Bir zamanlar bütün uşaqlar üçün yay mövsümü azadlığın və sevincin zirvəsi idi. Hər yay tətili ilə məktəblərin bağlanması, qohumların kəndə gəlişi, bütün ailənin və yaxınların bir araya gəlməsi həyatın ən gözəl dövrünə çevrilirdi. Biz uşaqlar isə bu zamanın təklif etdiyi ən yaxşı anları dəyərləndirərək hər günü sevinc və həyəcan içində yaşayardıq. Yay azadlıq və oyunların simvolu idi. Hər anı yaşamağa, təbiətlə bir olmağa, təbiətin hər küncünü kəşf etməyə çalışardıq.
Yay fəslinin gəlməsi ilə birlikdə Bakıdan, Rusiyadan və digər şəhərlərdən gələn qohumlarımız bizləri kəndə toplayar, həyat bir anda canlanardı. Bibilərimiz, əmi uşaqları, xala uşaqları hər biri öz evindən çıxıb kəndə gələr, böyük bir ailə halında toplanardılar, qohumluq əlaqələri genişlənərdi. Kəndin həyət-bacasında oyunlar oynanar, gülüşlər duyulardı. Uşaqlıq xəyallarımızı gerçəkləşdirən o anlarda, bir-birimizlə vaxt keçirmək, yeni oyunlar kəşf etmək, meşələrə gedib şabalıd yemək, dərələrdə gəzmək, çay kənarında dincəlmək, o sadə, lakin çox qiymətli anları yaşamaq bizlərə çox böyük bir sevinc bəxş edərdi. Pikniklər olardı, təbiətin qoynunda oturub birlikdə yemək yeyər, bir-birimizə hekayələr danışardıq.
Yayı o qədər sevinclə yaşayardıq ki, günlərin nə qədər sürətlə keçdiyini hiss etməzdik. Məktəblərdə tətil olanda sevincimiz daha da artar, həyat bir başqa gözəlliyə bürünərdi. Avqust ayının sonlarına yaxın bu xoşbəxt anlar geridə qalardı. O parlaq günlər qohumların bir-bir öz evlərinə qayıtması ilə sona çatardı. Valideynlər işlərinə qayıdar, uşaqlar isə məktəblərinə, universitetlərinə dönərdilər. Həyat yenə öz axarı ilə axardı.
Nənələrimiz və babalarımız sağ idi. Axşam olduqda şam və ya lampa işığında yemək yeyərdik. Həmin vaxtlar evlərimizdə, həyatımızda başqa bir xoşbəxtlik vardı. Həm də sadə və təbii bir sevgi vardı. Texnologiya hər kəsin əlində telefon tutub daim əlaqə qurmaq imkanları yaratmamışdı. Telefon yalnız kəndin imkanlı insanlarında var idi, buna görə də uzaqdakı qohumlarla əlaqə saxlamaq üçün onların telefonlarından müəyyən bir məbləğ müqabilində istifadə edərdik. Hər zəng bizim üçün bir xəzinə kimi idi, sanki bizə verilən bir lütf idi. Qohumlarımızla hal-əhval tutmaq, onların necə olduqlarını bilmək bizim üçün böyük bir sevinc, həyəcan doğurardı. Hər zəngin bir əhəmiyyəti, xüsusi bir mənası vardı. Bu, sadəcə səsli əlaqə deyil, ruhən bir araya gəlmək, bir-birimizi hiss etmək idi.
Lakin zamanla hər şey dəyişdi, həyat dəyişdi. Telefonlar, internet, sosial media... Bu texnologiyalar həyatımıza girdi, amma bu yeni həyat ilə birlikdə fərqində olmadan biz çox şey itirdik. Keçmişdəki o sadəlik, insanın insanla yaxınlığı, bir-birinə olan səmimi münasibətlər yox oldu. Bu gün artıq hər kəsin əlində bir telefon var, amma keçmişdəki o təbii, saf və səmimi münasibətlərin əvəzi yoxdur. Biz artıq sosial şəbəkələr vasitəsilə bir-birimizə yaxın olmağa çalışırıq, amma həqiqi mənada qarşılıqlı hissləri, gözlərdəki və ya üzlərdəki ifadəni oxumaq, bir araya gəlib səmimi bir söhbət etmək artıq mümkün olmur. Keçmişdə bizlər bir-birimizə yaxın idik, hər anı bir-birimizlə dolu yaşayırdıq. Amma indiki vaxtda hər birimizin öz dünyası var və biz öz dünyamızda bəzən bir-birimizi unuduruq.
Bunu düşündükcə keçmişə olan bu nostalji hisslər daha da dərinləşir. Uşaqlıq illərinin ən qiymətli anları qəlbimizdə kök salmışdır. O anlar indi böyüyən nəsil üçün sadəcə xatirə, köhnə bir nağıl kimi qalsa da, biz öz uşaqlarımıza o gözəl illəri danışmağa çalışırıq. Bir zamanlar o gözəl, təbii, səmimi anları, oyunları, birlikdə keçirdiyimiz o şirin günləri onlara aşılamalıyıq. İstəyirik ki, onlar da bizlər kimi bir gün öz xatirələrini gözəl şəkildə xatırlasınlar və gələcəkdə bizim kimi həsrət dolu gözlərlə o illərdən danışsınlar.
Bugünümüzün reallığı bəlkə də bizə həm sevinc, həm də həsrət gətirir. Keçmişin gözəlliyini yaşayarkən gələcəyimizi qurmağa davam edirik. Gələcəyin uşaqlarına öz uşaqlığımızı, o gözəl, təbii anları, qədim oyunları və həyatın sadəliyini aşılamalıyıq. Keçmişin xatirələri ilə bağlı səmimi anlar yaratmaq bizim özümüz üçün də əhəmiyyətlidir. Bu, həm keçmişin izləri ilə bağlı dərin bağ yaratmaq, həm də gələcək nəsillərə həyatdan ən qiymətli dərsləri vermək deməkdir.
Uşaqlıq xatirələri bizim həyatımızın ən təmiz, ən dəyərli səhifələridir. İllər keçdikcə bu xatirələr bizi daha çox özünə çəkir, hər dəfə yenidən həmin anları düşünərkən bizə həyatın nə qədər qiymətli olduğunu xatırladır. Keçmişin təbii sadəliyini, bu günün sürətli və təzyiqli həyatında tapmaq bəlkə də çox çətindir, amma biz hər zaman bu sadəliyi, təbii yaxınlığı və sevgini qorumağa çalışmalıyıq. Bu, həm də gələcək üçün çox dəyərli bir irsdir. Həm biz, həm də gələcək nəsillər bu xatirələri saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu yolla keçmişlə gələcəyi birləşdirə, zamanın getdikcə sürətlə dəyişən axışında əsl dəyərləri tapmış olarıq.
Elsevər ƏHMƏDOV