Oktyabrın 30-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil sistemində islahat konsepsiyasını dövlət ali təhsil müəssisələrinin rektorları ilə müzakirə edib. Görüşdə İlia Dövlət Universitetinin rektoru, professor Nino Doborcqinidze də iştirak edib.

 

– Nino xanım, 30 oktyabrda Baş nazirlə keçirilən, dövlət universitetlərinin rektorlarının da iştirak etdiyi görüşdən sonra təhsil naziri bildirib ki, “rektorlardan təhsil islahatı konsepsiyası ilə müəyyən edilmiş məsələlərlə əlaqədar ciddi dəstək alınıb”. Bu dəstək nə dərəcədə birmənalı idi, dövlət universitetlərinin mövqeləri hökumətin baxışları ilə tam uyğundurmu?

 

– Mən başqalarının adından dövlət universitetləri rektorlarının planlaşdırılmış islahatla əlaqədar mövqelərini danışa bilmərəm, təəssüf ki, fərqlidir. Bu görüşdə İlia Dövlət Universitetinin akademik ictimaiyyətinin razılaşdığı və müraciətimizdə açıq şəkildə dərc olunmuş bütün tələbləri irəli sürdüm. Mən mövqeyimi açıq şəkildə təkrarladım ki, bu formada planlaşdırılan islahat XIX əsrin sonlarında İlia Çavçavadze tərəfindən müəyyən edilmiş və 1918-ci ildə İvane Cavaxişvilinin nəsli tərəfindən həqiqətən yüksək beynəlxalq standartlarla yaradılan universitet ənənəsinin satılmasından başqa bir şey deyil! Müxtəlif medialarda dəfələrlə dediyimi iclasda bir daha təsdiqlədim: universitet cəmiyyəti buna yol verməyəcək! Bu, alınmayacaq, təhsilin gələcəyinə 18 nəfər tabe olan rektorun mövqeyi qərar verə bilməz!

 

– Görüş çərçivəsində sizin sözünüz, mesajınız nə oldu? Bildiyimiz kimi, görüş sual-cavab rejimində keçib, siz hansı sualı verdiniz?

 

– İclasda Baş nazir təqdimatda danışdıqlarını təkrarladı. Hər bir rektora sual vermək imkanı verildi. Bu üç səhifəlik sənəddə islahatın “zərurətini” sübut etdikləri əsas “arqument”, görünür, paytaxtda əhalinin həddindən artıq cəmləşməsini aradan qaldırmaq istəkləridir. Bununla bağlı soruşdum ki, izah edin, hansı prinsiplərdən istifadə etdiniz, konsepsiyanız nəyə əsaslanır ki, İvane Cavaxişvili, Akaki Şanidze, Niko Tsxedadze, Petre Melikişvili, Ekvtime Takaişvili, Dimitri Uznadze, Qriqol Tsereteli, Kote Abxazi və digər universitet təsisçiləri tərəfindən Tbilisinin mərkəzində başlanan işlər “artıq” hesab olunur. Hökumətə yaxın iş adamlarının iştahası Gürcüstan təhsil ənənəsini necə “ölçdü”? Onların buna cavabı yoxdur, onlar iddia edirlər ki, Rustavidə tələbələr üçün cənnət yaratmalıdırlar. Bu “dəmir arqument” yüksək vəzifəli məmurların milyardlarla dolları mənimsəməsi ilə bağlı son seriyalarla tamamilə məhv edilib! Onlar bunu bizə canlı yayımda göstərirlər. İnfrastruktur naziri keçirdiyi brifinqdə 214 layihədən 161-nin ya həyata keçirilmədiyini, ya da qismən həyata keçirildiyini açıqladı. Və  bu “nailiyyət” qazananlar komandası bizə universitet binalarını satıb bizim üçün yeni binalar tikəcəklərini vəd edirlər. Eyni zamanda, balaca uşaqlar küçəni bağlayaraq deyirlər: “Məktəbimizi tikmək üçün pulu mənimsəmisiniz, bizə bina verin”.

