Cənubi Qafqazın aparıcı dövlətlərindən olan 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası siyasi, iqtisadi, hərbi, sosial, təhsil, elm və s. sahələrdə yeni-yeni uğurlara imza atmaqdadır. Daxili siyasətdə multikulturalizm, tolerantlıq, vətəndaş həmrəyliyi, milli birlik məsələlərini ön planda tutan Azərbaycan xarici siyasətdə beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsini əsas tutur. Xüsusən Cənubi Qafqaz siyasətində Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq, mehriban qonşuluq siyasəti aparır. Azərbaycan, o cümlədən Türkiyə Gürcüstanın iqtisadiyyatına, inkişafına ən çox yatırım qoyan, dəstək olan ölkələrdəndir.
30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış, ciddi maddi-mənəvi zərbələr vurmuş Ermənistan normal qonşuluq münasibətləri saxlamaq istəyəcəksə Azərbaycan onunla da sülh şəraitində yaşamağı əsas götürmək fikrindədir. Azərbaycanla Gürcüstan arasında indiyə qədər son dərəcədə gərgin, həll oluna bilməyəcək bir hadisənin yaşandığını söyləyə bilmərik. Çünki hər iki dövlət münasibətlərini, hətta yaranan hansısa problemlərini də sivil qaydada tənzimləyir, digər dövlətin ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətlə yanaşır. Hər iki dövlətin ərazisi işğal altında idi, hər iki dövlət təcavüzə uğramışdı. Azərbaycan xarici güclərin dəstək verdiyi Ermənistanın təcavüzü, Gürcüstan isə Rusiyanın aqressiyası ilə qarşı-qarşıya idi. Hər bir dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı onun üçün milli təhlükəsizlik məsələsidir. Məhz buna görə də işğalla barışmayan Azərbaycan “Dəmir yumruq” planıyla 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatı başladaraq, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını - Qarabağı Ermənistanın işğalından azad etdi, ərazi bütövlüyü problemini çözdü. Gürcüstanın da qısa bir müddətdə ərazi bütövlüyü probleminin həll olunmasını arzulayır və bunun gerçəkləşəcəyinə inanırıq. Bu problemlərin çözülməsi Cənubi Qafqazı konfliktli bölgələr siyahısından çıxardıb əməkdaşlıq, sülh, mehriban qonşuluq, dinc yanaşı yaşama ərazisinə keçirdə bilər.
Bu gün Azərbaycan Respublikası müstəqil siyasət yürüdür. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə ölkənin çətin durumunda hakimiyyətə gələn Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə problemlərin həllinə nail oldu, Azərbaycanı uğurlu inkişaf yoluna çıxarda bildi. Həmin vaxt Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Respublikası tərəfindən işğal edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün mövcudluğu Azərbaycan xalqına ciddi problemlər yaşatdı. Lakin dövlət və xalqın milli birliyi, Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsi ilə tarix yazaraq torpaqlarını işğaldan azad etdi. Azərbaycan ordusu, xalqı, dövləti böyük əzmlə özünün ayrılmaz parçası olan Qarabağı geri qaytarmaqla möhtəşəm Zəfər tarixi yaratdı. Bununla da Azərbaycan xalqı sülhsevər xalq olduğunu, lakin işğalla və təcavüzlə də barışmayacağını sübut etmiş oldu. Bizim heç kimin torpaqlarında gözümüz yoxdur, lakin bizim torpaqları işğal etmək istəyənlərin planlarını da darmadağın etməyi bilirik.
Qafqazı öz evi kimi görən, bu evdə sabitliyə, sülhə, əməkdaşlığa önəm verən Azərbaycan Respublikası Cənubi Qafqazda fəal siyasət yürüdür. Azərbaycan 30 il torpaqlarını işğalda saxlamasına baxmayaraq Ermənistanla sülh müqaviləsi imzalamağa, qarşılqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımağa, nəqliyyat-kommunikasiyaları açmağa, Qarabağdakı 25 min erməninin Azərbaycan vətəndaşı kimi yaşamasına dəstək olmağa, sülh və barış yoluna qədəm qoymağa hazırdır. Rəsmi Bakı Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə, Azərbaycanda yaşayan gürcülərin cəmiyyətimizə inteqrasiyasında, inkişafında, hüquq və vəzifələrinin yerinə yetirilməsində aktiv iştirak edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmiryolu bizi bir-birimizə sıx bağlayır. SOCAR-ın Gürcüstan iqtisadiyyatına, inkişafına yatırdığı sərmayə dövlətlərimizin işbirliyinin hansı səviyyədə olduğunun göstəricilərindəndir.
Azərbaycanla oxşar maraqları olan Gürcüstan ilə əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstanla ümumi maraqların mövcudluğu, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək üçün tarixi “İpək Yolu”nun bərpası, eləcə də ümumi təhlükəsizliyə təminat verən birgə transregional layihələrdə iştirak bu münasibətlərin mühümlüyünün göstəricisidir.
