Son günlərdə üst-üstə baş verən milli mübahisələr, diskriminasiyalar bizi də məcbur etdi ki, bu çaxnaşmalar haqqında danışaq. Gürcüstan tarix boyu çoxmillətli dövlət olub. Heç kim deyə bilməz ki, Borçalı türkmənləri gəlib burada havayı torpaq sahibi olublar. 1121-ci ildə Didqori müharibəsi qıpçaqların köməyi ilə qazanılıb. 1780-ci ildə Aspindza müharibəsi Xudu Borçalının və Borçalı silahlı birliklərinin köməyi ilə qazanılıb, 1795-ci ildə Uplisçixe, Qori kimi rayonları Xudu Borçalı Ağa Məhəmməd şah Qacarın ordularından qoruyub və dağıdılmasına icazə verməyib, 2-ci İraklinin Dağıstanlılarla mübarizəsində Borçalı-Qazax türkmənləri daim yanında olub, 1917-ci ildə ermənilər Cənubi Gürcüstana hücum edəndə Emin Ağa Acalov öz dəstəsi ilə onları geri çəkilməyə məcbur edib, Apxaziya konfliktində və 2008 müharibəsində borçalılar aktiv iştirak ediblər. Bu gün də könüllü olaraq, tərəddüdsüz Borçalı balaları hərbi xidmətə yollanırlar.
Gürcüstanın dövlətçiliyi, azadlığı, ərazi bütövlüyü üçün borçalıların etdiyi bu qədər fədakarlığın qarşılığı 16 yaşında gəncə “niyə gürcü dili bilmirsən” bəhanəsi altında şillə vurmaq olmamalıdır. Bu dövlətin bərqərar olması üçün can verən, qan verən Borçalı türkmənlərinə bu cür münasibət qeyri-insanidir və şovinizmdir. Əlbəttə ki, dövlət dilini hamımız bilməliyik, amma bilmir deyə bir insanı təhqir etmək, üzərinə silah çıxarmaq dövlətimizin adına ləkə gətirən hadisələrdir. Bu cür hadisələrə dövlət zəmin yaratmamalıdır. Dil bilməyən insanları günahlandırmazdan əvvəl gəlin məktəb yetərsizliklərindən, təhsilin, tədrisin çöküşündən danışaq.
Universitetlər 1 il gürcü dilində hazırlıq kursunu 2250 lari qarşılığında tədris edir. Maddi imkanı olmayan gənc dövlət dilini necə öyrənsin? Bu gün elə ailələr var ki, maddi ehtiyac ucbatından orta məktəbi bitirməmiş gənclər işləməyə məcbur qalırlar. Necə kimisə qınaya bilərik ki, dövlət dilini niyə bilmirsən? Yaxud niyə uğur qazananları, dövlət universitetlərində gürcülərdən belə daha yüksək nəticələr əldə edənləri, uğurlu həkimləri, müəllimləri, polisləri, vəkilləri görmürük, şirniyyat mağazasında işləyən bir gənci hədəf alırıq? 16 yaşında uşaq ehtiyac ucbatından haradasa işləyirsə onun ehtiyacı ilə maraqlanmalıyıq, dil bilməsi ilə deyil. Dövlətimizi də bu cür düşünməyə səsləyirik ki, milli zəmində yaranan bu mübahisələr onun adına ləkə gətirməsin.
İkinci tərəfdən isə günah bizim özümüzdədir. Çünkü biz cəmiyyət olmağı bacarmırıq, bir gəncimizi hansısa şovinistdən qorumağı bacarmırıq. Qıraqdan durub tamaşa etməyi və sosial şəbəkələrdə “yaxşı edib vurub, gürcü dilini bilməlidir” kimi mənasız rəylər bildirməyi bacarırıq. Küçələrdə dava salıb bir-birimizi qırmağı bacarırıq, amma 16 yaşlı bir gəncimizə şillə vurana heç nə edə bilmirik. Deməli, günahın böyük payı özümüzdədir.
İndi seçkilər gəlir, əksəriyyətimiz gözünü yumub hansı tərəf yaxşı pul versə o tərəfə yıxılacaq. Azad bir insanın azad bir mövqeyi olmalıdır. Şəxsiyyət tam rahat şəkildə iqtidarın tərəfində dura bilər və yaxud müxalifətçi ola bilər. Lakin hansı tərəfin pul verməsinə baxıb, səsini ona satırsa, mən o insana şəxsiyyət demirəm. Bütün bunlar bizim cəmiyyətimizin sağlam təfəkkürlü olmamasından yaranır. Biz sağlam baş ilə düşünüb mövqeyimizi seçə bilmirik. Hər seçkidə cəmiyyətimizin problemlərini dövlətin qarşısına qoymaq əvəzinə dövlətdən pul güdürük, özümüzü yazıqladaraq diqqət çəkməyə çalışırıq. Sağlam, fiziki iş qabiliyyəti olan kişilərimiz var ki, dövlətdən sosial yardım tələb edir. Dövləti heç nədə qınamaq olmaz. Hər vəziyyətə özümüz özümüzü salırıq. Dilinin, dininin, dövlətinin, cəmiyyətinin, kimliyinin qayğısını çəkən sağlam gənclərimiz olmadıqca, hələ çox şillələr yeyəcəyik. Əziz Borçalı camaatı, səsinizi pula sataraq şəxsiyyətinizi itirməyin. Hər birimizin azad seçim haqqı var, kim hansı tərəfi müsbət bilirsə ona səs versin və səsinin arxasında dursun.
Cəlal YADİGARLI