2023-2024-cü tədris ili üçün ümumtəhsil müəssisələrində şagirdlərin birinci sinfə qeydiyyatı və vacib sənədlərin verilməsi vaxtı dəyişdirilib.
Birinci siniflərin qeydiyyatı aparılan zaman Gürcüstan Təhsil və Elm Nazirliyi və Parlamentin Təhsil və Elm Komitəsinin birgə qərarı ilə “Ümumi təhsil haqqında” qanunda məktəbə qəbul yaşı ilə əlaqədar dəyişiklik edilib. Qeyd olunan dəyişikliyə görə, 2023-2024-cü tədris ilində birinci sinfə əlavə olaraq 16 sentyabrdan 1 noyabra qədər 6 yaşı tamam olacaq uşaqlar da qəbul olunacaqlar.
Bundan irəli gələrək, Gürcüstan təhsil və elm nazirinin 2023-cü il 15 may tarixinə olan N543304 sərəncamına əsasən, birinci siniflərin qeydiyyatı və məktəbə qəbul olunması üçün vacib sənədlərin təqdim olunması aşağıdakı qaydada müəyyən edilib:
Qeyd edək ki, birinci sinif şagirdlərinin məktəbə qəbulu üzrə I mərhələ 2023-cü il martın 6-sı başlayıb, martın 20-si bitib. Bu mərhələdə məktəblərdə xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeydiyyatdan keçiblər.
II mərhələdə qeydiyyat 2023-cü ilin 19 may tarixinə qədər davam edib. Bu mərhələdə aşağıdakı kateqoriyaya aid uşaqlar qeydiyyatdan keçiriliblər:
• Eyni məktəbdə oxuyan bacı və qardaşlar;
• Valideyni məktəbin əməkdaşı olan uşaqlar;
• Eyni zamanda birinci sinfə ikidən çox uşağı daxil olan ailələrin uşaqları.
Dəyişikliyə əsasən, III mərhələ – ümumi qeydiyyat 8 iyunda başlayacaq və 23 iyuna qədər davam edəcək.
Ümumi qeydiyyat Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge ünvanında elektron olaraq həyata keçiriləcək. Qeydiyyatı valideyn və ya qanuni nümayəndə həyata keçirməlidir. Elektron qeydiyyat olunan şagirdin qəbul olunması üçün vacib sənədlərin məktəblərə təqdim olunması 26 iyundan 12 iyula qədər həyata keçiriləcək. Müəyyən edilmiş vaxtda sənədlər təqdim olunmazsa elektron qeydiyyat avtomatik olaraq ləğv olunacaq.
IV mərhələdə qeydiyyat 17 iyuldan 28 iyula qədər məktəblərdə həyata keçiriləcək. IV mərhələdə azad olunan vakant və ya boş qalan yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyənlər və ya qeydiyyatda dəyişiklik etmək istəyənlər yerləşdiriləcəklər.
Şagirdin IV mərhələdə qeydiyyatını valideynin və ya qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb təmin edir.
Birinci sinfə qəbul üçün lazım olan vacib sənədlər:
• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşadığı ünvan və telefon nömrəsi qeyd olunmalıdır. Ərizə Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə nəzərdə tutulmuş digər tələbləri qane etməlidir, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənəd xarici dildə təqdim olunarsa Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada gürcü dilinə tərcümə edilməlidir.
• Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənəd xarici dildə təqdim olunarsa Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydada gürcü dilinə tərcümə edilməlidir.
Gürcüstan Təhsil və Elm Nazirliyi valideynləri qeydiyyat müddəti və şərtlərlə tanış olmağa çağırıb ki, uşaqlarını vaxtında, maneəsiz birinci sinfə qeydiyyatdan keçirə bilsinlər.
Mənbə: etaloni.ge