Qafqazda ali təhsilin beşiyi sayılan və 1918-ci ildə Tbilisidə təməli qoyulan ilk Dövlət Universitetinin tarixi mirası bu gün maraqlı, həm də düşündürücü bir təzadla üz-üzədir. Bir əsr əvvəl bölgənin intellektual mayakı kimi doğulan Gürcüstan ali təhsil sistemi bu gün həm milli kimliyin qorunması, həm də qlobal rəqabətə davam gətirmək üçün struktur islahatlarının ağır yükünü çiyinlərində daşıyır. Lakin mövcud mənzərəyə nəzər saldıqda görürük ki, ali təhsil artıq sadəcə auditoriya divarları arasında qalan bir məsələ deyil, bu, ölkənin demoqrafik gələcəyi, regional balansı və iqtisadi müstəqilliyi ilə birbaşa bağlı olan milli strateji problemdir.
Bu gün Gürcüstan təhsilinin ən ağrılı yeri coğrafi mərkəzləşmənin yaratdığı disbalansdır. Statistik rəqəmlərin soyuq dili bizə deyir ki, tələbələrin 85 %-dən çoxu Tbilisiyə axın edib və burada sıxılıb qalıb. Bu, sadəcə paytaxtın infrastruktur baxımından yüklənməsi, mənzil bazarındakı süni qiymət artımı və ya küçələrin sıxlığı deyil, bu, eyni zamanda regionların intellektual baxımdan “qansızlaşması” deməkdir. Gənclərin kütləvi şəkildə paytaxta axını regionlarda inkişaf enerjisini söndürür, kənd və qəsəbələri gələcəksiz qoyur. Hökumətin ali təhsil sistemi islahatının milli konsepsiyası çərçivəsində Kutaisini ikinci böyük mərkəzə çevirmək, Batumi, Telavi, Qori və Zuqdidi kimi şəhərlərdə profil yönümlü universitetlər yaratmaq cəhdi kağız üzərində olduqca məntiqli görünür. Lakin burada bir jurnalist sualı yaranır: biz sadəcə binaları regionlara köçürürük, yoxsa təhsilin ruhunu?
Əgər region universitetləri müasir laboratoriyalar, yüksək sürətli internet, cəlbedici yataqxanalar və ən əsası real karyera vədləri ilə təmin olunmasa, bu dekonsentrasiya cəhdi sadəcə “inzibati köç” olaraq qalacaq. Regionlarda yalnız binaların yüksəlməsi kifayət deyil, orada həm də gənclərin sosial və mədəni ehtiyaclarını qarşılayan, onları paytaxtın parıltısından daha çox cəlb edəcək bir intellektual ekosistem qurulmalıdır. Əks halda, bu cəhd paytaxtın yükünü azaltmaq əvəzinə, dövlət vəsaitlərinin istifadəsiz binalara xərclənməsi ilə nəticələnəcək.
Sistemin daxilindəki digər bir uçurum isə diplomların hüquqi bərabərliyi ilə bilik keyfiyyətinin kəskin fərqliliyi arasındadır. 19 dövlət və 45 özəl universitetin fəaliyyət göstərdiyi bir mühitdə diplomların hamısının eyni çəkiyə malik olması əmək bazarında əsl xaos yaradır. İşəgötürənlər artıq diplomun rənginə deyil, namizədin hansı universitetin dəhlizlərindən keçdiyinə baxırlar. İslahatın təklif etdiyi “bir şəhər – bir fakültə” prinsipi resurs israfının qarşısını almaq üçün effektiv mexanizm ola bilər. Məsələn, bir region aqrar sahədə ixtisaslaşırsa bütün elmi və texniki bazanın orada cəmləşməsi rəqabət qabiliyyətini artıra bilər. Lakin bu yanaşma tətbiq olunarkən akademik azadlıq və sağlam rəqabət mühiti qurban verilməməlidir. Yəni ixtisaslaşma adı altında rəqabətin yox edilməsi təhsildə inkişafı ləngidən “akademik inhisarçılığa” yol açmamalıdır. Bir şəhərdə yalnız bir fakültənin olması resursların idarə olunmasını asanlaşdıra bilər, lakin bu modelin uğuru həmin fakültənin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müqayisə oluna bilən standartlara cavab verməsindən asılıdır. Əgər bir bölgə müəyyən bir sahə üzrə mərkəzə çevrilirsə, o, sadəcə inzibati qərarla deyil, təqdim etdiyi elmi innovasiyalar və yetişdirdiyi peşəkar kadrlarla bu statusu qazanmalıdır. Belə olan təqdirdə, ali təhsil müəssisələri arasındakı uçurum süni şəkildə qapadılmaq əvəzinə, keyfiyyət yarışı sayəsində təbii olaraq aradan qalxacaq və “diplom xaosu” yerini ləyaqətli bilik rəqabətinə verəcəkdir.
