Xalqlararası əlaqə formalarından danışdıqda, yəqin ki, beynimizə gələn ilk fikirlərdən biri ticarət və ticari əlaqələr olacaqdır. Bəli, tarix boyu mədəniyyətlər, xalqlar və dövlətlər arasında ən sıx-sıx işlədilən əlaqə formalarından biri ticarət olmuşdur.
Ticarət əsrlər ərzində insanların, millətlərin, xalqların, coğrafi götürdükdə ölkə və şəhərlərin bir-biri ilə, eləcə də digər yaşayış məskənlərinin qarşılıqlı bağlantı-əlaqə vasitəsi olmuşdur. Ticarət əlaqələri zamanla müəyyən amillərin təsiri ilə sərt dəyişikliklərə uğramış və ya dövrün tələblərinə müvafiq olaraq ciddi islahatlara və dəyişikliklərə məruz qalmışdır. Ticarətdə dəyişmə vasitəsi olan qızıl və kağız pulların yaranması, insanların getdikcə artan gündəlik tələbatları, texnologiyanın daima təkminləşdirilməsi kimi amillər əhəmiyyətli dərəcədə ticarətin formasını yeniləməsinə baxmayaraq onun mahiyyətini sabit saxlamışdır. Bu amillərdən ən önəmlilərindən biri isə texnologiya və onun inkişafı olmuşdur. Çünki hər dəfə meydana çıxan yeni texnologiya özündən əvvəlkilərə nisbətən daha səmərəli və asan idi. Məhz bu səbəbdən insanlar günümüzdə də olduğu kimi əvvəl işlətdikləri vasitələrə birdəfəlik əlvida deyirdilər. Misal üçün, yazı üçün qədim dövrlərdə papirus və heyvan dərisi işlənilirdisə, orta əsrlərdə kağızın ixtirası buna son qoydu. Orta əsrlərdən XXI əsrə kimi yazı üçün istifadə olunan kağız da yavaş-yavaş öz yerini elektron vasitələrə verməyə başlayır və bir gün demək olar ki, kağıza ehtiyac qalmayacaq.
Yeni meydana çıxan texnologiyaların özündən əvvəl istifadə olunan vasitənin dəyərsizləşməsinə, daha az tələb olunmasına gətirib çıxarması, sözsüz ki, insanlar arasındaki iqtisadi münasibətlərə də öz təsirini göstərib və göstərir. Ticarət hər zaman texnologiyanın dəyişməsindən ən çox təsirlənən sahələrdən biri olmuşdur. Misal olaraq, ötən əsrin əvvəlində hər hansı bir məhsul istehsal etmək və fabriklərin- zavodların işlədilməsi sadəcə və sadəcə dövlətlərin bacara biləcəyi proses idisə, əsrin sonlarına yaxın mexaniki əməyin arxa plana keçməsi, azad sahibkarlıq, robot və digər texnoloji qurğuların təkminləşdirilməsi az vaxt ərzində istehsal prosesinin, eləcə də ticarətin sürətlənməsinə və geniş miqyas almasına gəlirib çıxardı. Beynəlxalq səviyyədə tanınmış bir çox özəl ticarət mərkəzlərinin, şirkətlərin, istehsalat müəssisələrinin artıq özlərinin yeni ticarət müqavilələri qurmaları, öz texnologiyalarını inkişaf etdirmələri ticarət əlaqələrini yeni bir mərhələyə çatdırmışdır (Hazırda onu deyə bilərik ki, bəzi nəhəng özəl şirkətlər nüfuz və istehsal gücü ilə onlarla ölkənin birlikdə malik ola biləcəyi potensialı qat-qat üstələyirdi).
Hazırda mövcud texnologiya ilə istehsal gücünün pik səviyyəyə çatdığı bir dövrdə yaşayırıq. Və bu proses öz-özlüyündə daha yeni texnologiyaya tələbat formalaşdırır. Ekspertlərin fikrincə, 2050-ci ilə qədər dünyada ticarət əməliyyatlarının 90 %-i qeyri-nağd və ya elektron ödəniş sisteminə keçmiş olacaq. Bu isə, artıq kağız pulların dövrünün sonu olacağı, ticarətdə daha yeni dövrün başlanacağı deməkdir.
Səlahəddin PİRİYEV