Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GYMD) təşkilatçılığı və Aziz Mahmud Hüdayi Vəqfinin maddi dəstəyi ilə 2021-ci ilin aprel ayının ikinci yarısında Gürcüstanın Tbilisi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Kaxeti və Tetricğaro (Ağbulaq) bölgələrində yaşayan aztəminatlı və ehtiyac sahibi olan 400-ə yaxın ailəyə Ramazan ayı münasibətilə ərzaq yardımı paylanıb.
GYMD-nin sədri Musa Hacıyevin "Yen Yol"a bildirdiyinə görə, koronavirus (COVID-19) pandemiyasının yaşandığı bu çətin günlər nəzərə alınaraq Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə hazırlanmış ərzaq paketləri ötən illərə nisbətən daha zəngin hazırlanıb.
M.Hacıyev bildirib ki, iftar süfrələri üçün nəzərdə tutulmuş məbləğ də pandemiyaya görə bu il ərzaq yardımı üçün xərclənib ki, daha çox ailəyə ərzaq yardımı çatdırılsın. Buna görə də həm yardım bağlamasının sayı, həm də içindəki ərzaqlar artırılıb.
Musa Hacıyev edilən bu yardıma görə həm təşkilat, həm də Gürcüstan xalqı adından Aziz Mahmud Hüdayi Vəqfinə təşəkkürünü bildirib.