Bu mövzu barədə çoxdan düşünsəm də, qismət indiyə – futbol üzrə Avropa çempionatı günlərinə, final fitinin eşidilməsinə bir neçə gün qalmışa təsadüf edir. Bu çempionat bizim üçün ölkəmizin qrupdan çıxaraq  səkkizdə bir oyunlarında iştirak etməsi ilə də əlamətdar oldu.

 

Bir cümləylə deyim ki, futbol kütləvi oyundur, kütləvi olduğu qədər də kütlələrin sevimli əyləncəsidir.

 

Mən yuxarıda bir neçə cümləylə ərz etdiklərimi bir kənara buraxıb müasir futbol barədə başqa bir baxış bucağından söhbət açmaq niyyətindəyəm.

 

Futbol futboldurmu və ya futbol təkcə idmandırmı? Futbol çoxdan futbol olmaqdan çıxıb. Futbol artıq on illərdir idmandan çox siyasi alət kimi çıxış edir. Bəzən bir ölkənin daxili və xarici siyasətinin əsas ünsürü rolunu oynayır.

 

Futbol böyük dünya təsərrüfatının tərkib hissəsidir.

 

Futbol biznesdir, həm də çox böyük bir ticarətdir.

 

Futbol bir ölkənin daxili ziddiyyətlərini dondurmağa, milli məsələni klublararası azarkeşlik səviyyəsinə qədər endirmək gücünə sahibdir. Çoxmillətli ölkələrdə milli məsələnin dozasını öldürmək üçün futbol oyunlarından bir platforma kimi istifadə olunması adi hal alıb. Bunun örnəyini biz İspaniyada, İranda görə bilərik. Əsas milli problemlər futbol vasitəsilə arxa plana keçirilir, milli təəssübkeşlik, milli mücadilə futbol meydançası ilə məhdudlaşdırılır. Milli klublarına tərəfkeşlik edənlərin millətçiliyi bəzən bu müstəvidən kənara çıxmır. Bir-iki örnək verim. Futbol insanları idarə etmək vasitəsidir. Cəmiyyətin enerjisini boşaltma yöntəmlərindən biridir. Çoxmillətli İspaniyanı idarə etmək üçün ucuz şərabla korrida qədər futbolun rolu da əvəzsizdir. İranda Təbrizin “Traxtor” komandasının Azərbaycan türklərinin milli enerjisinin kiçik bir sahəyə pərçimlənməsi üçün düşünülmüş layihə olduğunu söyləmək bir o qədər də çətin deyil.

 

Futbol və xarici siyasət bir-birindən ayrılmazdır. Belə olmasa prezidentlər, hökumət başçıları stadionlara niyə yol alır? Ən ümdə xarici səfərlərini təxirə salıb, ertələyənlər də olur. Bu da futbolun siyasətin ayrılmaz bir parçası olduğunu təsdiqləmirmi?

 

Müasir futbol adama quldarlıq cəmiyyətinin qladiator oyunlarını da xatırladır. Buna inanmanız üçün davamını yeni abzaslara keçirməli oluram.

 

Futbol klubları oyunçuları əlcək kimi dəyişir, istəyəndə satışa çıxarır, istəyəndə icarəyə verir. Biçarə futbolçu cınqırını da çıxara bilmir. Heyvan başından, insan dilindən demirlərmi? Onu dilindən bağlayıblar. Bir sürü adam ona göz dikib, onun qazancına ortaqdır – klub sahibindən tutmuş mərc oyunlarının aludəçisinə qədər. Klubla kontrakt imzalamış futbolçu klubun əmlakına, inventarına çevrilir. Klub onu hara qoysa orada durmaq, hara göndərsə ora getmək məcburiyyətini yaşamalıdır.

 

Qladiatorlar müharibələr zamanı ələ keçirilmiş hərbi əsirlər arasından seçilərək, Roma vətəndaşlarını əyləndirmək, onların kütləvi psixioz keçirmələrini təmin etmək üçün xüsusi təlim keçmiş döyüşçülər idilər. Bu gün Fransanın, Niderlandın, İngiltərənin, hətta Almaniyanın futbol komandalarına diqqət yetirsək, elə bil Afrika ölkələrindən birinin komandasını görürük. Afrika mənşəlilər Avropa üçün futbol oynayırlar, avropalılar onların oyununa tamaşa edərək, pivələrini qurtumlayıb, könüllərini əyləndirirlər. Oynayan kim, qalib elan olunan kim? Qədim Yunanıstanda keçirilən olimpiya oyunlarında da belə deyildimi? At yarışlarında atı çapanların başına yox, at sahiblərinin başına qalibiyyət çələnginin qoyulması adi norma idi.

