İlk dəfə 2012-ci ildə əsas sənaye yeniliklərinin mərkəzi hesab edilən Almaniya yeni bir sənaye dövrünə keçid planını hazırladığını elan etdi və ilk dəfə olaraq “Sənaye 4.0” terminini gündəmə gətirdi. “Sənaye 4.0” müasir dünyamızda elmin və texnologiyanın köməyi ilə yaxın gələcəkdə baş verə biləcək yeni bir sənaye inqilabına verilən addır.

 

Bundan 6 il sonra 2018-ci ildə beynəlxlq miqyasda tanınan və ölkələrin gələcək iqtisadiyyatlarına istiqamət verən Dünya İqtisadi Forumunun (WEF) həmin il üçün hazırlanmış hesabatında 4-cü sənaye inqilabı sihayıda yer alan əsas mövzulardan biri olmuşdur. Hesabata əsasən, 4-cü sənaye inqilabının mürəkkəbliyi, əhatə dairəsi və miqyası indiyə kimi görünməmiş dərəcədə geniş olacağı, bəşəriyyətin yaşayış şəraitini, həyat normalarını və düşüncə tərzini kəskin şəkildə dəyişəcəyi hesab edilir. Bəzi alimlər hətta bu inqilabın bəşər və insan sözünün təriflərini dəyişəcəyini iddia edirlər. Dünya İqtisadi Forumunun qurucusu və rəhbəri Klaus Şvab öz kitabında yeni sənaye inqilabının potensialının qorxunc olduğunu və inqilabı bəşəriyyət üçün həm böyük şans, həm də görülməmiş təhlükə kimi dəyərləndirir. Bəs belə bir forumun diqqət mərkəzində olan 4-cü sənaye inqilabını fərqləndirən əsas cəhətlər, onun əsas prespektivləri və təhlükəli xüsusiyyətləri nələrdir?

 

4-cü sənaye inqilabının tərifini tapmaq üçün ilk öncə tarixə qayıdıb digər inqilabların necə baş verdiyinə nəzər salmaq lazımdır. İlk sənaye inqilabı reallaşana qədər dünyada inkişaf etmiş mədəniyyətlər belə hər hansı məhsul istehsal etmək, qurmaq və ya inşa eymək üçün əsasən insan gücünü və fiziki əməkdən istifadə edirdilər. Bu vəziyyət XVIII əsrin ortalarına, ilk sənaye inqilabının baş verməsinə kimi davam etdi. Tarixə birinci sənaye inqilabı kimi düşən hadisə suyu və buxarı istifadə edərək, istehsalı müəyyən qədər mexanikiləşdirməkdən ibarət idi. İkinci sənaye inqilabı zamanı isə bəşəriyyət elektriklə tanış oldu və kütləvi istehsala başladı. Bu dövr zamanı elektrik vasitəsilə insanlar istehsal olunan məhsulların miqdarını və miqyasını əvvəllər görünməmiş şəkildə qat-qat artırdılar. Nəhayət, ötən əsrin ortalarında isə 3-cü sənaye inqilabı, digər adı ilə, rəqəmsal inqilab baş verdi. Bu dövrdə elektronika və texnologiya sayəsində insanlar istehsalı avtomatlaşdıra və daha da ucuzlaşdıra bildilər. 4-cü sənaye inqilabı isə iş yerlərində süni ağıllı texnologiyaları tətbiq etməklə 3-cü inqilabın avtomatlaşdıra bilmədiyi bütün sahələri avtomatlaşdıra bilər. Bu sənaye inqilabını fərqləndirən əsas cəhət onun sürəti, əhatə dairəsi və sistematik effektidir.

 

Günümüzdə ölkələr arasında bu yeni növ sənayeyə keçid dövrü artıq başlamışdır. Sözsüz ki, bu sihayıda yer alacaq ilk ölkələr dünyanın ən güclü və yeniliyə açıq iqtisadiyyata malik ölkələr olacaqdır. Sənaye inqilabları hər zaman onun ilk baş verdiyi regiona və ölkələrə böyük bir üstünlük və zənginlik gətirmişdir.  Yeni sənayeləşən və inkişaf etməkdə olan bizim regionumuzda isə hələ ki bu barədə irəliləmə görünmür. Təəssüflər olsun ki, Qafqaz əvvəlki 3 böyük sənaye dövründə yeniliklərdən çox uzaq olmuş, bu yeniliklərdən çox gec yararlana bilmişdir. Regionumuz ilk sənaye dövrünə 100 il, ikinci sənaye dövrünə 50 il, üçüncüsünə isə 20-30 il gecikmişdir. Bunun münaqişələr, regiondakı qeyri-sabitlik, yeniliyə qarşı düşüncələr kimi bir çox səbəbləri var idi. Ancaq hazırda bu kimi baryerlər aradan qalxmışdır və bizim dördüncü dövrə vaxtında keçid etmək imkanımız vardır.

 

Tanınmış elektronika və texnologiya mütəxəssisi Ali Rıza Ersoy öz açıqlamalarında “Sənaye 4.0”ün  sadəcə yeni bir dövr olmaqla kifayətlənmədiyini, hər bir ölkənin öz varlığını davam etdirməsi üçün zərurət olduğunu qeyd edir. Onun fikrincə, bu dövrə inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrin də ilk sıralarda keçid etmək imkanı vardır. Bunun üçün həmin ölkə qarşıdakı 5 il ərzində sənaye istehsalatının sadəcə 3-4 %-i qədərini bu istiqamətə yönəldərək ciddi nəticələr əldə etməsi mümkündür.

 

Ölkəmizin digər dövrlərlə müqayisədə 4-cü sənaye dövrünə daha tez keçid edəcəyinə şübhə yoxdur. Ancaq dünya miqyasında götürsək nəinki təkcə Gürcüstan, regionumuz da bu baxımdan yenə də geridə qalır. Ümid edək ki, getdikcə sürətlənən dünyamızda yenilikləri və rəqabət qabiliyyəti ilə seçilən milli iqtisadiyyatımızla var olmağımızı davam etdirəcəyik.

 

Səlahəddin PİRİYEV