Elə bil dünən idi məktəbə başlamağım, o gözəl, böyük binanın qarşısında maraq dolu gözlərlə dayandığım vaxt... Məktəbə qarşı ürəyimdə sevgi yaranarkən hələ oxumağa başlamamışdım. Hər gün yeni bir şey öyrənib, gəlib həyəcanla nənəmə danışdığım vaxtlar... Bir dəfə qarğanın ömrünün 200 il olduğunu oxuduq kitabda, evə girən kimi tez “nənə, nənə, bilirsən qarğa neçə il yaşayır” deyə həyəcanla müəllimin danışdıqlarını danışmışdım. O günlərə qayıtmaq üçün nələrimi verməzdim...

 

Zaman necə də tez keçdi. Sinif rəhbərimiz öz tələbəlik illərindən danışanda bəzən kövrəldiyini görürdük, onda nəyə görə bu qədər həsasslaşdığını anlamırdıq. İndi isə başa düşürük, artıq o hisslərin necə bir şey olduğunu biz də yaşadıq. Doğrudan çətin imiş həyatının yarısını bölüşdüyün sinif yoldaşlarından, ana tək üzərində əməyi olan müəllimlərindən, gününün çox hissəsini keçirdiyin doğma məktəbdən ayrılmaq.

 

Hələ sadəcə bir neçə gündür ayrıyıq bir-birimizdən. Çox kövrək, çox duyğulu, çox həyəcanlı bir gün idi o gün. Bilmirdik sevinək, ya kədərlənək. Yollarımızın ayrılacağı üçün kədərlənir, yeni müstəqil bir həyata addım atacağımız üçün sevinirdik.

 

Necə qəribə hiss idi – hər gün çalınan zəngin o gün çalınmasını heç birimiz istəmirdik. Amma çalındı o zəng bizim üçün, artıq məktəbin şagirdləri yox, məzunları olaraq yadda qaldıq. Əyləndiyimiz müddət ərzində bizi təbrik edən, bizə xoş arzular deyən insanları gördükcə kövrəlirdik. Demək olar ki, həmin gün gözümüzün yaşı qurumadı. Görəsən niyə məktəb illərinin hissi, həyəcanı, xatirələri bu qədər zərif, incə və kövrəkdir... Bəlkə də bu illərin qayğısız olduğundandır, gördüyümüz hər şeyin, hər kəsin yaxşı, saf, təmiz, pak olduğunu düşündüyümüzdəndir. Elə zənn edirdik ki, bu dünyada şər, nifrət, pislik, qaranlıq yoxdur.

 

Mən 2011-2023-cü illərdə təhsil aldım və bu illərin məndə qoyduğu şirin, unudulmaz xatirələrindən danışmaq istəyirəm sizlərə.

 

Sinif rəhbərimiz Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirdi. Hər gün dərsimiz olurdu. Dərs başlamazdan əvvəl hərə bir kənara keçər, əlində kitab təkrar edər, sonra da bir-birimizə danışardıq, bax, harada səhv edirəm deyə. Ön partada kim otursa əvvəlcədən tapşırardıq, bax, kitabı irəli qoy görüm deyə. Müəllim dərsə başlamazdan əvvəl problemlərimizlə maraqlanardı, sonra keçərdik dərsə. Sırayla hər birimizdən soruşardı, bəzən zarafatlar edər, birlikdə gülərdik, bəzən də onu çox əsəbiləşdirərdik. Bizə tez-tez “sizi qoyacam, kim götürür götürsün, yığmısınız məni boğaza” desə də heç qıymazdı ana tək fədakarcasına qayğımıza qalan əziz müəllimimiz...

 

Tarix dərslərinə olan sevgimizi həmin o müəllimə borcluyuq. Bizə tək müəllim yox, psixoloq oldu. Hər dərdimizə şərik olub həmişə bizə kömək etdi, hər nə olsa ona tərəf qaçdıq. Hər kəsin sevmədiyi, cansıxıcı olduğunu düşündüyü tarix dərsləri istəməzdik bizim üçün bitsin.

 

Riyaziyyata olan sevgimi anlada bilmərəm. Uşaqlıqdan riyaziyyata böyük marağım olub, rəqəmlərlə aram yaxşı olub. Təməlini ibtidai sinif müəllimimiz qoysa da, davamını bir-birindən savadlı digər riyaziyyat müəllimlərimiz gətirdi. Sadəcə toplama, çıxma, vurma bilirdik, sonra birdən-birə kəsrlər, həndəsə, teoremlər, triqonemetriya deyə başqa bir dünyaya keçdik. Bunların hər birini bizlərə o qədər maraqlı yollarla öyrətdilər ki. Səhv yazanda danlamaq əvəzinə daha fərqli üsülla başa salardılar. Mən qısa yollarla yazılan məsələləri lövhə qarşısında uzadardım, müəllim də “aha, mindin avtobusa bütün şəhəri dolandın” deyib həvəsimi qırmaz, sadə yollarını öyrədərdi.

