İyulun 19-u ölümünün bir ili tamam olur... Dünyasını dəyişməsindən bir il ötür... Düz bir ildir ki, aramızda yoxdur... Öldü, dünyasını dəyişdi, aramızda yoxdur, tərk elədi, rəhmətə getdi, vəfat etdi... bu ifadələrdən hansını yazasan ki, ağır olmaya, doğrudan çox yalanı ifadə edə, reallıqdan çox mücərrədliyə apara, gerçəkdən çox yuxu ola. Və bu qorxulu yuxudan ayılıb görəsən ki, ölməyib, dünyasını dəyişməyib, aramızdadır, yenə də səhər o başdan duraraq bağçasındakı meyvə ağaclarının budaqlarını darayıb, suyunu verməyi çatdıraraq üçüncü evi olan Mədəniyyət Evinin qapısından birinci o girib. Onun üç evi, üç ailəsi olub: boya-başa çatdığı, hər daşında, hər ağacında əməyi, zəhməti, haqqı olan baba evi, ata evi; Qardabani Mədəniyyət Evi və qısa ömrünün yarısını yaşadığı Tiflis teatrı. Bəlkə də qısa ömrünü bu üç ev, ailə arasında ədalətli bölməyi bacaran tək-tük adamlardan oldu. Onu uşaqlıqdan tanıyan, tələbəlik illərini bərabər yaşayan, eyni teatrın səhnəsini bölüşən biri kimi onun haqqında keçmiş zamanda danışmaq, yazmaq mənimçün ağır olduğuna görə çox vaxt onun haqqında daha çox susuram və rica edirəm ki, bu susqunluğumu düzgün anlayasınız. Bu gecikmiş kiçik yazını yazmaq üçünsə düz bir il zamanın keçməsi gərək oldu.

 

“Teatrı sevin və əgər bacarırsınızsa o teatrda ölməyi bacarın”. Fazil Bayramov teatrı çox sevirdi və o teatrda yaşamağı da, ölməyi də bacardı. Belinskinin bu deyimini xitab olaraq özünə aid etdi, öz üzərinə götürdü sanki və böyük mütəfəkkirə teatrı sevməyi və teatr üçün ölməyi sübut etməyə çalışdı, etdi də. Və bununla da öz missiyasını Yer üzərində başa vurmuş oldu. Ömür imkan versəydi bəlkə teatr üçün daha çox yaşayıb, daha gözəl ölərdi – istədiyi, arzuladığı kimi, səhnədəcə və elə həmin səhnədən də tamaşaçılarından son dəfə gül dəstələrini və alqışlarını alıb əbədi vidalaşardı. Ədalətsizlik olmasaydı. Sonra Belinskinin bu sözlərini feysbuk profilində şüara çevirdi, istədi teatrı daha çox adam sevə, daha çox adam teatrda ölməyi bacara... Sonra Belinskinin bu sözləri başdaşının üzərinə də yazıldı, özü ilə məzara götürdüyü bu yeganə cümlə ilə hələ də teatrı sevməyi və teatrda ölməyi məsləhət görür.

 

Fazil təkcə yaxşı aktyor deyildi, öz rolunu təkcə səhnədə yaxşı oynamırdı, həmçinin yaxşı insan idi, yaxşı həyat yoldaşı, yaxşı ata, yaxşı dost idi və həyatdakı rolunu da yaxşı yaşayırdı, baxmayaraq ki, bəzən taleyin onun həyatı haqqında yazdığı pyesin zəiflikləri, çətinlikləri, çatışmazlıqları olurdu, Fazil həyatdakı rolunu bu “zəif pyesin” öhdəsindən gələrək məharətlə, dözərək, impovizələr edərək daha gözəl canlandırırdı.

 

“Əl tutmaq Əlidən qalıb” deyərək hamıya əl tuturdu – pulmu lazımdır, özündə olmasa da başqasından borc alıb sənə verəcəkdi, köməkmi lazımdır, öz işini-gücünü buraxıb sənə kömək edəcəkdi, yol yoldaşımı lazımdır, səninlə dünyanın o başına da gedəcəkdi. Sözün əsl mənasında fədakar idi. O, tənbəllik, yorğunluq, kin, nifrət, müxənnətlik bilməzdi nədir və bunlarla qarşılaşanda da bağışlamağı bacarırdı, heç vaxt küsülü qalmırdı. Xətrinə dəysələr də, incitsələr də yaşının və başının böyüklüyünə-kiçikliyinə baxmadan birinci Fazil yaxınlaşardı, salamlaşardı, barışardı. Mən onun qədər dostu, tanışı olan adam tanımıram. Təkcə Gürcüstanda deyil, Azərbaycanda, Türkiyədə, İranda dostları, tanışları çox idi. Fazili hamı çox sevirdi.

 

Yaşadıqları çətinliklərə baxmayaq Fazil həmişə gülərüz idi, ruhdan düşməzdi, nikbin idi. Son gününə qədər də belə qaldı. Bizlər onu inandırmaqdan, o bizləri inandırmışdı ki, hər şey yaxşı olacaq, fikir etməyin, günü-gündən sağalıram, yaxşı hiss edirəm özümü... Təəssüf... Təəssüf ki, inandıra bilmişdi bizləri...

 

Əlbəttə, kiçik bir yazıya Fazil haqqında demək istədiklərimi, xatirələri sığışdırmaq mümkün deyil. Elə gün yoxdur ki, Fazili xatırlamayaq, onun zarafatlarını, sözlərini sitat kimi işlətməyək. İstəsək də Fazili unuda bilmərik  onsuz da, çünki o yaddaşımızda və qəlbimizdə olduğu kimi, həm də hər yerdədir – gəzdiyimiz küçələrdə, yeridiyimiz yollarda, cığırlarda, girdiyimiz evlərdədir Fazil, oturduğumuz parklarda, mağazalarda, Qardabani-Tbilisi “marşrutkalarında”, Mədəniyyət Evində, Tiflis teatrında, yadigarı Onurunda... Və biz dostlar-tanışlar həmişə bir yerə toplaşanda Fazilin də aramızda olduğunu, bir kənarda oturub nazik siqaretini tüstülədə-tüstülədə dodağında təbəssüm bizə baxdığını bilirik... bilirik və inanırıq...

 

Ruhun şad olsun, teatrı sevən və o teatrda yaşamağı və ölməyi bacaran adam!

 

Azər MUSAOĞLU