Varlıların daha da varlandığı, kasıbların daha da yoxsullaşdığı bir dünyada və zamanda bizim qəzet yazmağımızı yel dəyirmanı ilə döyüşməyə bənzədirlər. Kranı açanda su yerinə az qala informasiyanın axdığı bir vaxtda bizim informasiya vakuumunda qalan bölgələrimiz (Marneuli qismən istisnadır. Orada ən azı “Radio Marneuli” kimi Azərbaycan və gürcüdilli müstəqil media var.) üçün müstəqil qəzet, sayt, radio, televiziya doğrudanmı lazım deyil? Doğrudanmı yaşadığımız kənddə, şəhərdə, bölgədə, ölkədə nələrin baş verdiyindən xəbərdar olmaq istəmirik? Məsələn, Qardabanidə elə adamlar var şəhərin merini tanımır. Son yerli seçkilərdə heç namizədlərin kim olduğunu yerli sakinlər, seçicilər (!) bilmirdilər. Yerli büdcədən və planlaşdırılan layihələrdən əhalinin xəbəri yoxdur və sair. Bütün bunlar həm də yerli medianın olmamasına görə baş verir.
Yerli əhali yerli informasiyanı ya mərkəzi televiziyalar vasitəsi ilə, ya da malalanmış şəkildə Azərbaycan televiziyaları vasitəsi ilə əldə edir. Mərkəzi medianı yalnız gürcü dilini bilənlər izləyə bilirlər. Buna baxmayaraq, yenə də bölgələrdə baş verən və verməyən ictimai, siyasi, mədəni proseslər kölgədə qalır, işıqlandırılmır. Olsa-olsa, ayda ildə bir namaz, onu da şeytan qoymaz. Ya gərək qız qaçırıla, ər arvadını öldürə, ya da narkotik alverçisindən-zaddan tutalar ki, bölgələrin adları mərkəzi mediada hallana. Yəni hansısa mərkəzi media nümayəndəsi, jurnalist, müxbir, bloqer, tik-toker gəlib yerli özünüidarəetmə orqanlarının qapısını açıb yerli məsələlərdən danışası, yerli problemlər haqqında suallar verəsi, yerli prosesləri işıqlandırası deyil. Bunun üçün yerli media lazımdır, bu medianı ayaqda tutacaq, yaşadacaq, xalqın səsini bütün dünyaya çatdıracaq, yerli əhalinin gözü, qulağı, ağzı olacaq azad, vicdanlı, qərəzsiz işləyəcək sağlam komanda lazımdır.
Bu gün gənc nəsil sosial şəbəkələrdə avaralanır, harada ki yerli informasiyadan əsər-əlamət belə yoxdur. Halbuki texnologiyanın bu imkanlarından yararlanıb hərə öz yaşadığı məhlənin, kəndin, şəhərin problemlərini çəkərək, danışaraq, yazaraq işıqlandıra bilər. Məsələn, Qardabaninin mərkəzi Ağmaşenebeli küçəsindəki binaların kanalizasiyası yayı-qışı aşıb-daşır, çirkli su supermarketin yanı ilə mərkəzi yola qədər axır. Üfunətdən nəfəs almaq olmur. İnsanlar bu murdar, xəstəlik mənbəyi olan çirkli axıntını məcbur ayaqlayıb ərzaq satılan marketə girib-çıxırlar. Təsəvvür edin, bu, nə deməkdir. Vəziyyətin yayı-qışı eyni olmasından bəlli olur ki, məsələ ilə maraqlanan yoxdur, amma yerli media olsaydı problemi işıqlandırardı, aidiyyəti qurumların qapısını açardı, sual verərdi. Kameradan qorxan hökumət nümayəndələri də məcbur məsələ ilə maraqlanar və səs-küy yaranmamış həllinə çalışardılar. Və ya sosial mediada avaralanların hərəsi bu ürəkbulandıran mənzərəni çəkib paylaşsa, etiraz etsə, şikayətlənsə, yenə də məsələyə diqqət çəkə bilərlər. Axı dünyada vətəndaş jurnalistikası, vətəndaş mediası deyilən anlayışlar var. Yaşlı nəsil isə çayxanalarda avaralanır ki, faktiki olaraq bölgələrdə çayxanalardan başqa “informasiya mərkəzləri”, “informasiya agentlikləri” yoxdur.
Varlıların daha da varlandığı, kasıbların daha da yoxsullaşdığı bir ölkədə və zamanda bizim qəzet yazmağımızı yel dəyirmanı ilə döyüşməyə bənzədən bu amorf kütlə öz axmaq, kölə, qorxaq düşüncəsini dəyişməyənə qədər, bu düşüncə tərzindən azad olmayana qədər, öz komfort zonasından çıxıb etiraz etməyənə qədər, sual verməyənə qədər, hesabat istəməyənə qədər, tələb etməyənə qədər bölgələrimiz informasiya vakuumunda qalacaq. Yerli özünüidarəetmə orqanlarında baş verənərdən nə yerli əhalinin, nə də mərkəzi hakimiyyətin xəbəri olacaq.
Varlıların daha da varlandığı, kasıbların daha da yoxsullaşdığı bir ölkədə və zamanda bizim qəzet yazmaqda məqsədimiz isə bu məhdud imkanlarla bacardığımız qədər xalqın səsi, əhalinin sözü, qaranlıqları aydınlatmağa çalışan işığı, güzgüsü olmaqdır. Varlanmaq istəsəydik sizin “məsləhətlərinizi” dinləyib özümüzə başqa peşə, məşğuliyyət tapardıq.
O ki qaldı yel dəyirmanı ilə döyüşməyə, az aşım, ağrımaz başım, ac qulağım, dinc qulağım deyib kənardan passiv tamaşacı olmaq, başqalarının mübarizəsi ilə qazanılan şəraitdən yararlanmaq heç yel dəyirmanı ilə də döyüşmək deyil, çünki döyüşmək feilinin icrası üçün ən azı ölü kimi yatdığın yerdən ayağa qalxıb irəli addım atmaq, hərəkət eləmək lazımdır.
Azər MUSAOĞLU