Xalq Müdafiəçisinin Gürcüstanda insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında 2022-ci ilin hesabatı artıq parlamentdə dinlənilib. 376 səhifəlik sənəddə hakimiyyət tərəfindən xüsusi diqqət və vaxtında reaksiya göstərilməsini tələb edən əsas nailiyyətlər, tendensiyalar qeyd olunub. Onlar arasında təhsillə əlaqədar bir çox məsələlər var.
Gürcüstanın Xalq Müdafiəçisi uşaq hüquqlarının vəziyyəti haqqında danışan zaman 2022-ci ildə şagirdin məktəbi tərk etməsi göstəricisinin yenə də yüksək olduğunu deyib. Ombudsman bu istiqamətdə Gürcüstanın Təhsil və Elm Nazirliyinin məktəbi tərk etmək və təhsili dayandırmaqla bağlı statistikanın qeydə alınma məsələsini tənqid edib və onun qaydaya salınmasını tələb edib.
Xalq Müdafiəçisinin məlumatına görə, 2022-2023-cü tədris ilində Gürcüstanda 215 özəl və 2086 ictimai məktəb fəaliyyət göstərib. Buradan 11 məktəb internat məktəbdir. Hesabat dövründə ölkə miqyasında özəl və ictimai ümumtəhsil müəssisələrdə ümumilikdə 631758 şagird qeydə alınıb.
“Doğrudur, ötən illərlə müqayisədə 2022-ci ildə şagird statusunun dayandırılması göstəricisi yüksəkdir. Buradan ən yüksək göstərici Tbilisi (4834), Kvemo Kartli (2301) və Acaranın (1231) payına düşür. Ancaq qeyd etmək lazımdır ki, bu şagirdlər arasında 1831-i başqa ölkənin vətəndaşı idi, 1163 şagird isə məktəbi peşə təhsili müəssisələrində təhsilini davam etdirmək əsası ilə tərk edib”, – Xalq Müdafiəçisinin hesabatında qeyd olunub.
Sənədə əsasən, ötən illə müqayisədə hesabat dövründə statusu “ailəsi ilə xaricə getmə” səbəbi ilə dayandırılan şagirdlərin sayı iki dəfə artıb ki, bu da öz növbəsində ölkədəki iqtisadi və sosial problemlərlə sıx bağlı ola bilər.
“Şagird statusunun dayandırılması/xitam verilməsi statistikası, bəzi hallarda, əvvəlki illərdə olduğu kimi, “valideynin ərizəsi” və “davamiyyət sayı” kimi əsaslara istinad edərkən təhsilin dayandırılmasının əsl səbəbi haqqında tam məlumat vermir. Bunu Xalq Müdafiəçisi Aparatının tələbi ilə ölkə üzrə təhsil resurs mərkəzlərindən 2021-2022-ci illərdə şagirdlərin statusunun dayandırılması ilə bağlı təqdim edilmiş ərizələrin surətlərinin qiymətləndirilməsi də təsdiqləyir.
“Məlum olur ki, nazirliyin statistik məlumatlarında göstərilən səbəblərlə yanaşı, təhsildən yayınma səbəbləri, çox vaxt, ailə vəziyyəti, orta təhsil pilləsində təhsilini davam etdirmək istəməməsi, yaşayış yerinin dəyişdirilməsidir. Bundan əlavə, təhsilin dayandırılmasının səbəbi göstərilməyən bir çox belə ərizələr var. Emiqrasiya ilə bağlı iqtisadi vəziyyət, müalicə üçün səyahət və xaricdə təhsilin davam etdirilməsi kimi hallar da müəyyən edilib. Həmçinin birinci sinifdə təhsil alan uşaqların valideynlərinin övladlarının məktəbə hazır olmadığına görə şagird statusunun dayandırılması ilə bağlı ərizə verməsi də vurğulanıb”, – hesabatda yazılıb.
Xalq Müdafiəçisi Gürcüstanın təhsil və elm nazirindən valideynlərin və ya qanuni nümayəndələrin təqdim etdiyi ərizələr və sistematik davamiyyət əsasında Gürcüstanın Təhsil və Elm Nazirliyinin hazırladığı məktəbi tərk etmə statistikasını təkmilləşdirməyi və şagird statusunun dayandırılmasının real səbəblərini tələb edir. Bu tələb dəlillərə əsaslanmış təhsili tərk etmənin qarşısını almaq siyasəti aparmaq məqsədi daşıyır.
Xalq Müdafiəçisinin təhsil və elm nazirinə bu istiqamətdə ikinci tələbi belədir: şagird statusunun dayandırılması göstəricisinin artma səbəbləri hərtərəfli qiymətləndirilsin və həm mərkəzi dövlət, həm də yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq edərək şagirdlərin təhsildən kənarlaşdırılması risklərini azaltmaq üçün gələcək strategiya hazırlansın.
Xalq Müdafiəçisi Aparatının məlumatına görə, 2022-ci ildə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət ciddi şəkildə yaxşılaşmamış, üstəlik bir sıra istiqamətlərdə daha da pisləşmişdir.
Mənbə: edu.aris.ge