Xaqani Qayıblı mənim qədim-qayım dostumdur. Sözü urvatlayan, sözün başına pərvanə kimi dolanan, sözü sevgili kimi əzizləyən dostum. Dostum özünü sözə qurban verənlərdən, sözün içində özünü əridib, itirənlərdəndir.

 

Mən ilk olaraq Xaqaninin özünümü tanıdım, yoxsa sözünümü? Bəlkə mən Xaqanini tanıyanda sözünü də tanımışam. Burasını deyə bilməyəcəm. O üzdən ki, mən onu tanıyıb dostlaşdıqca sözünü də tanıdım, sözüylə də məhrəmləşib, doğmalaşdım, dostlaşdım.

 

Xaqani sözüylə bütövləşə bilənlərdəndir. Xaqanini sözdən kənarda təsəvvür etmək belə mümkün deyil. Onun dağlardan, daşlardan süzülüb gələn saf su misalı arınmış sözünün sehrinə düşməmək də mümkünsüz.

 

Xaqanı sözü urvata mindirənlərdəndir.

 

Mənim Xaqani Qayıblıyla tanışlığımın tarixçəsi çox uzaq keçmişə, gedib ömrümüzün sübh çağlarına dayanmalıdır. Bu tanışlığın nə vaxt, harada baş verdiyini xatırlamaq da olmur. Əslində biz elə doğulduğumuz gündən tanış olmuşuq. Niyəsini deyimmi? Biz dabanbasaraq doğulmuşuq. İlk gözümüzü açanda eyni göyə baxmışıq. Birimiz Qarayazıdan, birimiz Qaraçöpdən. Xaqani Uzundərənin o üzündən, mən bu üzündən bozqırların yazda yaşıllaşan, yayda bomboz bozaran üzünü görmüşük. Keşişin yovşan ətri qüzeydən Qaraçöpə dolanda, güney tərəfdən Qarayazıya axıb. İkimizin də ayağımız o yerlərin gülünün-çiçəyinin, çəmən-çayırının şehlərinə bələnib. Ceyrançöldən, Qaradüzdən, Arxaşandan keçən yollar nə qədər sağa-sola burulsa da, bir gün bizim yollarımız da kəsişməli deyildimi?

 

Yol demiş, Xaqanini Qaraçöpdən başlayan, Qavırrının körpüsündən keçən yollar haralara aparsa da, yenə ata ocağına, doğma yurda döndərir. Bu yollar yayda yaylaqlara aparırdı, qışda qışlaqlara. Bu yollar neçə körpülərdən keçdi, gedib böyük şəhərlərə çıxdı. Neçə ölkədən keçirdi bu yollar Xaqanini. Ancaq bu yollar örkən sayağı nə qədər uzansa da gəlib doğanaqdan – Qaraçöpdən keçməli idi. Həm də bir dəfə yox, yüz dəfə, min dəfə. Xaqaninin yaddaşımda ilişib qalan iki misrası bu dediklərimi təsdiqləməyə yetər də, artar da:

 

Yollar bu dünyanın örkənidirsə,

Körpülər yolların doğanağıdır.

 

Xaqaninin qədim-qayım şeirlərindən biri “Yaşıl işıq” adlanırdı. 30-40 il əvvəlin şeiri olmalıdır. Orda Xaqanini yollarda sarı işıqlar ləngidir, qırmızı işıqlar qabağını kəsirdi. Onun şair məni bu sarı-qırmızı işıqların yaşıla dönməsini gözləyirdi. Ümidlə yaşıl işığın yanmasını, yolların açılacağını gözləyən şairin arzusu çin oldumu, o yaşıl işıq yandımı? O işığın yanmasını, yollarının açılmasını gözləyə-gözləyə Xaqani şeirdən şeirə qanadlandı, çiçəkdən çiçəyə uçqunan kəpənək misalı sözdən sözə qondu. Sözlər misralara, misralar yollara çevrildi. Bu yol bir könüldən min könülə gedən, könül-irfan adamlarının gedə biləcəyi bir yol idi. Bu yol enişli-yoxuşlu uzun bir yol olmalıydı. Hərdən mənə elə gəlir ki, Xaqani ömrünü bu yollarda keçirir, bu yollarda keçirməyə məhkumluğunu yaşayır.

 

Xaqaninin şeirlərindən boy verən kədər bəlkə də hamının yaşadıqları ilə eynidir. Amma onun kədəri həmişə “ətəyi belində gəlir”. Bəs kədər başqa nə cür gəlməlidir? Üstəlik bu kədər ətəyini çirmələyibsə, bir şair ömrünü ziyarət edirsə, o ömrə qaynayıb-qarışırsa ondan başqa cür gəliş gözləməyə dəyərmi? Könül süzgəcindən keçib, sözə çevrilən kədər şeirdən beləcə boy göstərməli deyilmi? Sevinc ha deyil “ağırtaxta” yerişi ola, sevinc ha deyil gəlişi “şahgəldisinə” çevrilə, sən də durub çıxasan pişvazına.

 

Xaqanini içi mən qarışıq hamının doğması edən sözüdür. Bu söz özündə uşaq saflığı barındırır. Xaqani bu uşaq saflığını bir ömür yaşadanlardandır. Könlünü didən ağrı-acını, dərdi-azarı sözə çevirməkdən başqa bir yol qalmayanda Xaqani könül pıçıltılarına poetik don geyindirir, o pıçıltıları şeirə çevirir. Xaqani metromanlıqdan uzaq şairdir, elə hər gün oturub şeir yazmaq kimi bir istəyi də yoxdur. Sadəcə könlündəkilər şeirləşmək, söz biçimində şəkillənmək, görünmək istəyəndə şeir yazmağa baş vurur. Hələ “kəpənək dalınca qaçan vaxtından” “dərdin çəhliminə düşən”, “ürəyini dərdlərin arxac yerinə” çevirən şair könlü dərdə qapı açır, onu doğması kimi qarşılayır. Xaqani dünyanın dərdi mənəmi qalıb deyərək, dünyanın bala dərdini eyninə almayanlarından ola bilməzdi. Heç olmadı da. Sənətin, poeziyanın yolu böyük dərdlərdən keçmirmi? O mənada Xaqaninin yaratdığı dərd obrazı canlıdır, sxematiklikdən uzaqdır, könüldən – içdən gələndir. Xaqaninin təqdim etdiyi dərd hamının doğmasına çevrilə bilir, hamı onu özününküləşdirib, qapı açır.

 

Xaqaninin hər şeiri etnik yaddaşımızın üzə çıxmış bir gizlini, şifrəsi çözülmüş bir sirli kodu kimi görünür. Onun şeirləri mənəvi dünyamızın sərhədlərini cızaraq, ruhmuzun çata biləcəyi ənginliyin, əlçatmazlığın konturlarını bəlli edir, gözümüz önündə dünəni, bugünü, sabahı canlandıran mənəvi-ruhi bir xəritəyə, etnik-milli kimliyimizi təsdiqləyən bəlgəyə çevrilir.

 

Xaqani mənim qayım-qədim dostumdur. Sözü urvatlayan, işi-gücü sözdən keçən dostum.

 

Altmışın – altunun mübarək, qardaş!

 

Afiq MUXTAROĞLU

Gürcüstan, Qarayazı