“Məktəbdə uşaq hüquqları” – Gürcüstan Xalq Müdafiəçisinin BMT-nin Uşaq Fondu ilə əməkdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılan, şagird və uşaqlar üçün məktəb həyatında mühüm məlumatı əhatə edən nəşri belə adlanır.
Nəşri olduğu kimi sizə təqdim edirik:
Məktəbdə öz hüquqlarımı necə qoruyum?
Məktəb uşaqların çox vaxt keçirdiyi bir məkandır. Ona görə məktəbdə hər bir uşaq üçün təhlükəsiz və xoş mühit olması mühümdür. Unutma ki, hər yerdə olduğu kimi, məktəbdə də sənin hüquqların var.
Ola bilsin, məktəbdə həmyaşıdlarının, yuxarı sinif şagirdlərinin, müəllimlərin və ya başqa adamların sənin hüquqlarını tapdalamaq istədiyini hiss edəsən. Əgər hesab edirsənsə ki, məktəbdə sənin hüquqların pozulub, məsələn:
• Böyüklər sənin istəyini, fikrini nəzərə almadan sənin haqqında qərar qəbul ediblər;
• Alçaldılma, bullinq qurbanı olubsan;
• Yaşadığın yerə, dilinə, dininə, hansısa fikrinə və ya başqa səbəbə görə sənə fərqli davranırlar.
Belə hallarda fənn müəlliminə, sinif rəhbərinə, mandatura, məktəb direktoruna müraciət edə, öz narahatlığını bildirə, hüquqlarının qorunmasını tələb edə bilərsən.
Həmçinin əgər məktəbdə sənin hüquqlarının pozulduğunu düşünürsənsə, məktəbin İntizam Komitəsinə müraciət edə bilərsən.
“Disiplin” sözü öz mənbəyini latın dilindən götürür və məsləhət vermək, yetişdirmək deməkdir.
Məktəbdə müəllimlərdən, valideyn və şagirdlərdən ibarət qrup var. Bu qrup İntizam Komitəsi adlanır. Komitə şagirdlərin, müəllim və ya məktəbdə işləyən digər şəxslərin məktəb qaydalarına əməl edib-etməməsinə nəzarət edir.
Uşaqlar əksər hallarda komitəni kiçik məhkəmə da adlandırırlar. İntizam Komitəsinin necə işlədiyini bilmək istəyirsinizsə məktəbinizin nizamnaməsi ilə tanış ola bilərsiniz. Nizamnamədə şagirdlərin, müəllimlərin, direktorun hüquq və vəzifələri yazılıb. Nizamnamə məktəbdə hamıya əlçatan yerdə asılmalıdır ki, hamı onunla asanlıqla tanış ola bilsin. Həmçinin məktəbdən nizamnamələrin sizə verilməsini xahiş edə bilərsiniz və məktəb onları sizə təhvil verməyə borcludur.
Məktəbin İntizam Komitəsinə necə müraciət edəcəyinizlə maraqlanırsınız?
Adınızı və soyadınızı qeyd etməklə məktəbin İntizam Komitəsinə ərizə yazın. Başınıza gələn əhvalatı, hüquqlarınızın pozulub-pozulmamasını, narahatlığınızı, şikayətinizi və bu kimi zəruri hesab etdiyiniz digər məlumatları ərizədə qeyd edin.
Ərizəni kimə verməlisiniz?
Ərizəni məktəb rəhbərliyinə aparmalı və İntizam Komitəsinə müraciət etdiyinizi bildirməlisiniz. Administratordan ərizənizin nömrəsini soruşun və bu nömrəni yadda saxlayın!
Bundan sonra nə baş verir?
Bundan sonra İntizam Komitəsi müraciətinizi oxuyacaq. İntizam Komitəsinin üzvləri də sizinlə danışacaq. Bu zaman ərizənizdə yazılan əhvalatı daha ətraflı danışa biləcəksiniz. Komitə üzvləri ilə söhbət zamanı valideyn, vəkil, psixoloq, sosial işçi yanınızda ola bilər.
Öz əhvalatınızı etibar və sizə kömək edəcəyinə ümid etdiyiniz yaşlı bir insana da danışa bilərsiniz və ondan məktəbə gedərək İntizam Komitəsində sizin probleminizi müzakirə etməyə köməklik göstərməsini xahiş edə bilərsiniz.
İntizam Komitəsi nə edəcək?
İntizam Komitəsi sizi dinlədikdən sonra qərar qəbul edəcək. Komitə bu qərarı yazmalı və sizə verməlidir.
İntizam Komitəsi hansı qərarı qəbul edə bilər?
İntizam Komitəsi sizin fikirlərinizə uyğun və ya əksinə, razılşamayacağın qərar qəbul edə bilər.
