Düşünürəm ki, əsaslı təmirdən keçmiş hər bir məktəbin mütləq dərs kabineti vardır, necə ki, bizim məktəbin. Bu kabinetlər tədris olunacaq fənn üçün lazım olan bütün ləvazimatlarla təchiz olunaraq dərsin orada keçilməsi üçün nəzərdə tutulmuşdur. Bunların içində ən maraqlısı isə kimya, fizika və biologiya kabinetləridir. Çünki əgər bu sahələrlə bağlı hər hansı işdə işləmiriksə və ya işləməyi düşünmürüksə, onda buradakı ləvazimatlarla həyatda ya heç qarşılaşmırıq, ya da onlara çox az təsadüf edirik.

 

İş burasındadır ki, məktəblərdə bu kabinetlərdən az istifadə olunur. Məsələn, biz 9-cu sinifdə oxuyanda biologiya kabinetinə yalnız bircə dəfə “Dayaq-hərəkət sistemi” adlı paraqrafda “İnsan skeleti” dərsini keçdiyimiz zaman getmişdik. Onda da skeletin üstündə durduğu avadanlığın təkərlərinin biri qırıq olduğuna görə onu sinfə gətirmək mümkün olmadığı üçün getmişdik. Bəlkə də həmin dərs bu günə qədər keçdiklərimizin içində ən maraqlısı idi. Çünki ancaq kitabda şəkillərini gördüyümüz hər şeyin maketi mövcud idi. İnsanda böyük bir marağın yaranmasının qarşısını almaq mümkün deyildi. Buna görə də həmin dərs maketləri ələ alaraq müəllimə ən çox sual verilən, ən çox səs-küy yaranan, əksəriyyətin diqqətinin əsas dərsdən (insanın skeleti) yayındığı, gözü müəllimdə, fikri başqa yerdə olduğu dərs olmuşdu. Hələ dərsin sonunda oğlanların hamısı skeletlə şəkil belə çəkdirmişdi. Bəlkə o gün skeletin yerinə canlı məşhur bir adam olsaydı bu qədər şəkil çəkdirən olmazdı. Və bütün bunları görən müəllim bizi bir daha buraya gətirməmək haqqında “qərar” qəbul etmişdi. Belə də oldu. Həmin dərs bizim o kabinetdəki ilk və son dərsimizdir.

 

Fizika və kimya kabinetlərində isə daha çox dərs keçmişik. Hər biri də bir-birindən maraqlı. Lakin oxşar hadisələr burada da yaranıb. Yenə bu kabinetlərdə də bir çox ləvazimatlar marağımızı cəlb edirdi. Hamı onlara toxunmaq, daha yaxından baxmaq istəyirdi. Kimya kabinetinə getməzdən əvvəl müəllim bizi əvvəlcədən məlumatlandırmış, davranış qaydaları haqqında söhbət etmişdi. Elə girişdə də bu qaydalar hamını oxuya biləcəyi böyüklükdə hərflərlə yazılmışdı. Müəllim bir dəfə yenə onların üstündən keçib dərsə başlamışdı. Amma yəqin uşaqlar bunun tam fərqinə vara bilməmişdilər ki, yenə də ləvazimatları əllərinə almaq istəyirdilər. Müəllim toxunmayın dedikdə: – Qorxmayın  müəllim, sındırmaram – kimi sözlər eşitmişdi. Müəllim isə cavabında: – Onun sınmasından yox, sənin zərər çəkməndən qorxuram – deyirdi. Bir daha xəbərdarlıq etdikdən sonra dərsə davam etmişdik.

 

Fizika kabinetində kimyəvi maddələr olmasa da kimya kabineti ilə ortaq nöqtəsi öz ətrafında 360 dərəcə fırlanan stullardır. Bir də baxırsan dərsin ortasında bəzi uşaqlar başladılar fırlanmağa. Bu da insanı qıcıqlandırmağa və dərsi pozmağa yetərlidir. Amma bu hal o qədər də uzun çəkmir və davam edirik dərsə.

 

Buradan da məlum olur ki, bir çox şagird, hansı ki, əksəriyyəti oğlanlardır, dərs kabinetlərində özlərini idarə etməyi bacarmırlar və bunun nəticəsidir ki, 3 il bundan qabaq yalnız üstündə durduğu avadanlığın təkərlərinin biri qırıq olan skelet bu gün “şikəstdir”.

 

İş belə olduqda müəllimi də qınamaq olmaz. Çünki onları narahat edən ləvazimatın sınması deyil, şagirdin xəsarət almasıdır. Amma bunun qarşısını almağın tək yolu “siz kabinetdə özünüzü apara bilmirsiniz” deyib şagirdləri bir daha buraya gətirməmək deyil. Müəllimlər başa düşməlidirlər ki, uşaqların belə davranmağının əsas səbəbi maraqdır.

 

Maraq insan deyilən varlığın dünyaya gəldiyi gündən sahib olduğu ən mühüm xüsusiyyətidir. Onun sayəsində çoxlu kəşflər olmuş, elm bu qədər inkişaf etmişdir. Uşaqlara kabinetdə gördükləri bütün bu ləvazimatlar maraqlı gəldiyi üçün buradakı dərslər bu cür keçir. Ona görə də əvvəlcə, nənəm demiş, onların “gözlərinin qurdunu öldürmək” lazımdır. Ən azı dərsin mövzusuna uyğun ləvazimatların bəzilərini sinfə gətirib dərsi bunlar üstündə keçməlidirlər. Yoxsa ildə bir dəfə gələn böyük endirim kampaniyası kimi ancaq bir dəfə aparıb göstərdikdə gözlənilən keyfiyyətdə dərs keçmək, əlbəttə, mümkün olmayacaqdır. Belə olsa bəlkə çox sayda uşağı dərsə cəlb etmək olar. Bir də kabinetə getmək üçün  uşaqların ancaq 9-cu, 10-cu sinfə çatmasını gözləmək lazım deyil. Onsuz da bunun o qədər də bir mənası olmur. Maraq insanı hər yaşda tapır.  Heç olmasa kabinetlərlə tanışlığa 7-ci sinifdən başlansa və bu, birdəfəlik və ya müvəqqəti bir hal olmasa uşaqlar da özlərini düzgün idarə edərlər. Əgər bu vəziyyət belə davam etsə, onda bu kabinetlər dərs keçmək üçün yox, hansısa yoxlama komissiyası gəldikdə adı çəkilmək üçün nəzərdə tutulan bağlı qapılara çevriləcəklər.

 

Çiyalə OSMANOVA