Kimin üçünsə milli mənsubiyyət qürür mənbəyidir, kimin üçünsə də bunun heç bir əhəmiyyəti yoxdur. Əlbəttə, hər bir insan milli kimliyi ilə fəxr edə də bilər, etməyə də bilər. Bu, şübhəsiz ki, fərdin öz şəxsi işidir. Onu milli kimliyi ilə fəxr etdiyi və ya etmədiyi üçün kimsə qınaya bilməz.

 

İnsan var, milli mənsubiyyətinə görə ekstaza düşür və digər millətlərin nümayəndələrini qəbul edə bilmir. Başqaları ilə bir ölkədə, şəhərdə, məhəllədə yaşaya bilmir, az qalır əlinə sopadan, yavadan alıb onun dilində danışmayanları, onun dininə inanmayanları, onun rəngində olmayanları planetdən qova. Bu, artıq problemdir. Bu cür insanlar, əlbəttə, qınanmalıdır.

 

İnsan da var, kimin hansı rəngdə olmasının, kimin hansı dildə danışmasının, hansı dinə inanmasının onun üçün heç bir əhəmiyyəti, önəmi yoxdur. Hətta, insanlar var ki, adamdan hansı millətə mənsub olduğunu soruşanda alçaq səslə, utana-utana üzr istəyərək soruşur. Və az qala adamın alnına və ya vaxtı ilə alman nasistlərinin, faşistlərinin elədiyi kimi, adamın əlbisəsinə milli kimliyi göstərən bir nişan yapışdırmaq, damğa vurmaq istəyənlər də var. Məsələn, “Gürcü marşı” partiyası kimi.

 

Bu partiya Gürcüstan vətəndaşlarının (!) şəxsiyyət vəsiqələrində milliyətin göstərilməsi təklifi ilə parlamentdə çıxış edib. Parlamentin Prosedur qaydaları komitəsinin iclasında məsələyə baxılıb və bildirilib ki, “təşəbbüsün qanun layihəsi kimi qeydiyyata alınması və qanunverici orqanda müzakirəyə çıxarılması üçün təşəbbüs qrupu 45 gün ərzində ən azı 25 min imza toplamalıdır”. Təklifə görə, vətəndaşların şəxsiyyət vəsiqələrinə milliyət qrafasının əlavə olunması və könüllülük əsasında bu bölmənin doldurulması nəzərdə tutulur.

 

Ölkənin bütün problemləri həll olunub, düzəlib hər yarağımız, qalıb bircə saqqal darağımız. Yəni bu boyda ölkədə həlli müzakirə olunası başqa problem başınıza qəhətdirmi, cənablar. Həqiqətənmi kimin hansı millətdən olması sizi ölkə səviyyəsində narahat edir? Bu axı Avroatlantik məkana daldala “inteqrasiya” etməkdir (İstədiyiniz də budur zatən). Axı Avropanın hüququnda “etnik mənsubiyyət” anlayışı çoxdan yoxdur. Bu ölkədə yaşayan başqa millətlərin nümayəndələri tam hüquqlu vətəndaş olmaq çabasında bulunarkən, sizlər “Marş, irəli!” bağıraraq ayrı-seçkiliyi sənədləşdirmək istəyi ilə “Marş, geri!” basırsınız – Sovet babanızın yanına.

 

Şəxsiyyət vəsiqələrində milli kimliyin yazılması ayrı-seçkiliyin ən pis formasıdır, rəsmi formasıdır, ilk növbədə milli azlıqların hüquqlarının pozulmasıdır. Və bu, Avropaya üz tutmuş Gürcüstan üçün tənəzzül deməkdir.

 

İndi ayrı-seçkilik salanları, diskriminasiyanı özünə peşə edən irqçiləri, nasistləri linqvistik qaydada müəyyən etmək çox asandır. Onlar danışanda mənsubiyyət şəkilçisinin yalnız birinci şəxsin təki və cəmindən istifadə edirlər. Vətəndaş olmaq üçün isə şəxsiyyət vəsiqəsində milli mənsubiyyət deyil, ölkə mənsubiyyətinin göstərilməsi yetərlidir.

 

Hə, bir də, marş alman dilində xəndək deməkdir. Bunu isə elə-belə yazdım.