Fevralın 25-i Gürcüstanda sovet işğalı günüdür. 1921-ci ilin 25 favralında Gürcüstan Qırmızı ordu tərəfindən işğal edilir və ölkədə sovet hakimiyyəti qurulur. Bu il bolşeviklərin Gürcüstan Demokratik Respublikasını işğal etməsindən düz 100 il ötür. Bu, Gürcüstanın Rusiya tərəfindən ilk və son işğalı deyil. Bu tarixdən əvvəllər də, sonralar da Gürcüstan dəfələrlə Rusiya tərəfindən işğala məruz qalıb. Axırıncı belə fakt isə 2008-ci ilin avqustunda baş verdi ki, hamımız şahidi olduq.
2019-cu ilin iyul ayının 13-dən 29-dək ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda 2131 respondent arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, ölkədəki milli azlıqların (!) 58 %-i SSRİ-nin dağılmasını Gürcüstan üçün pis hadisə hesab edir. Onlar azad olmuşlar deyil, azad edilmişlərdir hər halda...
Bəli, Rusiyanın Gürcüstana qarşı işğal siyasəti bu gün də davam etməkdədir.
Əgər bu gün rəyi soruşulanların yarıdan çoxu SSRİ-nin dağılmasını pis hadisə hesab edirsə, demək işğal davam edir. SSRİ-nin dağılmasını pis hadisə hesab etmək elə SSRİ-nin xiffətini çəkməkdir, SSRİ-ni arzulamaqdır, SSRİ-nin qırmızı boyunduruğu altına girmək eşqi ilə yaşamaqdır.
Əgər bu gün məktəblərdə, universitetlərdə, dövlət idarələrində SSRİ-dən qalma naftalin qoxulu azad edilmişlər müəllimlik edirsə, professorluq edirsə, idarəçilik edirsə; Sovet üsul-idarəsi, metodologiyası, diktaturası, donosçuluğu, senzurası bu gün də tətbiq edilirsə, demək bolşeviklərin işğalı hələ davam edir.
Əgər mən bu gün soyadımda SSRİ-nin “qoşduğu” “ov”, “yev” sonluqlarını daşıyıramsa, soyadımdan bu “ov”u, “yev”i sildirə bilmirəmsə, demək işğal hələ davam edir. Böyük Xəlil Rza Ulutürk demiş: “Davam edir 37!”
...Nə qədər ki, bir milləti 70 yerə bölənlər var
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yanbızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə
əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbaş,
kəmsavad var.., (Xəlil Rza Ulutürk) – demək işğal hələ davam edir.
Axı işğal təkcə tanklarla, qırıcılarla başqasının ərazisinə daxil olub, əhalisini qırmaqla, qaçqın etməklə olmur. Axı işğal həm də ideoloji olur, təbliğatla, dil ilə həyata keçirilir. Bu gün bunu danışığımızda da görə bilərik, rus sözləri dilimizin də iyirmi faizini işğal edib desək, şişirtmiş olmarıq.
Bu gün yaşlı nəslin SSRİ sevgisi, təəssübkeşliyi insanların qəlblərinin, beyinlərinin də işğal olunduğunu və bu işğaldan azad ola bilmədiyini göstərir. Küçələrimizin adları da işğal altındadır, sovetdənqalma küçə adları hələ də dəyişdirilməyib çox yerdə. Hələ də sovetdənqalma adəltəri özümüzünkü kimi yaşayır və yaşadırıq.
Və nə qədər ki, bolşevik kafalılar bizə dərs keçəçək, ağsaqqalıq edəcək, idarə edəcək, yol göstərəcək bolşevik işğalı da davam etmiş olacaq.
Yazını Elçibəyin sözləri ilə tamamlayıram: “Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar”. Azad olaq!
Azər MUSAOĞLU