Bu, hazırkı hökumət komandasının məsuliyyəti deyilmi? O dövrdə hökumətə nəzarət edənlər, parlamentdə və partiyada ən yüksək vəzifələri tutanlar onlar idi və onların birbaşa vəzifəsi hökumətə nəzarət etmək idi. Nəzarət arqumentləri demək olar ki, hər gün mediada dərc olunurdu.

Daha da dramatik bir nümunə var: İdman Universitetinin binası eyni ərazidə universitet üçün bina tikməyə məcbur olan bir iş adamına satıldı, lakin bu universitet hələ də digər təhsil müəssisələrinə sığınır və onun gələcəyi qeyri-müəyyəndir. İlia Universiteti belə bir aqibəti qəbul edə bilməz!

Bundan əlavə, islahatın Konstitusiyaya zidd olması, institut muxtariyyəti, proqramlar və tədqiqatın gələcəyi, ali təhsilin təcrid edilməsi və bu islahatın həyata keçiriləcəyi halda qazanacağımız ali təhsilin təcrid edilməsi barədə suallar verdim.

 

– Bu görüşdən sonra islahatla bağlı baxışınız dəyişibmi və hansı şəkildə?

 

– Xeyr, dəyişməyib. Orada açıq şəkildə bildirilən tək şey müzakirə üçün yerin açılacağı və bizim də daxil olacağımız idi. Bu sadəcə universitet icmamızın növbəti tələbi idi.

 

– Bu gün ali təhsil islahatı konsepsiyasında gördüyünüz əsas təhlükələr hansılardır, onun tətbiqi kimə və ya nəyə təsir edə bilər, bu nə dərəcədə obyektiv şəkildə həyata keçiriləndir?

 

– Bu islahatın fəlakətli nəticəsi universitet muxtariyyətinin və ümumiyyətlə, akademik azadlığın tamamilə məhv edilməsi olacaq. Bu, Konstitusiyaya ziddir. Tamamilə anlaşılmaz süni müdaxilə – bir şəhərdə bir fakültə – nəinki tam xaosa səbəb olacaq, həm də müasir universitet təhsilinin əsas prinsipi olan fənlərarası və tədqiqata əsaslanan tədrisi məhv edəcək. Planlaşdırılan islahat populyar fakültələrdə yerlərin sayını kəskin şəkildə azaldacaq və bu da bir çox tələbə üçün təhsil haqqını artıracaq. Onlar özəl universitetlərdə istədikləri ixtisası seçməyə məcbur olacaqlar. Dövlət universitetlərinin artıq xarici tələbələri qəbul edə bilməyəcəyinə qoyulan məhdudiyyət beynəlxalq təhsil kontekstini sistemdən çıxaracaq və digər eyni dərəcədə zərərli təşəbbüslərlə birlikdə yalnız “kağız üzərində elan edilən” beynəlmiləşmə strategiyasına mane olacaq.

 

– Ali təhsilin canlandırılması baxımından konsepsiyanın müsbət cəhətləri hansılardır?

 

– Mövcud dövlət universitetləri sisteminin dağıdılmasına və binaların satışına əsaslanan konsepsiya müsbət ola bilməz. Bu, böyük gecikmələrlə inkişaf edən, lakin yenə də müsbət dinamika ilə davam edən Gürcüstan universitet ənənəsinə tamamilə ziddir. Təəssüf ki, bu plan bizə ötən əsrin 30-cu illərində Toroşelidzelər, Oraqvelidzelər və Kaliçavalar tərəfindən universitetdə aparılan və fəlakətli nəticələrin aradan qaldırılmasının onilliklər çəkən “islahatları” xatırladır.

 

Mənbə: edu.aris.ge

Gürcü dilindən tərcümə etdi Aynurə Əliyeva