2026-cı ilin müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahanı 5 iyulda başlayır. Bu il ilk dəfə pedaqoqlar və bu peşəyə daxil olanlar eyni zamanda üç fəndən imtahan verə biləcəklər. Ümumilikdə fənn, xüsusi baş müəllim və baza peşə bacarıqları imtahanına 29000-dən artıq aplikant qeydiyyatdan keçib, onlar arasında bizim müsahibimiz – Tbilisi 221 saylı ictimai məktəbin ibtidai sinif müəllimi İrina Putkaradze də var.

 

İrina Putkaradze ötən illərdə ibtidai pillənin (I-IV) və idman (I-XII) imtahanını verib. Bu il isə vətəndaş təhsili (VII-XII) imtahanlarını vermək istəyir, ancaq buna baxmayaraq bizimlə söhbəti zamanı müəllimin kompetensiyasını təsdiqləməsini imtahanla deyil, “tam başqa cür təsəvvür etdiyini” deyir.

 

O düşünür ki, imtahanı “həyat və zaman tələb edir”. Ancaq müəllim kompetensiyasını imtahanda deyil, sinif otağında təsdiqləməlidir. Təhsil, Elm və Gənclər Nazirliyi isə pedaqoqlar korpusu üçün məhz belə alternativ təklif etməlidir:

 

“Müəllimin necə olduğu imtahanla deyil, sinif nəticəsində olmalıdır. Niyə? – Ola bilsin müəllim imtahanı ideal şəkildə versin, amma bunların hamısını sinif otağında həyata keçirə bilməsin. İmtahanda topladığı bala uyğun dərs keçə bilməsin. Ona görə də sinif otağına gələcək, dərsdə iştirak edəcək və dərsi necə keçdiyimə baxacaq bir qrup olmalıdır. Müəllimin necə zəhmət çəkdiyini şagirdlərin nəticələri göstərməlidir. Sənin şagirdin sənin simandır. Buradan irəli gələrək, düşünürəm ki, sinifdə 28-29 uşaq varsa və onun 20-sinin ideal şəkildə akademik göstəricisi varsa, burada artıq təsdiq edilməli heç nə yoxdur.

 

Mənim Təhsil Nazirliyinə əsas sözüm də bu olardı ki, imtahana alternativ hazırlasınlar, bütün fənn, aparıcı-mentor imtahanlarından keçmiş müəllimləri qiymətləndirsinlər. Onların nəticələri itməməlidir, pedaqoqları qiymətləndirəcək fərqli alternativ yol hazırlanmalıdır”.

 

Pedaqoq İrina Putkaradzenin qeyd etdiyi kimi, imtahan və ya onun hər hansı bir alternativi olmasından asılı olmayaraq, müəllim yeniliklərə və çağırışlara hər zaman hazır olmalıdır – “Əgər müəllim olmaq istəyiriksə, inkişaf haqqında da düşünməliyik; əgər inkişaf etmək istəmiriksə, başqa peşə seçməliyik”:

 

“Mənim müşahidəmə görə, müəllimlər həmişə çətinliklərdən qorxurlar, xüsusilə 60 yaşdan yuxarı müəllimlərdən söhbət gedir. Hər yaşda olan müəllimlərə deyərdim, əgər sən bu peşəyə girirsənsə bilməlisən ki, tez-tez yeniliklər, çətinliklər, yeni inkişaf yolu da olacaq və sən bunu qorxu ilə deyil, inamla qarşılamalısan. Əgər inkişaf etmək istəmiriksə, o zaman başqa peşə seçməliyik.

 

Bəzisi düşünür ki, müəllimlik asandır və bu peşəyə daxil ola biləcək. Günortaya qədər işləyəcəm, yayda istirahət edəcəm. Belə adamlara da müraciət edirəm: Yayda da sentyabrdan şagirdlər və öz peşəkar inkişafın üçün nə edəcəyini düşünməlisən. Əgər belə düşünməsəniz inkişaf olmayacaq. Zaman keçdikcə daha fərqli uşaqlar gəlirlər. Belə halda, əgər hazırlıq olmasa, daha çox oxumasanız bu uşaqlar üçün hazır olmayacağıq. Ona görə də əgər müəllim olmaq istəyiriksə, inkişaf barədə də düşünməliyik”.