 

Sizə fizikadan danışım, hamının zəhləsi getdiyi, sevmədiyi fizika dərsindən. Hələ 8-ci sinfə təzəcə başlamışdıq, dedilər yeni fənn artdı, fizika dərsi keçəcəksiniz. Görəsən necə bir dərsdi, müəllimin necə xasiyyəti var deyə həyəcanlandıq. Yuxarı sinif şagirdlərindən soruşub öyrənənlər fizikanın çox bezdirici, çətin olduğunu deyib qorxumuzu daha da artırdı. Sonra gülərüz bir qadın daxil oldu sinfə, hamımız sakitcə baxırdıq. İlk dərsimiz o qədər maraqlı keçmişdi ki, müəllimin izahı, hər şeyi öz sözləriylə başa salması bizdəki qorxunu yox etmişdi. Bəzən güldürərdi verdiyi suallarla: bir kilo pambıqmı ağır olar, bir kilo dəmirmi? Başa düşmədiyimizi görüb yenə soruşardı: başına pambıqmı düşsə ölərsən, dəmirmi? Xoruzu tərəziyə çıxarardıq, bir ayağının üstündə ağırdı, yoxsa iki ayağının? Nyutonun başına düşən almanın zarafatlarını edərdik...

 

Ən məsuliyyətli dərsimiz kimya dərsi idi. Dəqiqəsini ötürməzdi müəllimimiz, vaxtında dərsə başlayar, vaxtında da bitirərdi. Dərsdən əlavə heç kim heç nə danışa bilməzdi. Yeni il ərəfəsi idi, uşaqlarla qərarlaşdıq ki, sabah məktəbə gedək, oturub söhbət edək, dərslər boş keçəcək. Planladığımız kimi də oldu – bütün günü danışıb, oyunlar oynadıq, kimya dərsində aşağı düşdük, bir də bir nəfər gəlib bizi çağırdı ki, müəllim sizi gözləyir. Hamımız təlaşlı sinfə doğru qaçdıq, başıaşağı sinfə daxil olanda müəllim hirsli bir səslə “keçin, test yazırıq” dedi. Neyləyəcəyimizi bilmədik, hazırlıqlı deyildik o gün, o test hər birimizə dərs olmuşdu, çünki yaza bilməmişdik. Semestr sonu idi, qiymətlərimizi aşağı salacaq, vay qara halımıza deyirdik, amma o sərt qadın bir də qayğıkeş bir müəllim idi, o, buna icazə verməmişdi.

 

Bir də öyrəşə bilmədiyimiz gürcü dili dərsindən danışım. 12 il bizə dərs deyən müəllimimiz gülərüz, mehriban qadın... Bizlərə ən gözəl şəkildə dinindən asılı olmayaraq başqalarının uşaqlarını necə sevməyi öyrətdi. Ürəyinin yumşaqlığından sui-istifadə edib dili öyrəşə bilməsək də, həmişə bizim qayğımıza qaldı, bir dəfə də olsun incidib xətrimizə dəymədi. Onu ən xoş xatirələrlə xatırlayacağıq.

 

İngilis dili bu gün hər kəs üçün lazımlıdır deyərək 11 il ingilis dili dərsi keçdik. Bəlkə də məktəb həyatında ən stresli keçən günlərim həftənin bu üç günü – ingilis dili dərsi olan günlər olub. Müəllim evə əzbərləməyimiz üçün dialoqlar, mətnlər verərdi. Bundan əlavə, lüğət öyrəşərdik, sözlərin yazılışı ilə tələffüzü fərqli idi. Çox çətin gəlirdi, bütün günü kitab əlimdə, gecəyarısına qədər oxuyardım. Amma nə fayda, oxunulan o qədər dialoqlar, əzbərlənən mətnlər – hamısı danışıldı və o illərdə qaldı...

 

Təbiət dərslərindən sonra biologiya dərsinə keçid etdik. Biologiya müəllimini heç vaxt unutmaram. İlk dəfə mikroskop haqqında danışanda mikroskopu gələn dərs gətirəcəyini dedi. O gün üçün yod və soğan gətirməyimizi istəmişdi. Mikroskopda soğanın üzərindəki nazik pərdənin quruluşuna baxmışdıq, biz kəşf etmişdik kimi çox sevincli idik. Daha sonra o müəllimlə yollarımız ayrıldı, biologiyaya olan marağımız da elə o müəllimlə birlikdə getdi.

 

Danışılacaq o qədər xatirələr var ki. Sinif yoldaşlarımızla həm də dost olmuşuq, sevincimizi, kədərimizi bölməyi həmişə bacarmışıq. Şagird olan hər kəsə bu günlərin dəyərini bilin demək istəyirəm. Əgər mənə desəydilər ki, zamanı geri döndərmək olsaydı, sən nə arzulayardın? Düşünmədən cavab verərdim: məktəb illərinə dönmək istəyirəm. Çünki o illər bizim dərdsiz, kədərsiz, qayğısız illərimiz idi və o illər bizi bu günə gətirən yollar idi.

 

Müəllif: Aytən Fətullayeva