 

Qladiator oyunlarında döyüşən tərəflərdən birinin məğlub olması, futbolda olduğu kimi, səs-küy yaradırdı, fit səslərindən, qışqırtıdan, uğultudan qulaq tutulurdu. Bəzən bu, məğlubun həyatı bahasına başa gəlir, qalibdən məğlubu öldürmək tələb olunurdu. Qalib tamaşaçıların alqış sədaları altında dünənə qədər dostluq etdiyi, bir qabdan su içdiyi, eyni süfrədə çörək kəsdiyi məğlubu öldürmək məcburiyyətində qalırdı. Tamaşaçıların ekstazı, transı sona qədər yaşamaları, günün həzzini son damlasınadək hiss etmələri üçün məğlub öldürülməli idi ki, qalib yaşasın. Öldürməkdən imtina qalibin özünün öldürülməsi ilə nəticələnə bilərdi.

 

Futbol bizə Avropa standartlarını xatırladır. Cızılmış xətdən kənara çıxmaq və xətdən kənarda səni gözləyən cəzaların ağırlığı. Müasir futbolun qaydaları Avropa qanunlarının makroməkandan mikroməkana köçürülməsidir. Futbol meydançasında tətbiq olunan qaydalar, çəkilmiş xətdən kənara çıxmalar, buna görə cəzalar Avropa standartlarının əyani nümayişidir. Futbolda qaydaların yenilənməsi, yeni cəzaların müəyyənləşdirilməsi, futbol hakimlərinin sayının artırılması da Avropa qanunlarında baş verən dəyişikliklərlə uzlaşır, nəzarət mexanizminin təkmilləşdirilməsiylə səsləşir.

 

Qadın hakimlərin meydanlara çıxması gender bərabərliyinin nümayişi və feminizmin təzahürü kimi görünür.

 

Yarışlarda texnoloji yeniliklərin tətbiqi də insanlara total nəzarətin kiçik ölçüdə nümayişi təsiri bağışlayır. Hər yerdə insanların hərəkətlərinin texnoloji izlənməsi, təqibi futbol meydançasında da davam edir.

 

Futbol və bukmeker kontorları ayrılmaz ikilidir. Birinin varlığı digərinin mövcudluğunu şərtləndirir. Qulağımızı tez-tez satılmış oyunlar barədə xəbərlər cırmaqlayır. Oyunçunun, klubun, məşqçinin, hakimin mərc oyunlarına girişdiyi haqqında məlumatlar tez-tez gündəmi zəbt edir. Az qala satılmamış oyun nadir nüsxəyə çevrilməkdədir. Bir oyunun satılması satıcıdan tutmuş alıcıya – hamının milyonlar qazanmasına, oyunun təmizliyinə şübhə etməyən sadə mərc azarkeşlərinin isə müflisləşməsinə gətirib çıxarır. Bundan sonra evini satana bax, borc bataqlığında boğulana bax, son çarə kimi intihara əl atana bax.

 

Klubların fantastik büdcələri. Bəzi futbol klublarının büdcəsi ortabab bir dövlətin illik büdcəsindən çoxdur.

 

Futbolçuların astronomik gəlirləri. Bir futbolçu karyerası boyunca nə qədər qazanır? Bəlkə də sualın qoyuluşu düzgün deyil. Yəni qazanc oyunçunun oyun səviyyəsi ilə mütənasib olduğundan biz söhbətin futbol aristokratiyasından getdiyini mütləq sualımızın gözünə qatmalıyıq, söhbətin titullu bir futbolçudan getdiyini mütləq qabartmalıyıq. Deyək ki, Messi, Ronaldo, Benzama, Mbappe, Dembele, Yamal, Arda Gülər səviyyəli bir futbolçu karyerası boyunca hər il, aşağı əllə götürsək, 50 milyon avro və ya dollar qazanır. On il oynaya bilsə bunun 500 milyon olacağı şəksizdir. Başı normal işləyən futbolçunun reklam çarxlarından da bir ətək pul qazandığını bunun üzərinə əlavə etsək onun illik qazancını yatırım şəklində bir neçə qata yüksəldə bildiyinin şahidi olarıq. Qısası, bir futbolçu ürəkdən istəsə on il ərzində sərvəti milyardları ötər.

 

Və mən müasir futbol barədə düşüncələrimə qəfil ara verib, oxucunun bu barədə düşünməsinə imkan vermək istəyirəm. Bu barədə oxucu nə düşünür, mənim fikirlərimlə razılaşırmı? Yoxsa mənim fikirlərimi bir çürük qozmu sanır? Deyim ki, bunu bilmək çox maraqlı olardı.

Afiq MUXTAROĞLU