Tələbə adını qazanmaq üçün çoxlarımız imtahana aylar qalmış, bəzilərimiz isə 1-2 il əvvəldən hazırlaşmağa başladıq. Qarşımıza bir məqsəd qoyduq və uğurlu olacağına inandıq. Yuxusuz keçən gecələr, bəzən ac məktəbdən çıxıb əlavə dərsə getmək, universitetə qəbul olmamışdan öncə özümüzə verdiyimiz sözlər, məsələn, qəbul olum, heç nə istəmirəm, dərslərimə vaxtı vaxtında hazırlaşacam, imtahana bir gün qalmış yox, bir ay əvvəldən hazırlaşacam, çalışacam ki, tələbə haqqımı tələb edim və bu kimi sözlər qəbul olana kimi imiş. Hər kəsə şamil etmirəm, amma çoxumuzda bu, belə oldu.

 

Birinci semestrin son imtahanı idi. İmtahana vaxtından tez gedib, bilmədiklərimizi bir-birimizdən öyrənib, bir-birimizə dəstək olurduq. Dəftər əlimdə keçdiyimiz dərsləri təkrarlayarkən bir qızın divarın küncündə əyləşib ağladığını gördüm. Əvvəl ona yaxınlaşmağa çəkindim, çünki tanımırdım. Sonra yaxınlaşıb niyə ağladığını soruşdum. Başdan elə düşündüm ki, imtahandan kəsilib. Çünki testlər elektron olduğu üçün cavabları həmin dəqiqə öyrənmək olurdu. Qızın ağlamaq səbəbi imtahandan aldığı balın onu qane etməməsi imiş. Ondan imtahandan kəsilməyibsənsə niyə bu qədər ağlayırsan deyə soruşdum. Mənə verdiyi cavabdan sonra heç nə demədim, daha doğrusu nə deyəcəyimi bilmədim. Qız dedi: “Atam mənə demişdi ki, əgər imtahanlardan yüksək bal toplasan sənə əlini hansı telefona bassan onu da alacam. Axı indi az bal toplamışam, o qədər əziyyət boşa getdi”...

 

Adlarımızı bir-bir deyirdilər. Otağa daxil olduq. Amma bir nəfərin girməklə çıxmağı sadəcə 10 dəqiqə çəkdi. Səbəbini eşitdikdə bir az hirslənsəm də sonra öz-özümə dedim: “əşi, özü bilər, nə edirsə özünə edir”. Sən demə bu oğlan həmin gün atası ilə maşın almağa gedəcəkmiş. Çünki ata oğluna söz verib ki, universitetə qəbul ol sənə istədiyin maşını alacam. Oğlan da sırf maşın üçün 1 il əvvəlcədən universitetə qəbul üçün hazırlaşıb. Bu qədər əziyyət sadəcə bir maşın üçün imiş. Bəs semestr imtahanından nəticəsi necə oldu? 10 dəqiqəyə yazılan imtahandan necə nəticə gözləmək olar. Kəsirlə gedib maşın aldı. Amma insan bəzən necə uğur qazandığının fərqində olmazmış. Çoxları əllərində olan şansları dəyərləndirə bilmirlər. Bəziləri imtahanı rahat verim, kəsirsiz qurtarım, heç nə istəmirəm deyərkən, bəziləri də yığa bildiyim qədər yüksək bal yığım, mənə maşın, telefon alsınlar deyirlər...

 

Əslində isə tələbə nə istəyir? – Telefon? Bahalı geyimlər? Maşın? Gündə bir restorana getmək?.. Düzdür, hər kəs eyni fikirdə ola bilməz, maşın, telefon istəyənlər də olur. Amma əsl tələbə üçün bunların heç bir önəmi yoxdur. Biz tələbələr dəstək, tələbə haqlarımızı istəyirik. Amma tələb etmirik, edə bilmirik. Çünki artıq bizdə elə hal yaranıb ki, elə düşünürük ki, bizi heç kim eşitmir, görmür, görməzdən gəlir. Bəlkə də görmək istəmirlər. Məsələn, artan kirayə pulu. Bir tələbə üçün yetərli olan bir və iki otaqlı evlərin qiyməti ilə dörd və beş otaqlı evlərin qiyməti arasında çox da fərq yoxdur...

 

Sonra da deyirlər tələbələr təhsillərini xaricdə davam etdirmək istəyirlər. Səbəbini soruşmurlar da. Bəs tələbələr niyə xaricdə təhsillərini davam etdirmək istəyirlər? Ümumiyyətlə, tələbələr nə istəyirlər? Onların istəkləri ilə heç maraqlanmışıqmı? – Bu suallar çoxları üçün maraqlı deyil. Tələbələrin sözlərini eşitmək istəmirlər. Çünki bilirlər ki, tələbə ilk öncə kirayə problemi ilə üzləşir. Buna görə də gənclər dəstək gördükləri xaricə üz tuturlar. Məsələn, Almaniya kimi bir çox ölkələrdə tələbələrə çox dəstək olunur. Xaricdə təqaüdlə təhsil alan tələbələr kirayə, qaz, su, işiq və s. pulu ödəmirlər. Maddi ehtiyaclarını dövlət qarşılayır. Bizdə isə belə deyil, çünki “artıq xərc”dir. Amma dövlətin büdcəsinə pul gəlsə idi belə olmazdı. Hər kəs öz cibini güdür. Tələbə də tələb etməkdən çəkinir. Çəkinməməlidir. Səbəbkar isə, nənələrimiz demiş, “taxtda” oturanlardır.

 

Validə FƏTULLAYEVA