Bu həyat imtahanlarla doludur, çətinlikləri çoxdur. Bəzən dözə bilməyəcəyimiz qədər ağır dərdlərlə gəlir üzərimizə. Amma hər biri gəlib keçib gedir. Həyat imtahanlarından başqa bizi indi universitet imtahanları gözləyir. Həyat imtahanlarıyla qəflətən üzləşirik, amma bu test imtahanına əvvəlcədən hazırlıq başlayır, xəbərdarlıq edilir. Hər birimizə həyat imtahanı çətin gəlir, amma təəssüflər olsun ki, hələ də bu testdən ibarət olan imtahanı özünə ölüm-qalım məsələsi edən gənclər, abiturientlər var.

 

Artıq, demək olar ki, imtahanlara son bir ay qalıb, imtahan öncəsi stres də normal olaraq başlayıb. Özünə inamsızlıq, qorxu, təlaş, həyəcan insanın yuxularını qarışdırmağa səbəb olur. Bütün həyatını imtahana bağlayanların halı isə daha betərdir. Hələ cavabları naməlum olan imtahanın düşüncəsi yetmirmiş kimi bir də valideyn basqısı...

 

Valideyn çalışmalıdır ki, övladına dəstək olsun, onun üzərinə getməsin, çünki valideyn uşaqları imtahana hazırlayır. Əslində, təkcə biz imtahan vermirik, valideynlərimiz də bizimlə bərabər o imtahanı verirlər. Bir neçə il öncəyə qədər məktəblərdə attestat imtahanları keçirilirdi, hər bir məzun bu imtahanı verməli idi. Ali məktəbə getməyənlər üçün bu, elə də böyük dərd deyildi, amma universitetə hazırlaşan hər bir abituriyent bu imtahanı verməli idi. O zamanlar məktəb koridorlarında yaşanan həyəcan və hisslər gözümün önünə gəlir. Övladı uğurla imtahan otağından çıxanda valideynin tökdüyü göz yaşı, yaşadığı hiss və duyğu, bir sözlə, ən azı övladı qədər o imtahanı yaşadığını göstərirdi. Elə bir vəziyyət yaranırdı ki, sanki övladı yox, özü o imtahan otağındadır.

 

İndi o imtahanlar yoxdur, amma qəbul imtahanı var. Məktəbdə öyrəndiyimiz o qədər fənnin bizə yardım etmədiyi sadəcə bir imtahan – riyaziyyat və məntiq imtahanı var. 12 il öyrətdikləri hər şeyi 3 saat içində yoxladıqları həmin o imtahana az qalıb.

 

Bəzi valideynlər övladından çox şey tələb edirlər. O qədər ili uşağı oxumayıb, nə də ki, üzərinə düşməyib. İmtahana 10 ay qalmış isə müəllim yanına hazırlığa göndərərək övladlarından yüksək nəticə tələb edirlər. Bu, doğru hərəkət deyil. Uşaq qorxuya düşür, fikirləşir ki, bu qədər xərc çəkilib, imtahandan kəsilsəm bu fəlakətim olacaq. “Mən bu imtahanı verə bilməsəm evdə üzümə baxan deyillər” deyən neçə yoldaşlarım var. Çünki uğursuzluqla qarşılaşacağı üçün qorxuya düşüblər. Axı nəyə görə 3 saatlıq bir imtahan üçün övladından keçən valideynlər var. Məhz elə buna görə imtahanda uğursuz olub deyə öz canına qıyan gənclər hələ də var. Düşünürlər ki, aşağı bal toplayıbsa, imtahandan kəsilibsə, deməli bir də bu şans ona verilməyəcək. Bunların hamısının səbəbkarı valideyn və qohum-əqrəbadır; bir də, sadəcə danışmaq üçün danışanlar, hansı ki, heç o imtahanı verən uşağın bildiyini bilmirlər. “O boyda pulu tökdü hazırlığa, uşaq da bir yarıdan olaydı, ağlı da yoxdur belə şeyə pulunu hədər edirdi” deyən insanların ucbatından qorxu içində özünə inamsız şəkildə imtahana girib, həyəcan bir yandan, qorxu da bir yandan, bildiklərini də unudurlar. Gələcəklə bağlı düşüncələr, qohum-əqrəba tərəfindən qınanmaq qorxusu, valideyn tərəfindən təzyiqə məruz qalmaq – hamısı üst-üstə gəlir, belə olan halda nəticə, əlbəttə, uğursuz olar.

 

Danışanlara bəlkə heç nə edə bilmərik, amma ən böyük dəstək valideyn dəstəyidir. Valideyn uşağını psixoloji olaraq rahat saxlamalıdır. “Bu il olmasa, gələn il cəhd edərsən, harada hansı səhvləri etmisən, araşdırarsan, tapıb daha yaxşı hazırlaşarsan” deməyin özü uşaqda motivasiya yaradır. Atalar demiş, nə tökərsən aşına, o da çıxar qaşığına. Uşağı ruhlandırsan o da səni sevindirmək üçün çalışar. Valideyn övladına sevgi, güvən, inam verdikcə, övlad ailədə özünü mühüm biri kimi hiss edir, faydalı olmağa çalışır.

 

Keçən il qəbul olan dostlarımla söhbət etdim. Uğurlu olmuş insanların videolarını izlədim. Deməli, imtahan qabağı stresi, təlaşı azaltmaq üçün gələcəklə bağlı gözəl günləri düşünmək lazımdır. İmtahandan bir neçə gün əvvəl mümkün qədər dərsləri azaltmalıyıq. Beyini çox yormaq olmaz. Yuxu saatına diqqət etmək lazımdır, imtahandan öncə 1 saat yuxu saatımızı artırmalıyıq, bunu səhər gec duraraq yox, axşam tez yataraq etməliyik. Bu zamanlarda lazımsız informasiyalarla beyini doldurmaq olmaz. Buna görə də sosial media, filmlər, kompüter oyunlarından uzaq durmaq lazımdır.

 

İmtahan müharibədən də çətindir (Napoleon). Bu çətinliyə qalib gəlmək üçün, bəli, əvvəla çox çalışmalıyıq, amma sadəcə biliyi, gücümüzü yox, psixoloji baxımdan da özümüzü hazırlamalıyıq.

 

İnsan özünə inansa bacara bilməyəcəyi şey yoxdur.

 

Bütün imtahan həyəcanında olan hər kəsə uğurlar arzulayıram!

                        

   Müəllif: Aytən Fətullayeva