Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi 2025-2026-cı tədris ili üçün ictimai məktəblərdə birinci siniflərin qeydiyyat müddətini və şərtləri müəyyən edib.

 

Bildiyimiz kimi, 31 dekabra qədər 6 yaşı tamam olmuş uşaqlar da birinci sinfə qeydiyyat oluna biləcəklər.

 

Qeydiyyat həmişə olduğu kimi dörd mərhələdən ibarət olacaq.

 

I mərhələ. Qeydiyyatın birinci mərhələsi 2025-ci il martın 10-dan martın 21-nə kimi məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeydiyyatdan keçiriləcəklər.

 

Birinci mərhələdə qeydiyyatdan keçmiş uşaqların valideynləri istədikləri məktəbə ərizə ilə müraciət edə bilərlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcək. Uşağın xüsusi təhsilə ehtiyacı olduğunu təsdiq etmək məqsədi ilə valideyn məktəbdə müvafiq müraciət forması doldurmalı və bundan sonra multidisiplin komandası tərəfindən uşaq qiymətləndirilərək xüsusi təhsilə ehtiyacı olub-olmaması müəyyən edilir. Xüsusi təhsilə ehtiyacı olduğu təsdiq olunarsa məktəb müvafiq sənəd əsasında şagirdin qəbul edilməsini təmin edir.

 

Birinci mərhələdə qeydiyyatdan keçmiş uşağın sənədi 2025-ci ilin 24 mart tarixindən 30 aprel tarixinə qədər məktəbə təqdim olunmalıdır.

 

Xüsusi təhsilə ehtiyacı olan şagirdlər bunlardır:

 

a) Fiziki məhdudiyyəti olan; b) İntellektual inkişaf pozuntusu olan; c) Tədris qabiliyyəti pozuntusu olan; ç) Sensor inkişafı pozuntusu olan (eşitmə və ya görmə); d) Nitq qabiliyyəti pozuntusu olan; e) Davranış və emosional pozuntusu olan; ə) Uzun müddət xəstəxanada qalmaq ehtiyacı olan; f) Təhsildə sosial faktorlardan yaranmış çətinliklər və buna görə də milli tədris planının tələblərini yerinə yetirə bilməyən; g) Autizm spektri olan.

 

Xüsusi təhsilə ehtiyacı təsdiqlənməyən uşaqların növbəti mərhələlərdə qeydiyyatdan keçirilməsi mümkün olacaq.

 

II mərhələ. Bu mərhələdə qeydiyyat və sənədlərin təqdim edilməsi 2025-ci il mayın 2-dən mayın 20-nə  qədər həyata keçiriləcək.

 

II mərhələdə qeydiyyatdan keçiriləcək uşaqlar bunlardır:

 

a) Eyni məktəbdə təhsil alan bacı və qardaş;

 

b) Valideyni/qəyyumu həmin məktəbin əməkdaşı olanlar;

 

c) Bir ailədən eyni zamanda birinci sinfə daxil olan iki və daha çox olan uşaqlar.

 

Uşağın qəbulu üçün vacib sənədlərin təqdim olunması əsasında qeydiyyatı ictimai məktəb təmin edir.

 

III mərhələ. Bu mərhələdə ümumi onlayn qeydiyyat 2025-ci il mayın 22-dən başlayacaq və iyunun 17-nə qədər davam edəcək.

 

Qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində – “registration.emis.ge”də həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə aparır.

 

Elektron qeydiyyatdan keçmiş şagirdin vacib sənədlərinin təqdim edilməsi 18 iyundan 27 iyuna qədər həyata keçiriləcək.

 

Təyin edilmiş vaxtda sənədlər təqdim olunmazsa qeydiyyat avtomatik ləğv olunacaq.

 

IV mərhələ. Bu mərhələdə azad olunan, yaxud boş qalmış yerlərə I, II və  III mərhələlərdə qeydiyyatdan keçmiş, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qeydiyyat olunacaq. Bu mərhələdə qeydiyyat 2025-ci il 30 iyundan 15 iyula qədər həyata keçiriləcək.

 

Məktəb dördüncü mərhələdə valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənəd əsasında şagirdin qeydiyyatını təmin edir.

 

Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər isə bunlardır:

 

• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat qeyd olunmalıdır. Ərizə Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. Qanuni nümayəndənin şəxsiyyəti təsdiq edən sənədinin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır.

 

• Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır.

 

Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi valideynləri qeydiyyat müddəti və şərtləri ilə diqqətlə tanış olmağa çağırır ki, uşaqları vaxtında və maneəsiz məktəbə qeydiyyat edə bilsinlər.

 

Mənbə: edu.aris.ge