Həyatı anladığmız gündən iki seçim arasında olmuşuq: mənim və bizim. Hələ uşaq təfəkkürümüzlə bağrımıza basdığımız oyuncağa mənim, evimizə bizim dedik. Həyat bizi bərkə-boşa atdıqca bizimkilər uzaqlaşdı, mənimkilər yaxınlaşdı. Getgedə mənim olanları düşündük, bizimkiləri özümüzə möhtac qoyduq. Elə hamı hamıya ümidli olarkən özümüzdən başqa heç nəyi düşünmədiyimizin şahidi olduq. Bizim olanlar birdən elə mənim olarmış ki. Bəlkə də illərlə haqqında belə düşünmədiyin, indi sənin üçün ölüm-qalım nəticəsində imiş sən demə.

 

Bəzən cılız, diqqətdən kənarda olan bir gəncin ağlasığmaz qəhrəmanlığı dastan yaradır. Dağında, meşəsində gəzərkən, suyunu içib, havasını udarkən, dünya mənim deyərkən gözləmədiyin halda başın üstünü alan qara bulud içindəki yatmış MƏNİ oyadır və hiss edirsən ki, sənin varlığın elə bizim olanla ölçülürmuş – ölərəm, amma BİZİM olan heç nəyi yağıya vermərəm deyərək hayqırırsan. Bax, budur o müqəddəs hiss, yatmış şirin oyanışı və nərəsi. Buna Vətən deyirlər!

 

O qədər çətin izahata ehtiyacı olan bir ifadə ki, kimsə – Vətən nədir? – sualına olduğu kimi cavab verə bilməz. Təbii ki, söhbət şablon, əzbərlənmiş cümlələrdən getmir. İçindən anında gələn cümlədən danışıram. Vətən müxtəlif zamanlarda mühitə görə dəyişir. Məsələn, qürbətdəkilər üçün bir həsrət məkanı, kasıblar üçün şükranım, ehtiyacsızlar üçün ərazi, bəlkə pis təsvir oldu, amma gördüyümüz budur.

 

Tarix varkən həmişə müharibələr olub, qəhrəmanlar olub, fərarilər də. Qəhrəman bizimdir deyib döyüşüb, heç nəyi düşünmədən. Filmlərdən, bədii əsərlərdən yaxın tariximizin – İkinci Dünya müharibəsi zamanı müxtəlif yollarla müharibədən yayınan insanların vicdanı necə rahat olurdu deyə düşünərkən, lap yaxın tarixdə – Birinci və İkinci Qarabağ müharibəsində yüzlərlə könüllüləri və yayınanları demirəm, onların fədakarlıqlarını hörmətsizcəsinə qiymətləndirən məmurları gördükcə VİCDANSIZ anlayışının necə də əbədi köhnəlmədiyinin şahidi olursan.

 

Qələbə sədası yaxınlaşdıqca “papalarının gül balaları” əcnəbi arabalarında səs-səsə verdikcə qaloşlu şəhid ataları, gözləri yaşlı “Fəxr edirəm oğlumun şəhid adıyla” deyən anaları xatırlayıram. Hansı ki, bu övladlar VƏTƏN BİZİMDİR dedilər. Vətənin nübarını papa balaları qədər dadmasalar da onlar əsl qəhrəmandırlar. Deməli, bizim və mənim məfhumu özündə bir müharibə, ərazi təcavüzü gizləyir! Müharibələri şeytan seçimi hesab edirəm, çünki fərqli zamanlarda gəlir, millətlərin, ölkələrin seçilmişlərini, gen fondunu aparır. Qalır Vətəni də, mənliyi də, insanlığı da MƏNƏM deyənlər. Müharibələr də bir dəyişən sivilizasiyadır – vicdan təzələnməsi. Hər təzələndikcə insanlıq məhv olur. Ona görə deyirlər ki, köhnə kişilər qoçaq atları köklədilər getdilər. Ona görə şərəf ucuzlaşır. Ona görə vicdan itir. Yəni yaxşı insan olmaq üçün, bizləri seçmək üçün mütləq müharibələrmi lazım? Olmazmı illərlə mənəviyyatın cücərtdiyi şərəf, ləyaqət insanlığa sərf olunsun... Son zamanın müharibələri nə qədər can aldı. Şeytan oyunu bizi bizdən alır.

 

Vətən-müharibə bir-biriylə nə əks mənası, nə yaxınlığı yoxkən bunların birlikdə etmədikləri qalmadı. Tamahkar padşah vəzirinə məndən varlısını tap gətir deyərkən, çoban məntiqlə məni apar, varlı mənəm demişdi. Qoyunlarıyla özünü padşah zənginliyinə tay tutması istehzayla qarşılansa da, “Padşahım, mənim boyum səndən azca uzun, deməli kəfənim artıq olacaq. Apardığımız bu olacaq” deyibmiş. Bax, padşahı sükuta qərq edən bu rəvayətin tarixi əsrlər olsa da BƏŞƏRİYYƏT yaradıcısı insan oğlu hələ də qan tökür. Bizim olanları Mənim çərçivəsinə sıxışdırmağa çalışır. Olmazmı hər şey bizim olsun, onsuz da mənim olan elə dünyada qalır.

 

Nənələr demiş, dünya qan ağlayır. Kimlərsə hakimiyyət, hökmranlıq sevdasında varkən neçə ocaq sönməsi, kədərli gözlər, insan fəryadı – bu, onların vicdanını oyatmır. Hər gün neçə-neçə qeyrətli, fədakar gəncin həyatına son qoyulur.  Onlar Bizim deyə özlərini ölümə atarkən yalnız VƏTƏN sevgisini düşünürlər, amma kaş müharibə sevdalıları millimetr fərqiylə aparacaqları kəfənlərini də xatırlayaydılar. Onu da unutmayaq ki, urvatlı ölüm də hər adama nəsib olmur. İdarəedicilərin başı o qədər qarışıb ki, daha çobanları da dinləmirlər. Dünyanı hər şey mənimdir deyənlərin nəfsi məhv edəcək.

 

Nolar ki, hamımız eyni gözlə baxardıq həyata. Bir istiqamətdən baxsaq dünya necə gözəldir. Təbiət insana insan təbiətə yaraşır. Quşların cəh-cəhi, suların şırıltısı, körpə qığıltısı – yəni bu gözəllikləri partlayışlara dəyişmək olarmı?

 

Allah sizə insaf versin.

 

Esmira ƏLƏKBƏRLİ