Anam deyərdi ki, bizim dövrün uşaqları hesab edirdilər ki, müəllimlər yemək yemir. Anama gülüb demişdim ki, sizin dövrün uşaqları cahil olublar. Anam da mənim cahilliyimə gülümsəyib demişdi ki, yox, cahil deyildik, evdə dayın müəllim idi, bilirdik ki, yaşamaq üçün yeməlidir, sadəcə müəllimi elə uca hesab edirdik, müqəddəsləşdirirdik. Müəllimlərimizi uzaqdan görəndə yoldan kənara çəkilərdik, onlar oturan yığıncaqda danışmağa çəkinərdik ki, birdən cümlədə sözlərin yerini dəyişik deyərik... Səliqəli geyinənə: “Müəllim kimi geyinib”, – deyərdik, səlist danışana: “Müəllim kimi danışdı”, – deyərdik. Bax, elə ona görə müəllimi özümüzdən fərqli görürdük.

 

Bunları anam mənə məktəbli olanda danışmışdı. Əslində, müəllimlər əhatəsində böyüyürdüm. Bilirdim ki, müəllimlər yeyir də, içir də, lazım gələndə səhv edir də. Amma anamın müəllimlərinə verdiyi dəyər mənə müəllimlərimi elə sevdirmişdi ki, mən orta məktəbdəki mənə dərs deyən, ya deməyən bütün müəllimlərimə anamın təsviri kimi rəğbət bəsləyirdim. Onların danışdığı cümlələrin içindən mütləq maraqlı, dəyərli bir cümlə tapıb onu kitabçama yazardım. Məktəbi bitirəndə mənə dərs deyən müəllimlərimə aid maraqlı bir “aforizm” olan cümlələr və nümunəvi əhvalatlardan ibarət bir kitabçam vardı.

 

Mən tibbi-bioloji fakültədə oxudum ki, kosmetoloq olum. İkinci ixtisasım kimya və biologiyadan müəllim olmağım anamı çox sevindirdi. Deyirdi ki, qadın səhərdən axşama evdən çıxanda evin sütunu zəifləyər. Sən müəllim ol ki, ailənə, uşaqlarına da zamanın olsun. Məzun olan bir şagirdin yaddaşında daim əziz xatirə olmaq gözəldir, demişdi. Bax, mən Cahangir müəllimi, Çoban müəllimi, Nigar müəllimi, eləcə də o biri müəllimlərimi necə xoş xatirə ilə danışıram. Müəllim şagirdin mənəvi ehtiyacı olan zamanda dayaqdır deyə heç zaman unutmur. Şagirdləri bütün sənətlərə də yönəldən müəllimdir, deyirdi.

 

Anam hər məni görəndə çox narahat şəkildə deyərdi: “Sənin fərqli anlatmaq qabiliyyətin, yaxşı nitqin, intellektin var, o qədər həkim var ki, sən müəllim ol, ikinci ixtisasın var, inan, yaxşı müəllim olacaqsan, seviləcəksən, şagirdlərə dost olacaqsan. Bax, heç kim polisin, hakimin, həkimin üstünə qaçıb öyrədənim deməz, amma müəllim hər kəsin öyrədənidir”.

 

Beləliklə, az müddət tibdə işlədim, analıq məzuniyyətinə çıxdım və yenidən iş həyatıma müəllim kimi başladım. İlk iş yerim Bakı şəhəri, biologiya təmayüllü məktəb oldu. Anam düz deyirdi, mən şagirdlərin dostu da oldum, yol göstərəni də, elm öyrədəni də.

 

Artıq illərin müəllimiyəm. Hazırda mənə ehtiyac olan yerdəyəm. Düzdür, mən şagirdlərimlə yemək də yeyirəm, mahnı da oxuyuram, rəqs də edirəm... Onlar məni başqa cür seviblər. Deməli, sevilməyin nə zamanı, nə mühiti var. Anam mənə müəllimə hörməti öyrətdisə, mən fərqli müəllimliyi anamın da müəllimi olan böyük bibimdən öyrəndim.

 

Mənim Badisəba bibim də bir başqa cür müəllim idi. Atamgilin diliylə bütün nəvələr, əmi arvadları, hətta ailəyə yaxın hər kəs ona “bajı” deyirdilər. Bacım riyaziyyat müəllimi idi. Olduqca tələbkar və ciddi müəllim idi. Onun haqqında deyərdilər ki, Badisəba müəllim 45 dəqiqəlik dərsin 15 dəqiqəsini tərbiyədən danışır. Bunu müdiriyyət də bilirdi, valideynlər də, amma hər kəsə xoş idi. Həftə ərzində bütün şagirdlərə nəzarət edər hər kəsin səhvini görər, riyazi yaddaşı ilə yadında saxlayardı və növbəti “15 dəqiqəlik mühazirələrin” birində deyərdi: “Bəzi qızlar oğlanların çox yığıldığı yerdə dayanırlar, olmaz elə, özünüzə hörmət edin, onlar birdən yersiz söz danışarlar, sizin eşitdiyinizi biləndə növbəti dəfə çəkinməyəcəklər” və “Filan vaxt bir yerdə bir qız çox hündürdən güldü, bunu ona yaraşdırmadım” və ya “Bir oğlan anasıyla yol gedirdi, səbəti anası götürürdü, kənardan baxan, nə qədər yaxşı da olsa, o oğlana yaxşı baxmayacaq”. Əlbəttə, ad çəkməzdi, amma hər kəsin özü bilirdi söhbət bu sinifdə kimdən gedir.

 

Badisəba müəllimin şagirdləri bu gün də onun dərslərini xoş xatirələrlə anırlar, axı hər dərsdən bir damcı da olsa nə isə qazanırdılar. Hamıya mütləq Pifaqor teoremi lazım olmadı, inteqral yada düşmədi, heç hiperbola rastına da çıxmadı, amma 15 dəqiqəlik mühazirələrdəki “Görəsən, müəllim hansı səhvimi görüb? Nə deyəcək?” və aldığı müsbət nəticələr həyatı boyu lazım oldu.

 

Yox, müəllim hörmətdən düşüb deməyin. Sadəcə, zaman və zamanın tələbləri dəyişib. Təcrübəmdən deyirəm. İndi şagirdlər bilirlər müəllim yemək yeyir, sözün həqiqi və məcazi mənasında. Onlar müəllimi müqəddəsləşdirmirlər ona görə ki, şagirdlər bilmədiyi sualın cavabını asanlıqla süni intellekdən ala biləcəklər. Amma Badisəba müəllimin 15 dəqiqəlik mühazirələrini heç bir mexanizm edə bilməz. Ona görə ki, müəllim şagirdini millət, vətəndaş, dövlətin gələcəyi kimi görür və narahat olur. Şagird də bu şəfqəti hiss edir və qarşılıqlı sevgi elm və təlimə əsaslanır.

 

Artıq anam həyatda yoxdur. O, mənə nümunəvi müəllimlərini sevdirməklə bir yol açdı. Bu onun yolu idi. Mən də o yolda yaxşılardan ibrət götürdüm. Özümü mükəmməlləşdirdim. Hər il daha da təcrübə topladım. İllərdir məzun olan şagirdlərim məni hörmətlə xatırlayır, bayramlarda zəng edir, başqalarına haqqımda xoş sözlər deyir, bəzən də “sirlərini” bölüşürlərsə, deməli, anam deyən müəllim oldum.

 

Esmira Ələkbərli