Gürcüstan Statistika Xidmətinin 2024-cü ilin mart ayına olan göstəricilərinə əsasən, 2086 ictimai məktəbdən 1807 məktəbdə tibb işçisi var. Bu barədə Gürcüstan parlamentinin hazırladığı hesabatda yazılıb. Hesabat Gürcüstanın təhsil müəssisələrində sanitar-gigiyenik və məktəb həkimləri normasının qorunması təcrübəsi, mövcud problmelərlə bağlıdır.

 

Təhsil, Elm və Gənclərin İşi üzrə Komitənin araşdırmasına əsasən, kadr çatışmazlığına görə məktəblər başqa yerdə işləyən mütəxəssisləri işə götürməli olurlar, onlar isə məktəbdə şagird üçün vacib olan zamana qədər qala bilmirlər.

 

“İctimai məktəbdə tibbi heyət – həkim və ya tibb bacısı işə cəlb olunur, bütün özəl məktəblərin isə tibbi xidməti var. Ümumi hesabda məktəblərin 87 %-də məktəb həkimi və tibbi kabinet var. Ancaq məktəblərdə yeni vakansiyaların yaranması (həkim/tibb bacısı) kadr çatışmazlığına səbəb olub. Çünki həkimlərin əksəriyyəti bir neçə yerdə işləyir. Məktəb lazımi kadrı tapa bilməyəndə, məcbur olur ki, artıq işlə təmin edilmiş, paralel işləmək istəyi olan namizədi qəbul etsin. Baxmayaraq ki, şagirdin məktəbə girməsindən məktəbdən çıxmasına kimi həkimin/tibb bacısının məktəbdə olması vacibdir.

 

2023-cü ilin noyabr ayına olan göstəricilərə görə, 326 ictimai məktəbdə vakansiya elan edilmişdi (əksər hallarda yüksək dağlıq məntəqələrin, kəndlərin ictimai məktəblərində çatışmazlıq var)” – hesabatda yazılıb.

 

Tibb işçisinin iş saatlarında hansı öhdəliklər daşıması sərəncamla tənzimlənir və siyahı kifayət qədər genişdir. Araşdırmada başqa yerdə işləməklə yanaşı məktəbdə də işləyən tibb işçisinin bu öhdəlikləri necə yerinə yetirməli olduğu isə qeyd olunmayıb:

 

• Məktəbdə şagirdin sağlamlığını qoruyur;

•Şagirdin yaşına uyğun riskləri nəzərə almaqla onun inkişafını müşahidə edir və lazım gəldikdə mütəxəssisə müraciət edir;

•  Xəstəliklərə qarşı tədbirlər həyata keçirir;

• Məktəbdə şagirdlərin xroniki xəstəliklərinə nəzarət edir;

• Təcili tibbi yardım gələnə qədər şagirdlərə və məktəb işçilərinə ilk tibbi yardım tədbirlərini həyata keçirir;

• Məktəb rəhbərliyi ilə birlikdə qanun və qaydaların tələblərinə uyğun olaraq su, kanalizasiya/gigiyena və qida blokunun işinə nəzarət edir;

• Maarifləndirici tədbirlər həyata keçirir.

 

Tədqiqat müəlliflərinin iki tövsiyəsinin məktəbin tibb işçiləri ilə, xüsusən də, onların imkanlarının gücləndirilməsi ilə bağlı olması əlamətdardır:

 

1. Məktəb həkimi/tibb bacısı üçün lazım olan xüsusi peşə bacarıqlarını gücləndirmək üçün xüsusi davamlı peşə təhsili proqramı inkişaf etdirilməli və onların mərhələli şəkildə hazırlanması həyata keçirilməlidir;

 

2. Məktəb həkiminin təhsili və təcrübəsi üçün məcburi tələblərin siyahısı genişləndirilməli və məktəb həkiminin əməkhaqqı siyasəti qiymətləndirilməlidir.

 

Tematik tədqiqatda iştirak edən 86 ictimai məktəbdən 8 məktəbdə tibb işçisi yox idi.

 

“Məktəb tibb işçilərinin bölgü prinsipi şagirdlərin sayına və tədris binalarına uyğun olaraq müəyyən edilir. Böyük kontingenti olan məktəblərdə tibb işçilərinin olması məcburidir, şagirdlərin sayı az olan məktəblərdə, məsələn, dağlıq kəndlərdə tibbi xidmətin göstərilməsinin alternativ yolları, sanitar-gigiyena və tibbi maarifləndirmə işlərində kənd həkiminin xidmətinə icazə verilir. Ancaq yuxarıda qeyd olunan hal mümkün olmadıqda ərazi yaxınlığı prinsipi əsasında hər birində şagird sayı 50 nəfərdən az olan iki məktəb seçilə və bir tibb bacısının/həkimin həftənin günlərinə əsasən və ya məktəblərin ehtiyaclarına uyğun olaraq tərtib edilmiş cədvəl üzrə öhdəliyi müəyyən olunmuş növbətçiliklə yerinə yetirə bilər” – parlamentin araşdırma sənədində yazılıb.

 

Hesabatda neçə məktəbdə həkim kabinetlərinin yaradıldığı qeyd olunmayıb. Maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze hələ 2021-ci ildə deyirdi ki, əgər 2022-ci ildə olmasa, 2023-cü ilin sonunda məktəblərin 90 %-dən çoxunda həkim kabineti olacaqdır.

 

Mənbə: edu.aris.ge