cü tədris ilində Gürcüstanda məktəblərin sayı azalıb. 2023-2024-cü tədris ilinin başlanğıcında ölkədə 2296 ümumtəhsil müəssisəsi (məktəb) qeydə alınıb. Onlardan 2086-sı ictimai, 210-u isə özəl məktəbdir. Ötən tədris ili ilə müqayisədə ölkədə 6 məktəb azalıb.

 

Regionlara əsasən ən çox məktəb (17,1 %) İmeretidə qeydə alınıb.

 

Xidmətin yayımladığı hesabata görə, 2023-cü ildə orta məktəbi 47291 şagird bitirib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 4,1 faiz çoxdur. 56,6 min şagird ibtidai təhsil alıb, bu da əvvəlki ilin müvafiq göstəricisindən 6,0 faiz azdır. 46,8 min şagird isə baza təhsili alıb, bu da əvvəlki ilin müvafiq göstəricisindən 3,9 faiz çoxdur.

 

Mənbə: edu.aris.ge