Gürcüstanın təhsil, elm və gənclər nazirinin əmri ilə peşə təhsili proqramlarına qəbul qaydaları və şərtləri təsdiq edilib. Bu sənəddə həmçinin milli azlıq nümayəndəsi olan peşə proqramı tələbələrinin statusunun dayandırılması və bərpası yolları da qeyd olunub.
Sənədə əsasən, 2026-cı ildə peşə proqramlarına qəbul məqsədilə seçimlər milli azlıqların dillərində (Azərbaycan, rus və ya erməni dillərində) də həyata keçirilə bilər. Peşə təhsili müəssisəsi bu qayda ilə qəbul olunmuş tələbəyə proqramda nəzərdə tutulmuş dil kompetensiyasını müəssisənin fərdi qiymətləndirmə mexanizmləri vasitəsilə sübut etdiyi təqdirdə gürcü dili modulunu keçmədən birbaşa ixtisas təhsilinə başlamaq icazəsi vermək hüququna malikdir.
Əks halda, müəssisə bu yolla qəbul edilmiş tələbələr üçün tədrisə mütləq gürcü dili modulu ilə başlamalıdır. Gürcü dili modulunu uğurla tamamlaya bilməyən şəxsin peşə proqramı tələbəsi statusu dayandırılır.
Peşə proqramı tələbəsi statusu hansı hallarda aktivləşdirilir?
Gürcü dili modulunu uğurla başa vurduğu təqdirdə, tələbə keçid (gözləmə) statusundan yararlanır və aşağıdakı hüquqlara malikdir:
1. Qəbul olunduğu eyni proqram üzrə təhsilini davam etdirmək. Bu zaman şəxsi ərizə əsasında, növbəti qəbul dövründə həmin proqrama qəbul olan yeni tələbələr dərslərə başlayan kimi status aktivləşdirilir;
2. Mobillik hüququndan istifadə etmək. Şəxsi ərizə əsasında və ya statusun bərpasından sonra eyni proqramda təhsili davam etdirmək mümkün olmadıqda, şəxs “Peşə tələbələrinin mobillik qaydaları”na uyğun olaraq daxili və ya xarici mobillikdən yararlana bilər;
3. Əldə etdiyi hüquqi vəziyyəti qoruyub saxlamaq.
Mənbə: edu.aris.ge