Dünyamız növbəti və ən yeni texnologiyaların tətbiq edilməyə başlanıldığı 4-cü sənaye dövrünə – tam rəqəmsallaşmağa doğru irəliləməkdədir. Bu rəqəmsallaşma ilə bağlı yenilikləri hər gün, hər bir sahədə görmək artıq adı bir hal almışdır. Əvvəllər günlərlə üzərində çalışılan işlər hazırda internet və ya yüksək dəqiqliklə seçilən texnologiyalar vasitəsilə bir neçə saat əzrində həyata keçirilir. Bu da əvvəlki dövrlərlə müqayisədə qısa vaxt ərzində daha çox iş görə bilmək imkanı yaradır. Bu imkanlardan daha çox faydalanmaq istəyi isə bizi tamamilə rəqəmsallaşan yeni bir dünyaya doğru yaxınlaşdırmaqdadır. Dünya İqtisadiyyatı da bu yeniliklərin ən tez tətbiq edilən sahələrindən biridir. Çünki kəşf edilən yeni və səmərəli internet texnologiyalarının köməyi ilə istehsal gücü ənənəvi insan əməyinə və şüuruna əsaslanan iqtisadiyyatdan fərqli olaraq, demək olar ki, fasiləyə ehtiyac olmadan daha uzun müddət işləmək qabiliyyətinə malikdir. Bu isə iqtisadiyyatda yeni mərhələnin – rəqəmsal iqtisadiyyatın başlanmaqda olduğunu bildirir.

 

Rəqəmsal iqtisadiyyat dedikdə ilk olaraq ağlımıza müasir dünyanın əvəzolunmaz parçası –  internet və onunla idarə olunan iqtisadiyyat gəlir. Ancaq rəqəmsal iqtisadiyyatın sərhədləri sadəcə bu çərçivədə məhdudlaşmır, o, zaman keçdikcə müasir dünyamızda daha geniş bir anlayış ifadə etməyə başlayır. Rəqəmsal iqtisadiyyat internetlə əlaqəli olduğu üçün ona konkret tərif vermək çətindir. Onu bəzən “veb-iqtisadiyyat” və ya “e-iqtisadiyyat” da adlandırırlar. Düzdür, daha çox iş fəaliyyəti və nəticə əldə etmək üçün dünyamız bu yeni mərhələyə keçid dövründə virtual çətinliklər və mürəkkəbliklərlə qarşılaşır. İndiyə kimi tədricən baş verən bu keçid prosesi xüsusilə də pandemiya böhranı zamanı bir çox çətinliklər meydana gətirdi. Ancaq belə bir halın olacağı ekspertlər tərəfindən gözlənilən idi. Çünki 50 ilə yaxındır ki, mövcud olan rəqəmsal sistemə keçid prosesi gözləniləndən daha az sürətlə davam edirdi. İnsanların əksəriyyəti bu zaman ərzində elektron alış-veriş və onlayn ticari xidmətdən daha çox ənənəvi formaya etibar edirdilər. Ancaq pandemiya insanlara onlayn alış-verişdən başqa alternativ yol saxlamadığından, əksər insanlar istəməsələr belə rəqəmsal iqtisadiyyatdan faydalanmış oldular. Ekspertlərin fikrincə, tam rəqəmsallaşma baş verdikdən sonra dünya üzərində həyata keçirilən bütün ticarət əməliyyatlarının 90 %-i rəqəmsal olaraq həyata keçiriləcək.

 

Rəqəmsal iqtisadiyyatın faydaları və zərərlərinin nə olduğunu isə hələlik tam müəyyən etmək mümkün deyil. Ancaq onun iş dünyası üçün yeni fürsətlər olacağına şübhə yoxdur.

 

Hər bir növ ticarətdə onun özünəməxsus pul vahidi olduğu kimi, Rəqəmsal dünyada da artıq hamıya məlum olan kriptovalyutalar dövriyyəyə keçir. Ənənəvi puldan fərqlı olan kriptovalyuta növlərinin sayı artıq onlarladır və bu sahəyə yatırılan investisiyaların ümumi həcmi 100 milyardlarla dollar dəyərindədir.

 

Yüksək texnologiyaların daha da önə çıxacağı, insanlar arasında yeni növ münasibətlərin formalaşmağına səbəb olacağı güman edilən rəqəmsal iqtisadiyyat 21-ci əsrin ikinci yarısında klassik iqtisadiyyatdan fərqli olaraq yeniləşən dünya cəmiyyətinin hər üzvünün anladığı və əlçatan yeni sistem olacağı gözlənilir.

 

Səlahəddin PİRİYEV