 

Müəllim imtahanında iştirak edənlərə tövsiyyələr:

 

2026-cı ilin müəllim imtahanı və pedaqoqların imtahan qabağı həyəcanı ilə bağlı İrina Putkaradze öz təcrübəsinə əsaslanaraq bildirir ki, müəllim imtahana yaxşı hazırlaşmalıdır, imtahan prosesində isə məsələlərin ardıcıllığını qorumalı, vaxtı düzgün bölməlidir:

 

“Pedaqoqlar əsasən ötən illərin testlərinə baxırlar, əvvəlcədən həyəcanlanırlar və düşünürlər ki, imtahan çətindir. Ancaq bizim əsas məsləhətimiz budur ki, ötən illərin materialları ilə tanış olmasınlar, imtahanlara daxil edilmiş məsələlərlə tanış olsunlar. Mühüm mövzuları yazsınlar və imtahan günündən əvvəlki gecə deyil, imtahana 15 gün qalmış baxsınlar. Müəllim imtahana yaxşı hazırlaşmalıdır. Əgər pedaqoq bu məsələlərə baxmasa, nələrisə axtarmasa, oxumasa, imtahanı vermək çətin olacaq. Ümumiyyətlə, hər şeyi birdən-birə xatırlamaq çox çətindir. Ona görə də yaxşı olar ki, əsas məsələləri qeyd etsinlər və nəzərdən keçirsinlər.

 

İmtahanda mühümdür ki, məsələlərin ardıcıllığına riayət edəsən. Çünki nisbətən asan məsələlərdir, sonra orta, sonda isə çətin olur. Sən işə çətinlə işləməyə başlayırsan və beynin yorulur, sonra ola bilsin asan məsələ də bizə çox çətin görünsün. Həmçinin yazarkən cavabları cavab vərəqinə köçürməyiniz də vacibdir. Ola bilsin ki, sonda vaxtınız çatmasın və cavabları köçürərkən səhvlərə yol verəsiniz”.

 

Bizim müsahibimiz müəllim imtahanında iştirak edənlərə yaxşı nəticə əldə etmək üçün imtahan prosesinə qarşı pozitiv əhvali-ruhiyyəni qoruyub saxlamağın mütləq olduğunu da tövsiyə edir.

 

“Məndən daha təcrübəli, peşəkar və nəzəri, yaxud praktiki olaraq öz işini bilən müəllimlər imtahana gedib, ancaq stresə görə imtahanı verə bilməyiblər. Əhvali-ruhiyyənin böyük əhəmiyyəti var. İmtahandan keçə biləcəyinizə dair hər zaman əvvəlcədən daxili bir inam, müsbət əhvali-ruhiyyə yaratmalısınız. “Əgər kəsilsəm...” deyə düşünməməlisiniz və bu imtahanın həyatınızda hər şeyi həll etdiyini zənn etməməlisiniz. Düşünməlisiniz ki, bununla nə hər şey bitir, nə də hər şey başlayır. Hesab etməlisiniz ki, bu, adi bir gündür – “Yaxşı nəticə olsa – əla, olmasa da – eybi yoxdur, özümü oda-közə vurmaram, gələcəkdə bir daha sınayaram”.

 

Hər hansı bir imtahanda lazımi balı toplaya bilməməyiniz sizin peşəkar olmadığınız mənasına gəlmir. Biz heç nəyi sübut etmirik. Sadəcə həyat və zaman tələb edir ki, [kompetensiyanızı] təsdiqləyəsiniz. Bütün bunlar bizə kvalifikasiyamızı yüksəltmək və “yaxşı” – bir az daha çox maaş almaq üçün lazımdır. Məsələyə daha səthi yanaşın, onda hər şey daha yaxşı alınacaq”, – deyə İrina Putkaradze EDU.ARIS.GE-yə müsahibəsində bildirib.

 

Mənbə: edu.aris.ge

Gürcü dilindən tərcümə etdi

Aynurə Əliyeva