Ramazan ayını çox sevirəm. Yox, qəti mömin nöqteyi-nəzərdən qəbul etməyin. Mən islam tarixini az da olsa bilən və inanclara hörmət edən biriyəm. İnam, inanc bir başqa, fanat və maskalanmaq bir başqadır. Ümumiyyətlə, istər bütpərəst ol, istər tək Allah əqidəli, fərqi yox, içində bir Tanrı inancı varsa, məndənsən, düşünmüşəm. Elə islam da bunu deyib, Qurani-Kərim də eyni yazır.
Bax, elə Ramazan ayını da ona görə sevirəm ki, bu ay dünyanın mənəvi çəkisi bir az yüngülləşir. Necə ki, bədənimizdə hər hüceyrənin öz enerjisi var, birlikdə o enerji ilə ətrafımıza aura yaradırıq, eləcə də həmin auramızla dünyanı yükləyirik.
Gəlin etiraf edək ki, nə qədər ətrafımızda insanlar var ki, 11 ay haqq nədir bilməz, Ramazanda ya oruc tutar, ya iftar verər. Olsun, ildə bir ay adam kimi adam olmaq da insanlığa bir köməkdir. Mən bilmirəm, aylarla saxta üzlə, yalan əməllə, haramla yaşayan bu insanlar Tanrınımı aladadırlar, ya özlərinimi? Məgər Allah dediyimiz itaətin uzaqdamı ki, sən ona oyunbazlıq edəsən, maskalanasan, səni görmür yəni? Axı Tanrı dediyimiz bizim hər anımızın şahididir. Şahidə yalan haqqa böhtandır. Unutmayaq, bizim içimizdə bir mən də var. O mən vicdandır. Deməli, sən adam deyilsən, qorxudan oyundasan.
Bax, ona görə Ramazan ayını sevirəm ki, cudam kimi tanıdığım insanları saxta da olsa adam donunda görə bilirəm. Bəli, görürəm, amma daxilən onlara ürəkdən gülürəm. İnsanları birləşdirən haqqın qələbəsindən fərəhlənərək gülürəm. Nə gözəl ki, belə həmrəylik, həmfikirlilik yaradan dinimiz, inancımız var deyə qürurlanıram.
Ramazan insanlıq üçün nəfsin toxluğunun bəd nəfsə qələbəsi, Tanrının sağlığımıza töhfəsidir. Yəni 11 ay dayanmadan işləyən canımıza 1 ay istirahət verək dedilər. Nə gözəl! Bəs biz deyilənə əməl edirikmi? – Əsla deyərdim!
Gördüyüm, eşitdiyim, şahid olduqlarım qənaətiylə bizim cəmiyyət hələ də dinimizin mənəvi və maddi əsaslarını dərk etmədən kütlə dəyərinə daha çox əhəmiyyət verir.
Ramazanda ən xoşladığım an iftar süfrəsidir. Adətən tək oluram, dua edib su içmək anında sanıram Tanrı qarşımda məni dinləyir, mənim dünyamıza salamatçılıq diləyimi eşidir və mütləq qəbul edəcək! Bu cür gözəl hisslərə saxtakarlıq qatmaq ən azı vicdana qarşı xəyanət yox, cinayətdir.
Ramazanda bəzi insanlar oruc tuta bilmədikləri üçün iftar süfrəsi təşkil edir. Mən, əlbəttə, öz evlərində açılan iftar süfrələrindən danışıram. O süfrədə nələr olmur. Əslində gün ərzində ac qalan adama yaxşılıq əvəzinə pislik etmiş olurlar. Bu başqa bir mövzu. O dəbdəbəli iftar süfrələri izafı xərcdir, o xərcə bir xeyirxah iş etmək daha böyük savab olardı, məncə.
Həyatda bir-birinin əksi olan heç nə yox. Barmaq izlərini belə fərqləndirən Tanrı elə insanları da beş barmağımız qədər fərqli düşüncədə və qavrayışda yaratdı. İstəsək belə bu qanunları dəyişə bilmərik.
Sadəcə arzu edirəm, arzu edirəm ki, kaş insanlar tək Ramazanda yox, o qalan 11 ayda da cudamlıqdan çıxıb adam kimi adam olaydılar. Olmazmı nahaq danışmayaydıq, haram işlər görməyəydik. Axı yalnız Ramazanda yadlarına düşən Quranı-Kərim elə müasir konstitutsiyadır. Orada günah dedikləri burada cinayət məcəlləsi ilə cəzalanır.
İslamın hər addımı əxlaqi, tərbiyəvi, sağlam təməl üzərində insanı və insanlığı düşünən bir yoldur. Bu yol bizim yolumuzdur. Gəlin bu yolu çirkləndirməyək, axı açdığımız yolla balalarımız yeriyəcək! Bəli, Ramazan saflıq ayıdır, bu saflığın aynasında tövbələnmək də mümkündür.
Növbəti Ramazanda saf duyğularla görüşənədək!
Esmira ƏLƏKBƏRLİ