Uşaqlıqdan ən xoşuma gələn vərdiş qohum evinə gedəndə şəkil albomuna baxmaq idi. Hamı deyər- gülər, yeyər-içər, mən də bir kənara çəkilib o albomlarla keçmişə dönər, xəyalımda şəkillərdən film yaradardım. Bəzən mənə elə gəlir ki, mən də Sovet dövrünün tələbəsi olmuşam, pambığa getmişəm, paradlarda “ura” demişəm, Sovet ordusunda xidmət etmişəm. Ona görə ki, baxdığım rəsmləri kino kadrlar kimi birləşdirər, bir ömür yaradardım.
Bir qohumumuz da vardı, SSRİ Ali Sovetinin deputatı olmuşdu, Mavzoleydə, Qurultaylar Sarayında və s. şəkilləri vardı. Elə maraqla baxırdım o şəkillərə. Hərdən özümü deputat da görürdüm. Tarix kitablarında yazılan kimi – qurultayın nümayəndəsi... Necə maraqlı idi. Xəyallarımda gizlicə qurultaylara gedirdim, atəşin danışırdım, gözəl təkliflər verirdim. Sonra müsahibə verirdim və məni belə təqdim edirdilər: 37-ci qurultayın nümayəndəsi...
Bax, beləcə yaratdığım filmim axıra çatmadı. Mən də yaman tez böyüdüm. Az yaşımda çevrilişlər, müharibələr, siyasi oyunlar gördüm. Dünyanın rəngini anlayanda uşaqları böyütmək üçün ayırdığım zaman xəyallarıma da xətt çəkdi. Tanrının verdiyi əli-ayağı düz balalara şükür deyərək, məncə, fədakar ana, ailə qadını oldum. Sıradan bir müəllim də oldum, qələmiylə danışan gizli bir yazar da oldum, amma filmimin qəhrəmanı ola bilmədim. Qurultaylar nümayəndəsi olmaq xəyalım, gizlicə özümə müsahibə verdiyim günlər, özümün özümlə çəkdiyim filmlərim də illərin arxasında bir şirin gülümsər xatirə oldu.
Günlərin bir günü Vətən deyə torpağına baş əydiyim elimə döndüm. Təəssüf ki, gec, çox gec, 30 il sonra... Uşaqlığımın gözəl xatirələri yaşayan, oğlumun tələbə olmaq istədiyi elimə döndüm. Yurdumun balalarını bağrıma basdım – müəllim kimi yox, ana kimi, dost kimi. Tək şagirdlərimlə kifayətlənmədim, bütün məktəblərdəki balaların dostu, sirdaşı, mənəvi dayağı olmağa, məktəblərimizin səsi olmağa çalışdım. Bu yola məndən qabaq çıxan, amacı müəllimlərin haqqına, hüququna səs olan Aygül kimi qeyrətli qızla tanış oldum. Günlərin bir günü həyatımın qızıl fondunda saxladığım filmim “Yada düşər xatirələr” silsiləsindən davam etdi. Bu yaddaşı Aygül təzələdi.
2023-cü ildə tariximizdə ilk dəfə I Qurultay keçirildi. Və mən o qurultayda iştirakçı oldum. Bu barədə “Möhtəşəm gün – l” adlı xatirəmi də yazdım. Mənim xəyalımda yaratdığım filmimin növbəti bölümü davam edirdi. Bax, budur Gürcüstan Respublikasının tolerant missiyası!
Rəsmi qurumların da təmsil olunduğu konfrans zalında ikinci tarixi günü yaşamağa şərait yaradılmışdı və Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı təşkil olundu. O Qurultayda yenə mən də var idim. İştirakçı nümayəndə idim. Birinci Qurultaydan addım-addım təsvirlə həmin günün möhtəşəm görüntüsünü oxucularıma çatdırmışdım. İki il sonra eyni məkanda görüşdük, bu görüş o gürüşdən fərqli idi. Daha müəllimlər təcrübəli idilər, daha kimsənin sərt münasibətindən qorxmurdular, siyahı bağlanmışdı, 300 nəfərlik zalda gəlmək istəyən əlavə müəllimlərə yer yox idi. Zal yavaş-yavaş dolurdu. Əksər müəllimlər Kaxetidən, Dmanisidən, Qardabanidən, Saqarecodan, Bolnisidən, Marneulidən bir-biriylə köhnə tanışlar kimi salamlaşırdılar.
