Statusundan və təhsil səviyyəsindən asılı olmayaraq biz azərbaycanlılarda bir xasiyyət var – başqasının qüsurunu görmək, onların hərəkətləri və düşüncələri haqqında fikir bildirmək. Bunlar savadlı şəxslər tərəfindən icra edildikdə analitik xüsusiyət alır və tənqidə çevrilir.


Tənqid – bir fikir, hadisə, insan, sənət əsəri və ya ictimai proses haqqında dəyərləndirmə, təhlil və mübahisə yolu ilə güclü və zəif tərəflərin ortaya çıxarılmasıdır. Bir çoxları tərəfindən o, mənfi mənada, təhqir kimi qəbul edilsə də tənqid sadəcə qüsur axtarmaq deyil, əksinə, bir şeyi daha dərindən anlamaq, dəyərini qiymətləndirmək və inkişaf yollarını göstərmək üçün aparılan düşünülmüş bir fəaliyyətdir. Təəssüf ki, bizim cəmiyyətdə tənqid çox zaman şəxsi hücum, qərəzli yanaşma və ya qaralama kimi anlaşılır. Çoxları tənqidlə təhqir arasındakı fərqi başa düşmürlər. Onlar anlamırlar ki, tənqid arqumentlərə əsaslanır, məqsədi isə insanı və cəmiyyəti inkişaf etdirməkdir. Təhqir isə emosiyaya əsaslanan və qarşı tərəfi alçaltmağa yönəlmiş davranışdır. Fridrix Nitsşe deyir: “Əgər tənqid olmadan yaşayırsansa, demək ki, heç bir zaman ciddi qəbul edilməmisən”.


Əgər Nitsşenin bu sözünü bu yazıda özümüzə rəhbər tutsaq, bu qərara gəlmək olar ki, “Yeni Yol” qəzetinin yazarları, əsasən də gənclər ciddi qəbul edilmirik. Bunu anlamaq isə elə də çətin deyil. Yazılarımızı paylaşanda çox vaxt təriflə qarşılaşırıq. Şərhlərdə hamı uğurlar arzulayır, xoş sözlər yazır. Bu sözlər, əslində, tənqid əvəzinə deyilmiş, səthi təsdiqlər və gözboyamalardır. Əslində, onlar heç məqaləni belə oxumurlar.


Bəzən isə tam əksi baş verir, yazdıqlarımıza heç bir reaksiya gəlmir. Nə tənqid, nə də tərif. Bu isə laqeydliyin və maraq çatışmazlığının əlamətidir, hansı ki, səthi təsdiqdən daha təhlükəlidir. Çünki tənqid olunan fikir yaşayır, müzakirə edilir və formalaşır. Amma cavabsız fikir zamanla unudulur.


Bəzən elə düşünürəm ki, çoxları fikirlərimizi və narahatlıqlarımızı “gənclik həyəcanı” kimi ötəri qəbul edirlər. Halbuki o “həyəcan” dəyişimin, yeniliyin və yaratma enerjisinin əsas başlanğıcı ola bilər. Bu enerjinin boşa çıxmaması üçünsə bizim ehtiyacımız olan şey eşidilmək, dəyərləndirilmək və sorğulanmaqdır. Təəssüf ki, bunu edən olnadığından əlac qalır öz aramızda bir-birimizi tənqid etməyə. Elə məhz buna görə də bu yazımın tənqid obiyekti “Yeni Yol” qəzetinin gənc yazarlarından olan Aytən Fətullayevadır. Biz onunla 3-cü sinifdən bir-birimizi tanıyırıq və onun emosional və hisslərini açıq şəkildə ifadə edən biri olduğunu uzun illərdir müşahidə edirəm, bu cəhətlər onun yazı üslubunda da özünü göstərir. Onun yazdığı məqalələrin demək olar ki, 90 %-ində emosionallıq və güclü romantizm öz əksini tapır. Aytənin yazılarında iç dünyasında baş verən emosional proseslər o qədər güclü şəkildə hiss olunur ki, oxuyanda bunun məqalənin əsas ideyasını kölgədə qoyduğunu və oxucuları əsas məsələni analiz etməkdən yayındırdığını düşünürəm. Məsələn, “Dəyişməyən ünvan” adlı məqaləsini götürək.


O, bu yazısında çərçivəsi rəngli çiçəklərlə bəzədilmiş xoşbəxt bir ailə tablosu yaradıb və ailəni “fırtınada liman”, “buraxmayan əl”, “əvəzolunmaz ünvan” kimi təqdim edib. Ona görə ailə insan həyatında dəyişməyən, ən dəyərli və müqəddəs bir varlıq, insanın sevgini, dəstəyi, anlayışı ilk dəfə yaşadığı, çətin və xoş günlərdə dayaq olan yeganə məkandır ki, bu fikirləri ilə tam razıyam. Lakin təəssüf ki, ailə yalnız xoşbəxtlikdən ibarət ideal və dəyişməz bir institut deyil. Ailə eyni zamanda zorakılığın, patriarxal basqının və psixoloji gərginliyin də məkanıdır. Bu gün cəmiyyətin qarşısında duran ən ciddi sosial problemlərdən biri olan məişət zorakılığı da ailə mühitində kök salır. Yəni ailə heç də hər zaman “əvəzolunmaz ünvan” deyil, bəzi insanlar üçün o, qaçmaq istədikləri ilk yerdir. Buna baxmayaraq, Aytən bu mövzulara heç toxunmayaraq yazını yuxarıdakı metaforalarla ailəni yalnız pozitiv təzahürlərlə təsvir edərək onu idealizə edib. Halbuki ailə institutunu bütünlüklə dəyərləndirmək üçün həm müsbət, həm də mənfi tərəfləri nəzərə almaq vacibdir.


Təbii ki, hər yazı bütün aspektləri əhatə edə bilməz. Amma jurnalistikanın və publisistikanın vəzifəsi təkcə xoş olanı göstərmək deyil, həm də görmək istəmədiyimiz reallıqları üzə çıxarmaqdır. Məhz bu reallıqları dilə gətirmək ailə kimi möhkəm və köklü institutların daha sağlam əsaslar üzərində qurulmasına yardımçı ola bilər.


Aytənin “Dəyişməyən ünvan” adlı yazısında emosional və nostalji dolu yanaşması bu strukturun isti və müsbət tərəflərini parlaq şəkildə təqdim edir. Onun bu emosional yanaşması oxucuya ümid vermək baxımından dəyərlidir, lakin publisistik obyektivlik tələb edir ki, bu ümidlə yanaşı, gerçəkliklər də göstərilsin, hadisələrin mənfi tərəfləri üzə çıxarılıb tənqid olunsun. Yalnız bu halda yazı həm hissə, həm düşüncəyə təsir edə bilər.


Bu tənqidin məqsədi Aytəni susdurmaq və ya emosional yazı stilini təkzib etmək deyil. Əksinə, məqsədim bu yazı tərzinin güclü emosional potensialı ilə yanaşı, onun analitik dərinliyini də inkişaf etdirməsidir. Çünki yaxşı bir yazı həm hisslərə, həm də ağıla təsir edə biləndir.


Aytənin yazı üslubundakı bu emosionallıq onun fərdi imzası ola bilər, lakin bu hisslər fikrin arxasında qalarsa, fikir gücsüzləşir. Reymond Çandlerin sözləri ilə desək, “Yalnız emosiyalarla yazılmış mətnlər qısa müddət təsir edir, dərin düşüncə ilə yazılmışlar isə yadda qalır”.

 

Çiyalə OSMANOVA