Həmçinin onu da qeyd etmək lazımdır ki, universitetlərin sadəcə dərsliklərin oxunduğu mərkəzlər deyil, tədqiqat və innovasiya ocaqları olması hədəfi isə hələ ki, maliyyələşmə modelinin sualları altında əzilir. Tədqiqatın maliyyələşməsi yalnız dövlət sifarişinə bağlansa, elmin müstəqilliyi və fundamental, “uzaq vuran” araşdırmaların taleyi risk altına düşə bilər. Elm yalnız dövlətin bu gün ehtiyacı olan sahələrə deyil, həm də gələcəyin bilinməyən çağırışlarına hazır olmalıdır. Xarici tələbələrin cəlb edilməsi strategiyası isə bir tərəfdən ölkəyə valyuta axını deməkdir, digər tərəfdən isə yerli tələbələrin keyfiyyətli təhsil resurslarına çıxışını məhdudlaşdırmamalıdır.
Kadr siyasəti isə bəlkə də bu islahatın ən kövrək halqasıdır. Yarımştat çalışan, aşağı əməkhaqqı ilə bir neçə yerdə dərs deyən dırnaq içində qaçaraq müəllim modeli ilə yüksək akademik standart qurmaq xəyalpərəstlikdir. Müəllimin fikri çörək pulu ilə auditoriya arasında bölünəndə orada elmi kəşflərdən və innovasiyadan danışmaq sadəcə romantikadan ibarət olur. Konsepsiyanın tam ştatlı professor heyəti və xarici mütəxəssisləri cəlb etmək planı təqdirəlayiq olsa da, onların yerli mühitə adaptasiyası və uzunmüddətli motivasiyası üçün konkret mexanizmlər hələ də dumanlı görünür. Xarici professoru gətirmək işin yarısıdır, onu ölkədə saxlayacaq akademik azadlıq, sosial təminat və tədqiqat mühiti yaratmaq isə əsl sınaqdır. Bizə binalardan daha çox o binaların daxilində yeni nəsil yetişdirəcək sabit, təminatlı və stimullaşdırılmış beyin mərkəzləri lazımdır.
Əmək bazarı ilə təhsil arasındakı “lal dialoq” da başqa bir kritik problemdir. İllərdir bəzi sahələrdə işsiz kadr ordusu yetişdirilir, digər tərəfdən isə texnoloji, mühəndislik və müasir aqrar sahələrdə kəskin mütəxəssis qıtlığı yaşanır. Kvotaların dövlət sifarişinə uyğunlaşdırılması bu boşluğu doldurmaq üçün bir fürsətdir, lakin bazarın dinamikliyi hər zaman dövlət planlamasından sürətlidir. Əgər bu günün kvotası beş-on il sonranın iqtisadiyyatını, süni intellektin və rəqəmsal transformasiyanın gətirəcəyi dəyişiklikləri görmürsə, biz yenə də keçmişin tələblərinə cavab verən diplomlu işsizlər istehsal edəcəyik.
Nəticə etibarilə, Gürcüstanın təhsil islahatı sadəcə texniki bir yenilənmə deyil, bir milli varlıq mübarizəsidir. Ali təhsilin modernləşdirilməsi həm də gənclərin ölkədən beyin axınının qarşısını almalı, onları Gürcüstanın daxilində quruculuğa sövq etməlidir. İslahatların uğuru sənədlərdəki cəlbedici bəndlərlə deyil, bir tələbənin öz regionunda qalıb paytaxtdakı həmyaşıdı ilə eyni keyfiyyətdə təhsil alaraq öz gələcəyini burada qura biləcəyi gün ölçüləcək.
Biz 100 illik tariximizlə öyünüb, gələcəyimizi isə sistemli problemlərin və reallaşmayan vədlərin içində itirməyə davam edə bilmərik. Gürcüstan təhsili keçmişin şöhrəti ilə gələcəyin ehtiyacları arasında elə bir körpü qurmalıdır ki, bu körpüdən keçən hər bir gənc ölkənin sosial-iqtisadi tərəqqisinin lokomotivinə çevrilsin. Ali təhsil yalnız bilik verməli deyil, həm də gələcəyə inam yaratmalıdır. Bu, sadəcə bir konsepsiya deyil, Gürcüstanın sabahının manifesti olmalıdır.
Çiyalə Osmanova