İndi bir ittifaq, bir birlik, bir qurum da mən yaratsam və adını da qoysam Gürcüstan Azərbaycanlılarının Redaktorlar Birliyi və ya İttifaqı, qarşısına da mötərizə içində qısaldılmış formada böyük hərflərlə GARB(İ) yazsam, qeydiyyatdan keçirib öz-özümə “fəaliyyət” göstərsəm (yəni özüm çalıb, özüm oynasam) xoşunuza gələrmi, əcəba?

 

Xoşunuza gələrmi, Gürcüstan azərbaycanlıları adından “iş” görəm, “redaktə” edəm, pul qazanam, qrant yeyəm, üstündən də xlorlu “qrant” suyu içəm, tədbir keçirəm, özüm danışam, özüm dinləyəm, özüm əl çalam, özüm şəklimi çəkəm feysbukda paylaşam, özüm də öz paylaşdığım şəklimi layk edəm, ürək qoyam, altına da şərh yazam... bir sözlə, özüm üçün “fəaliyyət” göstərib, adından çıxış etdiyim insanlar üçün fəaliyyətsizliklə məşğul olam.

 

Xoşunuza gəlməz, əlbəttə.

 

Sizin də Gürcüstan azərbaycanlıları adından, mənim adımdan, atamın, anamın, qardaşımın, bacımın, övladlarımın, qonşumun, onun nəvələrinin, nəticələrinin, kötücələrinin adından, Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlının adından danışmağa, ittifaq, birlik, assosiasiya, nə bilim daha nəssosiasiya yaratmağa haqqınız yoxdur. Axı kim verib sizə bu haqqı?

 

Ay qardaş, ay bacı, ittifaqmı yaradırsan, birlikmi yaradırsan, qurummu yaradırsan, yarat, Allah xeyir versin, amma get öz adına yarat, daha Gürcüstan azərbaycanlılarının adına niyə yaradırsan? Get öz adını qoy yaratdığın ittifaqa, birliyə, quruma, daha niyə Gürcüstan azərbaycanlılarının adını qoyursan? Get öz adınla danış, çıxış elə, tərif söylə, söyüş söy, daha niyə Gürcüstan azərbaycanlılarının adı ilə danışırsan, çıxış edirsən, tərif söyləyirsən, söyüş söyürsən? Get öz adını biabır elə, rüsvay elə, daha niyə Gürcüstan azərbaycanlılarının adını biabır edirsən, rüsvay edirsən? Axı sənə bu haqqı kim verib?

 

Ay qardaş, ay bacı, ittifaq, birlik, assosiasiya, nə bilim daha nəssosiasiya yaradanda bölgə-bölgə, şəhər-şəhər, kənd-kənd, məhlə-məhlə düşüb Gürcüstan azərbaycanlılarına dedinmi ki, ay həzərat, sizin adınıza ittifaq, birlik, assosiasiya, qurum yaradıram, rüsxət verirsinizmi? Rüsxət aldınmı? Dedinmi ki, ittifaqayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, rabitəsi, birliyi, söz birliyi, həmrəyliyi deməkdir. Dedinmi ki, birlikbir olma, bütün olma, parçalara ayrılmama, bütövlük, bölünməzlik, vəhdət deməkdir. Dedinmi ki, assosiasiyaortaq siyasi, iqtisadi, mədəni, elmi və digər məqsədlərə nail olmaq üçün təşkilatların və ya şəxslərin birliyi, ittifaqı deməkdir və sair. Ümumiyyətlə, sənin bu sözlərin mənalarından xəbərin varmı?

 

Xəbərin olsaydı ümumun adından tək özünə qurum yaratmazdın. Xəbərin olsaydı tayfabazlığın, yerlibazlığın, qohumbazlığın Yerin alt mantiyasına qədər kök atdığı bir cəmiyyətdə, söz birliyini axşamdan oduna gedənlər söz birləşməsi əvəz edən, həmrəyliyi yalnız birgünlük bayram kimi qeyd edən bir cəmiyyətdə birlik, ittifaq və bu kimi gözəl sözləri işlətməzdin. Ya bu işdə naşısan, ya da ümumun adı ilə dolanırsan, pul qazanırsan, ev alırsan, maşın alırsan, səyahət edirsən, hədə-qorxu gəlirsən, lotulanırsan, nüfuz yiyəsi olursan və ilaxır. Bu, təşkilatlanmaq deyil, təşkilotulanmaqdır.

 

Təşkilatlanmaq vacibdir. Birliklərimiz də, ittifaqlarımız da, assosiasiyalarımız da, nə bilim daha nəssosiasiyalarımız da mütləq olmalıdır, mütləq! Amma əgər sən Gürcüstan azərbaycanlılarının adından təşkilat, qurum yaradırsansa, iş görürsənsə, əvvəlcə buna haqqın olmalıdır, savadın, ziyan, əxlaqın, mədəniyyətin, mərifətin, şəxsiyyətin, ədalətin və azərbaycanlı ürəyin olmalıdır. Səni kimsə başımıza kəndxuda təyin etməməlidir, kimlərinsə maraqlarının icraçısı, ciblərinin mühasibi olmamalısan. Səni adına qurum, təşkilat yaratdığın, adından çıxış etdiyin, adından kağızlara imzalar atdığın millət özü seçməlidir. Ya da ki, təşkilat, qurum yaradanda zəhmət çək təşkilatına öz adını qoy, öz adına danış, öz adınla fəaliyyət göstər.

 

Mən Gürcüstan azərbaycanlısıyam, mənim adımdan təşkilat yaradıb, mənim adımla danışmağa, mənim adıma fəaliyyət göstərib pul qazanmağa, tədbir keçirməyə, sənəd imzalamağa, sağlıq deməyə, təhqir eləməyə, şam yandırmağa, siqnal verməyə sənin haqqın yoxdur. Mən haqqımı halal etmirəm. Bəs siz?

 

 Azər MUSAOĞLU