Azərbaycan daim Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasında, beynəlxalq hüquqla tanınan sərhədlərinin qorunmasında öz mövqeyini və dəstəyini əsirgəməyib. 2008-ci ildə Gürcüstan Rusiyanın təcavüzünə məruz qalanda da biz qonşuluq borcumuzu, strateji tərəfdaşlıq öhdəliyimizi yerinə yetirdik, dəstəyimizi əsirgəmədik. Gürcüstanın vəfalı dövlət və ictimai xadimlərinin bunu unutmaması, münasibətləri yüksək səviyyədə saxlaması təqdir olunası haldır.
Azərbaycanın Gürcüstanla münasibətlərində elm, təhsil, mədəniyyət kimi sahələrdə görülən işlərin də mühüm əhəmiyyəti var. Bu istiqamətdə çoxsaylı işlərin görülməsi danılmaz faktdır. Lakin nə qədər çalışılsa belə yenə də görüləcək çox iş var, həllini gözləyən çox məsələlər mövcuddur. Elm sahəsində əməkdaşlığı daha da genişləndirmək mümkündür. Azərbaycan elminin inkişafında mühüm rol oynayan Azərbaycan Milli Elmlər Akademiyasının, onun müxtəlif institutlarının, o cümlədən də Mərkəzi Elmi Kitabxananın Gürcüstanın müvafiq qurumları ilə daha da sıx işbirliyini qurmaq iki dövlətin münasibətlərinin inkişafına çox böyük töhfə verə bilər.
Azərbaycan Respublikasının 44 günlük müharibədə əldə etdiyi zəfər bölgənin də, regionun da geosiyasi durumunu dəyişib. Bölgədə maraqları olan dövlətlər və bölgə dövlətləri əməkdaşlıq imkanlarını daha da genişləndirmək üçün çalışmaları sürətləndiriblər. Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə Cənubi Qafqazda əməkdaşlığa töhfə verəcək 3+3 formatı (Azərbaycan-Gürcüstan-Ermənistan, Türkiyə-İran-Rusiya) ciddi şəkildə müzakirə olunur, addımlar atılır. Əməkdaşlıq imkanları genişlənərsə Qafqazı burada yaşayan xalqların sülh evinə, mehriban qonşular məkanına, hətta “Qafqaz Evi”nə çevirə bilərik.
Azərbaycan yalnız Qafqazda deyil qlobal miqyasda da ikitərəfli və çoxtərəfli əlaqələrdə aktiv siyasət yürüdür, beynəlxalq miqyasda üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Azərbaycan BMT çərçivəsində, hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının vasitəsilə, fəal üzvlük siyasəti yürütdüyü Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. qurumların imkanlarıyla regional və beynəlxalq sülhə, əməkdaşlığa ciddi töhfə verir. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Azərbaycan hazırda Türkiyə ilə birgə çox ciddi beynəlxalq və regional uğurlara imza atmaqdadır.
Azərbaycan yalnız öz qonşuları ilə deyil dünyanın bütün dövlətləri ilə də qarşılıqlı hörmət prinsiplərindən çıxış edərək münasibətlərini tənzimləyir. COVID-19 pandemiyası vaxtı Azərbaycan bir sıra ölkələrə dəstəyini əsirgəmədi. Dünyanın hansısa bir yerində təbii fəlakətlər baş verərsə Azərbaycan öz humanitar yardımını əsirgəmir. Münaqişə olan bölgələrdə problemin diplomatik yolla həlli üçün səylərini ortaya qoyur. Təhsil, mədəniyyət, elm, ədəbiyyat və s. kimi mühüm sahələrdə də Azərbaycan çox aktiv çalışmalar aparır. Fəaliyyəti ilə Gürcüstanda da yaxşı tanınan Heydər Əliyev Fondu, onun prezidenti Mehriban Əliyeva nəinki Azərbaycanda, dünyanın bir sıra ölkələrində mədəniyyət abidələrinə və müəssisələrinə, təhsil, elm, səhiyyə, sosial sahədə olan çalışmalara çox böyük dəstək olur.
44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı bir sıra reallıqlar müzakirə mövzusu oldu. Bu reallıqlardan biri də Zəngəzur dəhlizidir. Qədim Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz Azərbaycanı Naxçıvanla, Türkiyə ilə birləşdirəcək mühüm nəqliyyat qovşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Asiyanı Avropa ilə bağlayan mühüm nəqliyyat yollarından biri olacaq.
Azərbaycanda aparılan davamlı inkişaf strategiyası beynəlxalq təşkilatlar və iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi növbəti “Doing Business 2020” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilib.
İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması, əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən olunmuş tədbirlər uğurla icra olunur. Azərbaycanda “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. “Ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyası hazırlanır. İşğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələri də Dördüncü Sənaye İnqilabının əsas trendlərindən olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacaq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” artıq təsdiq edilmişdir.
Həyata keçirilən sosial-iqtisadi siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə xidmət edir.
Bütün bu çalışmalar Azərbaycan Respublikasının inkişafında, onun regional və beynəlxalq miqyasda rolunun artmasında ciddi rol oynayır. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyində daha böyük nəticələr əldə etmək üçün əzmlə çalışır. Bizlər bu çalışmaların 2022-ci ildə və sonrakı dövrlərdə real nəticələrini və faydalarını görə biləcəyik.
Mübariz GÖYÜŞLÜ
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi