Qafqaz qədim dövrlərdən demoqrafik strukturu ilə əsrarəngiz idi. Burada bir çox millətlər yaşayır, bir-biri ilə aktiv mədəni, siyasi, ticari əlaqələr qururdu. Qafqazın incisi olan Gürcüstan da bir çox millətin ortaq vətəni idi. Bu millətlərdən biri də Borçalı türkləridir. Borçalı tarixi illərdir ki, ixtilaflı olaraq hər tarixçiyə görə dəyişir. Bəzi alimlər Borçalıda türklərin avtoxton olduğunu, bəziləri isə buraya necə gəldiklərini yazır. Biz isə mənbələrə əsəslanan obyektiv bir məqalə hazırlamağa çalışacağıq.

 

Borçalı türklərinin tarixini öyrənmək üçün gürcü mənbələrinə üz tutmalıyıq. Türk sözü keçən ən qədim gürcü mənbəsi “Kartlis tsxovreba”dır. Bu əsər müxtəlif dövrlərdə, müxtəlif müəlliflər tərəfindən yazılıb. Mənbənin elə ilk hissələrində Böyük İsgəndərin Şərq səfərindən bəhs olunur. Mənbəyə əsasən, İsgəndər Qafqaza gəldi və gələrkən indiki Gürcüstanın Cənub-Qərbində, Çoroh çayı yaxınlığında bun türkləri ilə qarşılaşdı. Sonra isə İsgəndərin Kartli çarlığına müdaxilələrindən bəhs olunur. Mənbənin bu hissəsi olduqca ixtilaflıdır. Mənbə Kartli çarlığının qurulmasını da Makedoniyalı İsgəndərə bağlayır, amma bunu əksər alimlər qəbul etmir. Bu alimlərdən biri də Tbilisi Dövlət Universitetinin professoru və Gürcüstan tarixi kafedrasının sədri Tedo Dunduadır. Onun fikrincə, bu məlumat tamamilə əfsanədir. Makedoniyalı İsgəndər heç vaxt Qafqaza gəlməmişdir, onun yolu Xəzər dənizinin cənubundan olmuşdur. İsgəndərin Qafqaza gəlməsi haqqında başqa heç bir mənbədə məlumat yoxdur. Beləliklə, bun türkləri də ixtilaflı məsələ olaraq qalır. Çünki başqa heç bir mənbədə onlar haqqında məlumat tapılmır və sonrakı dövrlərdə də onların siyasi və ya mədəni mövqeyi haqqında heç yerdə bəhs olunmur. T.Dundua İsgəndərin Qafqaz səfəri kimi, bun türkləri məsələsini də əsassız və əfsanə sayır.

 

Obyektiv tərəfdən yanaşsaq, əgər bu məlumat həqiqətdirsə, onlar akınçı tayfalar ola bilərdi, yerləşib burada yaşayanlar deyil. Çünkü onların burada oturaq həyat sürən xalq olduğunu sübut etmək imkansızdır. Əgər onlar o dövrdə burada yaşayırdısa, bəs sonra hara getdilər?

 

“Kartlis tsxovreba”nın bu ixtilaflı məlumatından sonra 11-ci əsrə qədər Gürcüstanda türk kimliyinə rast gəlinmir. Mənbələrdə tam təsdiqi olan türk axınları Böyük Səlcuqlu dövləti ilə, konkret olaraq Sultan Alparslan ilə başlayır. İlk dəfə Səlcuqlular 1064-cü ildə Gürcüstana ayaq basırlar. Sultan Alparslanın əsas məqsədi Ani qalasını tutmaq idi və buna görə də Gürcüstanın strateji əhəmiyyətinə önəm verirdi. Səlcuqlular ilk Axalkalaki və Dmanisi qalalarını ələ keçirir. Sultan Alparslan dönəmində buraya türk əhali yerləşmir. Türklərin bura ailələri, sürüləri, çadırları ilə gəlməsi 1080-ci ildən başlayır. Bu hadisə “Kartlis tsxovreba”da “didi turkoba”, yəni “böyük türklük” adı ilə təsriv olunur. Mənbəyə görə, türklər yazda sürüləri ilə gəlib, payızda isə qayıdırdılar. Amma bir şeyi nəzərə almalıyıq ki, Dmanis kimi bəzi qalalar türklərin əlində idi. Tiflisdə Ərəb İslam Əmirliyi var idi. Yaylaqlara gələn türklər payızda qayıtsa da, axı o qalalarda qalan türklər getmirdi.