Qərar qəbul edən zaman Komitə bu qaydaları nəzərə almalıdır:
• Məktəbdə hamının hüquqları bərabər qorunmalıdır. Məktəb qaydalarına hamı riayət etməlidir, şagird və müəllimin azadlığına, ləyaqətinə hörmət etməlidir;
• İntizam Komitəsi məktəbin daxili qaydalarına uyğun hərəkət etməlidir və ədalətli olmalıdır;
• Komitə baş vermiş hadisəni və ərizəçinin fikirlərini ətraflı öyrənməlidir. Komitənin qərarı niyə qəbul etdiyi aydın şəkildə yazılmalıdır.
İntizam Komitəsi şagirdə, müəllimə və ya məktəbdə işləyən digər şəxsə qarşı töhmət, şiddətli töhmət, xəbərdarlıq və ya sərt xəbərdarlıq kimi qərar qəbul edə bilər.
Həmçinin Komitə şagirdə məktəbə faydalı iş görməyi və s. tapşıra bilər.
Məktəb öz qərarı barədə uşağın valideyninə təcili surətdə məlumat verməlidir.
Məktəb uşağın və onun təhlükəsizliyinin qayğısına qalmalıdır.
İntizam Komitəsinin qərarı ilə razılaşmasanız nə edə bilərsiniz?
İntizam Komitəsinin qərarı ilə razı deyilsinizsə Qəyyumlar Şurasına müraciət edə bilərsiniz. Qəyyumlar Şurası məktəbdə daha çox insanın birləşdiyi bir komandadır. Qəyyumlar Şurası İntizam Komitəsinin düzgün qərar verib-verməməsinə baxacaq. Qəyyumlar Şurası İntizam Komitəsinin səhv qərar qəbul etdiyinə inanarsa, bu qərarı ləğv edəcək. Əgər İntizam Komitəsinin düzgün qərar verdiyini düşünərsə, onu dəyişməyəcək.
Bunları da bilsəniz yaxşı olar:
• Qəyyumlar Şurası məktəb qaydalarını və qanunlarını pozduğuna görə direktoru işdən çıxara bilər;
• Qəyyumlar Şurası məktəb direktorunun qərarları ilə bağlı şikayətləri də müzakirə edəcək;
• Direktorun müraciəti əsasında Qəyyumlar Şurası da müəllimi işdən azad edə bilər.
Məktəblə bağlı problemləri həll etmək üçün birbaşa Təhsil, Elm və Gənclər Nazirliyi ilə də əlaqə saxlaya bilərsiniz. Bunun üçün məsələnin əvvəlcə İntizam Komitəsində müzakirəyə çıxarılması vacib deyil.
Nazirlikdə Daxili Audit Şöbəsi fəaliyyət göstərir. Burada işləyənlər məktəbə baxış keçirir, hətta ora gedib məktəbdə uşaq hüquqlarının qorunub-qorunmadığını qiymətləndirirlər. Əgər həmin şəxslər məktəbdə uşaq hüquqlarının qorunmadığını düşünərlərsə, uşaq hüquqlarının müdafiəsi üçün necə davranmalı olduqlarını yazılı şəkildə bildirəcəklər.
Təhsil, Elm və Gənclər Nazirliyi ilə necə əlaqə saxlamaq olar?
• Ünvan: Tbilisi şəhəri, Dimitri Uznadze küçəsi, №52;
• Nazirliyin qaynar xətti: 032 2 20 02 20;
• Suallarınızı Facebook.com/mesGeorgia və ya pr@mes.gov.ge ünvanına yazıb göndərə bilərsiniz;
• Nazirliyin Daxili Audit Xidmətinin qaynar xətti: 032 2 20 02 20 və daxili nömrəsi: 1150.
Məktəbdə baş vermiş insidentlə bağlı siz Gürcüstanın Xalq Müdafiəçisi ilə də əlaqə saxlaya bilərsiniz. Ombudsman sizin hekayənizi öyrənəcək və hüquqlarınızı qorumağa kömək edəcək.
Gürcüstanın Xalq Müdafiəçisinə necə müraciət etmək olar?
• Ünvan: Tbilisi şəhəri, D.Ağmaşenebeli küçəsi, №80;
• Qaynar xətt: 1481;
• E-poçt: info@pdo.ge və ya feysbuk: https://www.fb.com/OmbudsmanofGeorgia/
Mandaturlar da məktəbdə uşaqlar üçün təhlükəsiz şəraitin yaradılmasına çalışırlar. Siz Mandatur Xidmətinə, həmçinin onlayn və ya ofisə müraciət edərək psixoloqun xidmətlərindən yararlana bilərsiniz.
• http://mandaturi.gov.ge/contact;
• Ünvan: Tbilisi şəhəri, M.Aleksidze küçəsi, II döngə, №2;
• Telefon: 032 2 20 02 20 (daxili nömrə 3335);
• Mandaturun psixososial xidmətləri: 08 00 00 00 88.
Fikrinizcə Məktəb Komitəsi və ya Qəyyumlar Şurası tərəfindən qəbul edilmiş qərar ədalətsiz və əsassızdırsa, məhkəməyə müraciət edə bilərsiniz.
Mənbə: “edu.aris.ge”.
Gürcü dilindən tərcümə etdi: Aynurə ƏLİYEVA