Milli Statistika Xidmətinin hesabatına əsasən, Gürcüstanda tələbələrin sayı 10,2 % artıb. Hesabatda bildirilir ki, 2023-2024-cü tədris ilinin əvvəlində Gürcüstanda 62 ali təhsil müəssisəsi fəaliyyət göstərib, onlardan 19-u dövlət, 43-ü isə özəldir. Ali təhsil müəssisələrinin təxminən üçdə ikisi paytaxt Tbilisidə yerləşir.
Hesabata görə, 2023-2024-cü tədris ilinin əvvəlində Gürcüstanın ali təhsil müəssisələri 54,3 min tələbə qəbul edib, onlardan 32,4 mini dövlət universitetlərinə, 21,9 mini isə özəl universitetlərə qəbul olunublar. Tələbələrin qəbulu ötən ilin analoji göstəricisi ilə müqayisədə 8,4 faiz artıb.
Gürcüstanın ali təhsil müəssisələrində tələbələrin ümumi sayı 177,8 min nəfər təşkil edib, bu da əvvəlki tədris ili ilə müqayisədə 10,2 faiz çoxdur. Tələbələrin ümumi sayının 59,1 faizi dövlət ali təhsil müəssisələrində, 40,9 faizi isə özəl ali təhsil müəssisələrində təhsil alır. Tələbələrin ümumi sayının 51,2 faizini qadınlar, 48,8 faizini isə kişilər təşkil edir.
Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə ali təhsil müəssisələrini 26,3 min tələbə bitirib ki, bu da əvvəlki illə müqayisədə 2,1 faiz çoxdur. Məzunların 60,1 faizini qadınlar, 39,9 faizini isə kişilər təşkil edib. Dövlət ali təhsil müəssisələrində məzunların sayı özəl ali təhsil müəssisələrinin məzunlarının sayından 1,7 dəfə çoxdur.
Gürcüstanın ali təhsil müəssisələrində əcnəbi tələbələrin sayı 30,7 min nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 22,5 faiz çoxdur.
Məlumata görə, ali təhsil müəssisələrində 11,2 min professor-müəllim çalışır ki, bu da əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə 5,9 faiz çoxdur.
Hesabatda qeyd edilib ki, 2023-cü ildə ali məktəblərə qəbul olan doktorantların sayı əvvəlki illə müqayisədə 6,4 faiz artaraq 930 nəfər təşkil edib. Doktorantların ümumi sayı isə 1,9 faiz azalaraq 3569 nəfər təşkil edib.
Əvvəlki illə müqayisədə doktorantura pilləsini bitirənlərin sayı 3 faiz azalaraq 521 nəfər olmuşdur.
Mənbə: bpn.ge