Avropa və Şərq mədəniyyətinin bir-biriylə kəsişən nöqtəsində yerləşən Qafqaz regionu XV əsrdən bəri bir çox münaqişələrin qaynar nöqtəsi olmuşdur. Bu münaqişələrin yaranmasına bir çox səbəblər göstərilir. Bəs baş vermiş qarşıdurmalarda region ölkələrinin və xalqlarının illərdir ağır itkilərə məruz qalması iqtisadi müstəvidə öz əksini necə göstərir? Bu suala dəqiq rəqəmlərlə cavab verə bilərik.

 

İstənilən şəxs evində oturaraq kiçik bir araşdırma etsə, anlaya bilər ki, bu müharibələrdə həlak olan insanlarla birlikdə geridə qalan dağıntılar ölkəni illərlə geriyə salır.

 

Son 30 il ərzində region ölkələrindən Gürcüstanda yaşanan münaqişələrdə ümumilikdə ölkəyə dəyən ziyan 30 milyard ABŞ dolları, Cənubi Qafqazın digər ölkələri olan Azərbaycan-Ermənistan münaqişəsində bu ölkərə dəyən ziyan isə təxmini olaraq 65 milyard dollara yaxın olduğu güman edilir. Yəqin düşünürsünüz ki, bu müharibələrin olmadığı bir keçmişdə indiki vəziyyət, yaşayış və rifah səviyyəsi daha da yaxşı ola bilərdi. Ancaq bu tam olaraq belə deyil.

 

Gəlin indi isə Qafqazın coğrafi mövqeyi haqqında danışaq. Qafqaz özünün adından da bəlli olduğu kimi dağlıq regiondur. Qafqaz sıra dağları başlanğıc və son nöqtələrində yerləşən dəhliz yollarını hesaba almasaq hər zaman aşılması çətin olan böyük təbii bir sərhəd xəttidir.

 

Bu sərhəddin hüdudlarında tarix boyu onlarla mədəniyyət yaranmış və bu da öz növbəsində kiçik regionun çoxlu sayda etnik və mədəni rəngarəngliyin yaranmasına gətirib çıxarmışdır. Bu çox əhəmiyyətli hadisədir. Ancaq bu region üçün çoxsaylı, fərqli dillərdə danışan, bir-birini anlamaqda çətinlik çəkən xalqların yaşaması münaqişələri qaçılmaz edir. Üstəlik tarix boyu xarici işğallara məruz qalan region bir neçə dəfə etnik dəyişikliklərə məruz qalmışdır. Hələ 1817-1864-cü illərdə baş vermiş Qafqaz müharibələrində ruslar bu kiçik ərazidə bir-birindən fərqli onlarla xalqın yaşadığını qeyd edirdilər.

 

Müqayisə üçün götürsək, ötən 10 illiklər ərzində, xüsusilə də 1991-ci ildən indiyə qədər baş verən müharibələr region xalqlarını sülh üçün bir araya gətirməyə heç olmadığı qədər daha yaxındır. Çünki müasir dünya üzərində də yeni bir qloballaşma və kosmopolitik düşüncələrin formalaşması az da olsa regiona da təsirini göstərir. Buna misal olaraq, münaqişə ölkələrinin rəsmilərinin beynəlxalq və ya regional rifah üçün etdikləri çıxış və qlobal iqlim, təhsil, ticarət əlaqələri üzərində qurulan razılaşmaları göstərmək olar. Eləcə də region xalqlarının, xüsusilə, əhalinin gənc təbəqəsinin müasir dünyada iqtisadi qazanc əldə etmək üçün regionda sabitliyin önəmini ciddi şəkildə dəstəkləməsi xalqları sülh üçün əməkdaşlığa sövq edir.

 

Münaqişələrin və regiondaki iqtisadi çətinliklərin bir digər səbəbi də XX əsrin əvvəlində regionda zəngin neft və qaz kimi təbii ehtiyatların kəşfi, regionun şərq və qərb dünyasını birləşdirən bir qovşaqda yerləşməsi, yerli xalqların dünyada artan azadlıq hərəkatları fonunda ayrı-ayrılıqda dövlət qurmaq istəkləridir. Bütün bunlardan sonra Qafqaz da başqa bir ağır çəkili region olmaq yolunda irəliləyir. Bu isə öz-özlüyündə yerli xalqların, eləcə də kənar qüvvələrin regiona marağını artırdı.

 

Müəllif: Səlahəddin PİRİYEV

İqtisadçı