 

Səlcuqlulara qarşı mübarizəni Qurucu David (1089-1125) başladır və 1121-ci ildə Didqoridə Səlcuqlu ordusunu məğlub edir. Bundan əvvəl isə David Gürcüstana şimaldan qıpçaq türkləri gətirib yerləşdirir. Özü isə qıpçaq xanının qızı ilə evlənir. Mənbələr 40 min qıpçaq ailəsinin gəldiyini, onların sərhədyanı ərazilərə yerləşdiyini və hər ailədən bir əsgər gürcü ordusuna qatıldığını deyir. Qurucu David məhz qıpçaqların köməyi ilə səlcuqluları məğlub edir. Qıpçaqlar xristianlığı qəbul edir və gürcü cəmiyyətinə çox tez inteqrasiya olurlar. Maraqlıdır ki, mənbələr bu qıpçaqların sonrakı aqibəti haqqında heç nə demir. Amma gürcü mənbələri bunu nə qədər dansa da, aşkardır ki, qıpçaq türkləri Samtsxe-Cavaxeti bölgəsində qaldı, orada Samtsxe Atabəyliyini qurdu və indiki Axıska türklərinin babaları idi. Ancaq burada bəzi tarixçilər Borçalıda qıpçaqlarla oğuzların qarışdığını iddia edirlər. Bu fərziyyə tamamilə yanlışdır. Qıpçaqlar oğuzlara qarşı savaşırdı, xristianlığı qəbul etmişdilər (Osmanlı dönəmində müsəlman oldular) və səlcuqlu oğuzlarını gürcülər yavaş-yavaş cənubi Gürcüstandan çıxardı, qıpçaqlar isə gürcülərlə qaynayıb qarışmışdı. 15-ci əsrdə Bütöv Gürcüstandan ayrılaraq Samtsxe Atabəyliyini qurdular, ancaq onlarda türklük əlamətləri çox az qalmışdı, gürcüləşmişdilər. Qurucu David 1122-ci ildə Tiflisi aldıqda əhalinin çoxusu müsəlman idi. David cümə namazlarına qatılardı. Gürcülərə 5 dirhəm, müsəlmanlara isə 3 dirhəm vergi təyin etmişdi. Pul vahidinin üzərinə sultanın adını yazdırardı. Bu da Qurucu Davidin müsəlmanlara və türklərə toxunmadığının dəlilidir.

 

Çariça Tamara dövründə türklərin dövlət işlərində necə aktiv olduğunu mənbələr bizə göstərir. Qıpçaq türkü olan Qutlu Arslan Tamaraya qarşı üsyan qaldırır, yeni dövlət sarayı tikilməsini və orada özünün dövlət qərarlarında iştirak etməsini tələb edir. Unutmamalıyıq ki, söhbət xristian qıpçaqlardan gedir. Tamara dövründə indiki Azərbaycanın böyük hissəsi də gürcülərin əlindədir və tam oğuz əhali məskunlaşıb. Həmçinin Loredə (Dağ Borçalısı) və Dmanisi kimi qalalarda oğuzlar var, amma çox az.

 

Rusudan dövründə Gürcüstana Cəlaləddin Xarəzmşahın axınları başlayır. Xarəzmşahlar Tiflisi tutur. Aradan çox keçməmiş moğollar, Cebe və Subutayın orduları Gürcüstana gəlir. Moğolların işğalı dönəmində oğuzların taleyi haqqında mənbələr heç nə yazmır. Teymur Ləngin 8 yürüşünün heç birində də Gürcüstanda oğuzlardan bəhs olunmur. Ola bilər ki, moğol basqılarında oğuzlar buranı tərk etdi. Çünkü moğollar Gürcüstanı yaxıb-yandırmışdı. Gürcü əhali belə cənubi Gürcüstanı tərk edib dağlara çəkilmişdi.

 

Borçalıya oğuz axınının ikinci mərhələsi Ağqoyunlu dövləti ilə başlayır. Uzun Həsən gürcüləri məğlub etdikdən sonra 1 il içərisində vəfat edir və onun siyasətini oğlu Yaqub xan davam etdirir. Borçalının Kür yanı bölgələrinə Yaqub xan türkmən tayfaları yerləşdirir. Gürcü mənbələri Yaqub xanın ölümündən sonra 2-ci Konstantinin (1478-1505) türkmən tayfalarını tamamilə qovduğunu yazır. Ancaq aradan heç 20 il keçməmiş yeni böyük güc doğur – Səfəvilər. Şah İsmayıl gürcüləri məğlub edir, Tiflisi tutur, məscid tikdirir və türkmən axınlarının üçüncü mərhələsi başlayır.

 

Mənim subyektiv fikrimcə, Səfəvi dövründə Şah İsmayıl gürcüləri məğlub edərkən elə 2-ci Konstantinin qovduğu türkmənlər fürsətdən istifadə edib geri, Gürcüstana gəlirlər. Çünkü bilirik ki, Səfəvi dövlətinin rəsmi məzhəbi şiəlik idi və “şiələşdirmə” siyasəti aparırdı. Bu siyasət Səfəvi dövlətinin Şimalında aparıla bilmədi, əsasən indiki Azərbaycanın mərkəzi və cənubunda və İranda aparılırdı. Borçalıda yaşayan əhalinin 60 faizi sünni məzhəbinə mənsubdur. Bu da onu göstərir ki, bu türkmənlər elə Yaqub xanın gətirdiyi türkmənlərdir. Əgər onları Şah İsmayıl və ya Şah Təhmasib yerləşdirmiş olsaydı mütləq şiə məzhəbli olardılar. Qalan 40 faiz şiə məzhəbinə mənsub olan türkmənləri isə Şah Abbas yerləşdirir. Şah Abbasa qədər Gürcüstandakı türkmənlərin hamısı sünni məzhəbli olur və sırf fərqlənmək, sünni olduqlarını bildirmək üçün başlarına qızılbaş papağı deyil, sadə qara papaq taxırlar. “Qarapapaq” termini də elə buradan gəlir. Bu gün yanlış olaraq qarapapaq oğuzun bir boyudur və ya tayfadır kimi ifadələr işlədənlər var. Bu tamamilə absurddur və yalandır. Qarapapaq deyə bir boy yoxdur.

 

Şah Abbasa qədər gələn türkmənlərə gürcü mənbələri “თურქმანთა ელი” yəni “Türkmən eli” deyir. Amma Şah Abbasın gətirdiyi türkmənlərə „ბორჩალოს ელი“ yəni “Borçalı eli” ifadəsini işlədir. Borçalı termininin elə buradan yarandığını görürük. Şah Abbasa qədər türkmənlər Kür və Xram kənarında yerləşmişdilər. Kür yanında böyük Dəmirçihasanlı mahalı (indiki Rustavi yaxınlığında), Xram yaxınlığında isə Baydar mahalı var idi. Türkmənlər komplekt yaşayırdı və bu obaların əhalisi dövrə görə həddindən artıq çox idi. Şah Abbas dönəmində artıq Soğanlıq, Sarvan (indiki Marneuli, Qızılhacılı, Gorarxı, Candar və s.), Faxralı, Muğanlı və s. kimi kəndlər formalaşdı və Şah Abbas buraya yeni türkmən tayfaları köçürdü. Borçalıdakı şiə-sünni fərqi də məhz buradandır. Şah Abbasdan əvvəlkilər sünni məzhəbinə, Şah Abbasla gələnlər isə şiə məzhəbinə mənsub idilər. Şah Abbas dövründən sonra artıq Borçalı tam bir türkmən yurdu olmuşdu. O gündən bu günə elə Borçalı termini bu bölgənin adı olaraq qaldı.

 

Nadir şah dövründə artıq Borçalı Gəncə bəylərbəyliyinə daxil olan bir türkmən mahalı idi. Nadir şah Borçalı və Kaxetidə gürcü çarı Teymurazın və Ereklenin hakimiyyətini tanıdıqdan sonra Borçalı Kartli çarlığına daxil oldu və gürcülərlə ortaq mövqe tutmağa, ortaq siyasət yeritməyə, ortaq savaşlar etməyə başladı. Dəmirçihasanlı türkmənləri yaxın tarixdə indiki Borçalının fərqli bölgələrinə dağılaraq ayrı-ayrı kəndlər qurdular (Məsələn: Dmanisin və Bolnisin bəzi kəndləri, Kürüstü kəndlər, Qabal və s.).

 

Bəli, məqalədə Borçalıya türkmənlərin necə yerləşdiyini aydınlaşdırdıq. Borçalı türklərinin milli kimlik məsələsində də yanlışlara yol verməməliyik. Bu gün Borçalını qıpçaq adlandıranlar, ayrı bir boy adlandıranlar heç bir sübuta əsaslanmadan milləti parçalayırlar. Borçalılar oğuzdur, türkməndir, dil və mədəniyyət nöqteyi-nəzərindən Azərcaycan oğuz qrupuna daxildir. Unutmayaq ki, hamımızın bir ortaq adı var – türk. Bundan başqa iddia yersizdir və əsassızdır.

 

Biz Borçalıya türkmənlərin yerləşməsi haqqında danışdıq, Borçalı türkmənlərinin Gürcüstan tarixindəki rolu isə başqa bir mövzudur və çox maraqlıdır. Xüsusilə 2-ci Erekle dövründə borçalıların mövqeyi çox önəmlidir. Bu haqda başqa yazıda danışacağıq.

 

 

Mənbələr:

 

“ქართლის ცხოვრება” (“Kartlis tsxovreba”);

 

მარიამ ლორთქიფანიძე – “საქართველოს ისტორია” (Mariam Lordkipanidze – “Gürcüstan tarixi”);

 

ალექსანდრე ბოშიშვილი – “ქვემო ქართლის ეთნიკური და დემოგრაფიული სურათი, ისტორია და თანამედროვე მდგომარეობა” (Aleksandre Boşişvili – “Kvemo Kartlinin etnik və demoqrafik təsviri, tarixi və müasir durumu”);

 

“Səlcuqnamə”.

 

Cəlal YADİGARLI