Deməli, bu tədris ilinin birinci semestrinin sonuna gəlib çatdıq. Cəmi bir neçə günə həm 2022-ni, həm də jurnalı bağlayırıq. Mən qarşıdan gələn Yeni il münasibətilə indidən hər kəsi təbrik edirəm. Bu il hamı üçün düşərli, uğurlu olsun!
İndi isə keçək əsas məsələmizə. Əvvəllər ilin bu zamanında dərs vaxtı gözləyirdik müəllimi ya kimsə çağırsın, ya da telefonuna zəng gəlsin, bayıra çıxsın ki, biz də tezbazar jurnala baxaq. Saniyələr içində oğrun şəkildə qiymətlərimizə baxıb semestr qiymətlərimizi hesablayardıq. Sonralar özümüzə yeni taktika tapdıq. Müəllimin stulunun qarşısındakı partada oturan şagirdlərə tapşırmışdıq ki, jurnalda filan nömrəli şagirdik, bax gör müəllim neçə yazacaq. İndisə jurnallar onlayn rejimindədir və hamı nə vaxt istəsə daxil olub qiymətlərinə baxa bilər. Amma ərz etmək istədiyim məsələ jurnallar deyil, jurnala yazılan qiymətlər, bu qiyməti alanlar və yazanlardır.
Hələ 15-20 il qabaq qiymətləndirmə 2-5 arası, indisə 2-10 bal arasında aparılır. O vaxtlar 5 almaq üçün çox əlləşirlərmiş. Düşün, internet yox, əlavə məlumatı əldə etməyin tək yolu kitab oxumaq, işıqlar da çox vaxt olmur (özlərinin dediyinə görə). Bu gün əvvəllər əla sayılan 5 qiyməti 10 balla əvəz olunub. Ən böyük fərqi isə ondadır ki, 10 almaq 5-ə nisbətən daha asandır. Cəmi üç şərt daxilində bu qiymətə sahib olmaq mümkündür:
1. Varlı olmaq;
2. Müəllim övladı (nəvəsi) olmaq;
3. Əzbərçi olmaq.
Varlı şəxsin övladı olmaq şagirdin günahı deyil, ancaq pulla əla qiymətləri almaq onun bədbəxtliyidir və tarixi yəqin ki, çox qədim olar. Şükürlər olsun ki, bizim məktəbdə heç rast gəlinməyib, olmasın da.
Qaldı ki, müəllim övladı olmağa, əgər məktəbin konstitusiyası olsaydı yəqin birinci və ən önəmli maddəsi “Müəllim övladlarına, nəvələrinə, məktəbdə təhsil alan bütün nəslinə 11-12 illik təhsil həyatında 10 yazılmalıdır” olardı. Bir də, belə bir məsələ var ki, müəllim övladları hər fənni, özəlliklə ana-atasının və ya nənə-babasının keçdiyi dərsləri mükəmməl bilməlidir. Onun bir fəndən zəif olması, ya da riyaziyyat müəlliminin övladının musiqiyə daha çox üstünlük verməsi yolverilməzdir. Sanki onlar Harri Potter kimi qeyri-adi bacarığa sahib olmalıdırlar. Belə baxanda müəllim övladı olmaq da çətin məsələdir.
Son zamanların ən məşhur, ən asan, pulsuz və daydaysız 10 almağın yolu dərsi əzbərləməkdir. Elə-belə əzbərləmək demirəm haa, hərf-hərf, cümlə-cümlə əzbərləməkdən gedir söhbət. O dərəcə əzbərləmək ki, cümlədə “amma” yerinə “ancaq” deməyəsən. Şeiri, qəzəli əzbərləməyi demirəm, 4-5 vərəqlik tarix dərsini, dastanın ixtisarla verilmiş boyunu (qolunu) əzbərləyirlər. Əlavə məlumat dursun bir yana, cümlədə əlavə söz belə işlətmirlər. Bəzi müəllimlər belələrinə siz digər uşaqlardan daha çox əmək çəkirsiniz deyib 10 yazır, bəziləri isə əzbərçiliyin mənfi tərəflərindən danışıb orta qiymətləndirirlər. Semestr gələndə isə axırıncı dəfə 15 sentyabrda məktəbə gələn valideyn gəlib müəllimin başının üstünü kəsdirir ki, mənim uşağım otağa girib saatlarla dərs oxuyur, amma sən ona yaxşı qiymət yazmırsan. Elə bir vəziyyət yaradır ki, müəllim yazıq da məcbur qalır yüksək qiymət yazmağa. Elə bu bir neçə günlərdə övladının yeni sinfinin neçənci mərtəbədə olduğunu bilməyən valideynlər məktəbdə görünməyə başlamışdılar.
İndi bir neçə gün sonra semestr qiymətləri açıqlanacaq və kimin 10 aldığı, kimin sinifdə qaldığı (bu nadir hallarda baş verir) bəlli olacaq. Əlbəttə, hər bir şagird, valideyn, müəllim istəyər ki, hamı yaxşı oxusun, əlaçı olsun, savadlı gənclər yetişsin. Amma bu o demək deyil ki, hamı 10 almalıdır, hər fənni dərindən mənimsəməlidir. Hamının hər şeyi mükəmməl bildiyi, bacardığı bir dünya isə bildiyim qədər mövcud deyil. İçi mən qarışıq elə şagird yoxdur ki, hər dərsi 10-a layiq bilsin, kimi humanitar fənləri, kimi də riyazi fənləri yaxşı oxuyur. Bir fəndən 8-9 almaq dünyanın sonu demək deyil, qiymət davası döymək lazım deyil. Əsas olan savaddır, həqiqi savad; rüşvətlə, qohumluq əlaqəsi ilə, əzbərçiliklə qazanılan savad yox. Savaddan əvvəl isə tərbiyə gəlir. Məncə, gələcəyə saxta savada malik olan gənclər yox, həqiqi savada malik olan, tərbiyəsi yerində olan gənclər lazımdır. Ona görə də savadsızlıq dəryasına yeni su çuxurları açmaq lazım deyil. Məktəbdə alınan qiymətlər ancaq kağız üzərində qalacaq, bizi sahib olduğumuz savadla, ağılla məktəbdən yola salacaqlar.
Çiyalə OSMANOVA