Bizim gələcəyimiz belə haraya gedir? Fərqindəsinizmi 50 yaşındakı xala 25 yaşındakı oğlana ərə gedir. Qadınlar içki içir, siqaret çəkir; kişilər çayxanada nə əskikdir onun mübahisəsini aparır. Uşaqlar son model telefon, maşın istəyir. Oğlanlarımız qız kimi saçlarını uzadıb, qulaqlarını dəldirib sırğa taxırlar, dırnaqlarına manikür-pedikür edirlər və qızlardan seçilmirlər...
Avtobusda gedərkən belə bir hadisəyə şahid oldum. Avtobusu saxlamaq üçün bir gənc əl edirdi. Sürücü buna fikir vermədi. İrəlidə oturan bir nənə sürücüyə dedi:
– Saxla, saxla! Qız minmək istəyirdi.
Elə ki oğlan avtobusa mindi bizim qız olduğunu düşündüyümüz şəxsin oğlan olduğunu gördük. Saçlarını o qədər uzatmışdı ki, önünü güclə görürdü. Hələ saçları çox qızların saçından parlaq və baxımlı görünürdü. Oğlan başını yuxarı qaldırdıqda nənənin yüksəkdən dediyi sözü hələ də xatırlayanda gülürəm. Nənə əlini ağzına tutub belə dedi: “Bıy, bu ki oğlan imiş”. Bu cümləni eşidəndə avtobusda olan hər kəs güldü. Oğlanın özü də güldü, onun yerində mən olsaydım utanıb başımı yerdən qaldırmazdım.
Axı niyə özünüzü gülünc vəziyyətə salırsınız. Saçlarınızı uzadıb, qaşlarını aldıqda, saçlarınıza boya qoyduqda qızlardan nə fərqiniz olur. Hələ bir oğlan “Ehh, ay nənə, sən haradan biləsən bu modadı, daha hamı belə edir” dedi. Yəni oğlanların özlərini qızlara oxşatma modası yaranıb. Müasirlik dedikləri budurmu?
Əvvəllər qadınların çarşab geyinməsini tələb edən babaların nəvə-nəticələri bu gün qız kimi geyinirlər.
Bir də var “auye qızlar”, hansılar ki əllərində təsbeh qoca babalarımız kimi “zakon” belə, “palajeniya” elə deyib ortalıqda kişi kimi gəzirlər.
İndi biz kimə qız, kimə oğlan deyək? Cəmiyyətimizin, gələcəyimizin asılı olduğu gənc nəsil bunlardırmı?
Bəzən küçədə evin qarşısında oturub, yoldan keçənlərin qeybətini edən nənələrin haqlı olduğunu düşünürəm. Bizim gələcəyimiz belə haraya gedir? Hamı moda adlanan uçurumun kənarında dayanıb özünü sıra ilə aşağı atmağı gözləyir. Bəlkə qızların əlindəki təsbehləri oğlanlara geri qaytarmaq və oğlanların da modanı qızlara buraxmaq vaxtıdır. Nənəm demiş, qızsınız, qız kimi davranın; babam demiş, adam kişi olar.
Müəllif: Validə Fətullayeva