MER – bəzən bələdiyyə rəhbəri, bəzən icra başçısı, bəzən isə MERitocrat (öz gücü ilə nail olan), MERciful (mərhəmətli), MERitorious (layiqli, nümunəvi), bəzən də MERcantile (hər hansı məsələdə öz maraqlarını nəzərə almaqla iş görən, mənfəətpərəst, şəxsi qazancını güdən, təmənnalı, pulgir), MERcenary (tamahkar, acgöz, muzdur), MERchandiser (tacir), MERciless (rəhmsiz, qəddar) və s.
Haqqında danışacağım MER isə bələdiyyə rəhbəri olmasa da mərhəmətli, layiqli, şəhərinin və əhalinin qayğısına qalan nümunəvi bir merdir.
Bu mer o merlərdən deyil ki, rəhbərlik etdiyi şəhərin yollarını bir xətt üzrə – A nöqtəsindən B nöqtəsinə, evdən işə və işdən evə tanıya, o da, iki ayağı ilə deyil, avtomobilinin dörd təkəri ilə. Bizim mer idarə etdiyi bələdiyyəni kənd-kənd, küçə-küçə gəzir, əhali arasına çıxır, problemlərin yığılıb qalaqlandığı yerləri özü axtarıb tapır, tanış olur, həllini icra edir.
Bu mer o merlərdən deyil ki, ayım gəlsin, günüm keçsin deyib düşündüyü-daşındığı, gizlədiyi-gözlədiyi aylıq maaşının köçürülməsi gün ola, özünə “premiyalar” yaza, əməkhaqqını artıra. Bizim mer isti kabinetlərdə bahalı telefonlarında oyun oynayan, ayda-ildə bir-iki sənədə qarınağrısı ilə qol çəkən məmurlardan daha çox, soyuqda əlləri göyərmiş süpürgəçiləri düşünür.
Bu mer o merlərdən deyil ki, ucuz tenderlərin keyfiyyətsiz işləri qarşısında feysbukda şəkil paylaşmaq üçün rəsmi pozalar verə. Bizim mer görülən işlərlə bir gün əvvəldən xəbər etmədən özü gedib tanış olur, keyfiyyətini yoxlayır, göstərişlərini verir. Yeri gələndə tənqid edir, məsuliyyətsiz, səriştəsiz işçilərini işdən azad edir, əvəzinə daha yaxşı işçilər təyin edir. Bizim merin lüğətində nepotizm sözü ümumiyyətlə yoxdur. O, hətta yağışın keyfiyyətsiz səkilərdə yığılıb qalan suyunu vedrələrlə özü daşıyacağına söz veir və sair.
Təəssüf ki, haqqında danışdığım mer real deyil, personajdır, Binəli İslamoğlunun “MER” qısametrajı filminin balaca qəhrəmanıdır. Filmin rejissoru, ssenari müəllifi, operatoru və montajçısı da Binəli İslamoğlu özüdür.
Rolunu məharətlə ifa edən 5 yaşlı mer – İslam Akif bu gün yaşadığı şəhərin merindən daha populyardır.
10 dəqiqəlik və 16 dəqiqəlik filmdə (qeyd edim ki, film iki hissədən ibarətdir) Qardabaninin, demək olar ki, əhalini narahat edən əsas problemləri göstərilir. Və onu da qeyd edim ki, filmin birinci hissəsindən sonra filmdə göstərilən problemlər öz həllini tapmışdır. Sənətin gücü deyilən də elə budur yəqin ki.
Əlbəttə, tənqiddən nəticə çıxarmaq əvəzinə dözümsüzlük göstərənlərə, qıcıqlananlara, hədə-qorxu gələnlərə, meşə qanun-qaydası ilə cavab verənlərə nə sənət təsir edər, nə sənətin gücü. Sənətlə edilən tənqidə də gərək elə sənətinlə cavab verəsən, sənədinlə yox.
“MER” filmi indiyənə kimi heç bir media qurumunun eləmədiyini etdi – şəhərin problemlərini çəkib göstərdi. Meriyaların mətbuat xidməti yalnız görülən işlərin şəklini çəkib göstərir. Televiziyalar yalnız mərkəzin problemlərini çəkib göstərir. Buna görə də sənətə dəyər verməli və dəstək durmalıyıq. Radiolarımız, televiziyalarımız olmasa da, kameralarımız, sosial şəbəkələrimiz var.
Yeri gəlmişkən, informasiya vakuumunda qalmaq Qardabaninin əsas problemlərindən biridir. Marneulidən fərqli olaraq Qardabanidə əhaliyə Azərbaycan dilində gündəlik məlumat çatdırılmır. Ana dilimizdə yayımlanan “Yeni YOL” qəzetidir ki, o da ayda iki dəfə çıxır. Bu başqa yazının mövzusudur.
Sevindirici haldır ki, son illər gənclər arasında filmə – çəkməyə və çəkilməyə maraq yaranıb. “MER” filmi ilə yanaşı Elmar Xəlilovun “Rayon”, Anar Rafiqoğlunun “Sənət şəhidləri” və digər yerli qısa filmləri misal gətirmək olar. Və bu gənclərə həqiqətən də dəstək durmaq lazımdır. Kimlərəsə maşın almaq əvəzinə bu gənclərə yeni filmlər çəkmələri üçün maddi yardım edilsə, icmamız üçün daha faydalı olar. Əminəm ki, bizim balaca merin imkanı olsaydı, özü bu gənclərə maddi dəstək durardı.
Tarix boyu sənət insanların şüurlarında dəyişikliklər edib, bu dəyişikliklər beyinlərdən meydanlara transformasiya olaraq inqilablar yaradıb. Bu cümlə böyük səslənə bilər, amma inam və əməklə hər şey kiçikdən böyüyə doğru irəliləyib. Bizə siyasi mühitdən çox azad sənət mühiti – ədəbiyyat, film, teatr, rəssamlıq, musiqi – lazımdır. İndi bu yazını oxuyub, ac qarına sənət olmur, bizə çörək lazımdır, deyənlər də tapılacaq. Əlbəttə, çörək də lazımdır. Amma mən indi mədəniyyətdən danışıram, mədə niyyətindən deyil. Və tamaşalarımızı özümüz hazırlayıb, özümüz göstərməliyik ki, çörəyimizi də özümüz qazanaq. Yoxsa siyasətin çörək və tamaşalarına mürgü vurub dərin yuxuya gedə bilərik.
Sonda isə, bizləri öz filmləri ilə gülməyə, kədərlənməyə, düşünməyə vadar edən gənclərimizi təbrik edir, onlara işlərində, sənətlərində bol-bol uğurlar arzulayıram! Davamı gəlsin.
Azər MUSAOĞLU