Böyük manitorlarda gürcü, Azərbaycan, ingilis dillərində yazılmışdı: Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı. Ön cərgədə rəsmi qonaqlar üçün yer saxlanılmışdı. Nəhayət, hər kəs yerini tutdu. İlk olaraq Gürcüstan Dövlət himni səsləndirildi. Hamı ayağa qalxıb böyük hörmətlə əlini ürəyinin üstünə gətirməklə Vətən sevgisini, sonda alqışlamaqla da sevincini tərənnüm etdirdi. İlk olaraq Qurultayın sədri, “Maarif” təşkilatının direktoru Aygül İsayeva çıxış edərək bu tarixi gün üçün bütün iştirakçıları təbrik etdi. “Bu gün biz yenidən tarix yazırıq” dedi.
Sonra təbrik üçün rəsmi qonaqlara söz verildi. Gürcüstan parlamentindən təhsil sahəsi üzrə nümayəndə Elena Vekua, Təhsil Nazirliyindən Despine Koyava, Müəllimlər Evindən Nino Berikaşvili, Xalq Müdafiəçisi Aparatından gələn nümayəndə Mariam Orjonia ilk olaraq müəllimləri təbrik edib, Qurultaya uğur arzuladılar. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin 3-cü katibi Cavid Məhərrəmov çıxış edərək dedi ki, soydaşlarımızın təhsili, tədrisi, inkişafı üçün Azərbaycan səfirliyi daim dəstəyini əsirgəmir. Azərbaycan Diaspora Komitəsindən Şəfəq Binnətova qeyd etdi: “H.Əliyev deyərdi ki, müəllim adından yüksək ad tanımıram. Ümid edirəm ki, Qurultay müəllimlər, soydaşlarımız üçün dəyərli qərarlar qəbul edəcək”. Marneulidə yerləşən “Maarif” məktəbinin direktoru Murat Kördemir Qurultayın xeyirlərə vəsilə olacağına, gözəl nəticələr əldə ediləcəyinə inandığını bildirdi.
Birinci paneldə Aygül İsayeva yenə də ana dili problemini önə çəkdi. Özünün apardığı araşdırmaların nəticəsi olaraq, acınacaqlı vəziyyətlərdən söz açdı. Statistik məlumatları əsas göstərərək anadilli məktəblərimizin sayının azalmasını qeyd etdi, həmçinin ana dili dərslərinin kefiyyətinin aşağı düşməsinə səbəb olan amillərdən və dərsliklərin kefiyyətsiz tərcüməsindən, fonetik, qrammatik, leksik səhvlərə yol verilməsindən danışdı. Təklif etdi ki, dərslikləri mütəxəssislər tərcümə etsinlər və bunun üçün Azərbaycandan da nümayəndələr dəvət olmalıdır.
Azərbaycan dili müəllimi Fatma Aslan mövcud problemi müəllim kimi daha geniş izah edərək saat azlığına görə hətta illik proqramı belə çatdıra bilmirik dedi. Aygül xanım kadr probleminə də toxundu. Azərbaycan dili müəllimlərinin tükənən xəttə yaxınlaşdığını göstərdi, axı bizdə bu kadrları hazırlayan universitet yoxdur. Ona görə də Tbilisi Dövlət Unuversitetində mütləq Azərbaycanşünaslıq və II ixtisas Azərbaycan dili və ədəbiyyatı müəllimi fakültəsi açılmalıdır (Ermənişünaslıq fakültəsi illərdir var).
Araşdırmaçı Rəqsanə Şıxıyeva ikidilli təhsil sistemi ilə əlaqədar öz tədqiqatının nəticəsini açıqladı. Apardıqları araşdırmaların nəticəsi Şalva Tatadzenin təhqiqatı ilə üst-üstə düşmüşdü: İkidilli – bilinqual təhsil iki istiqamətdə gedə bilər: zəif və güclü. Zəif tərəf assimliyasiyaya aparır, güclü tərəf isə ikidilli təhsil almaqla daha da mükəmməlləşdirir. İkidilli təhsil vermək üçün isə mütləq ikidilli məzun hazırlayan universitet olmalıdır. Əks halda bu assimilyasiyadır. Bu, Şalva Tatadzenin çap etdirdiyi tədqiqatının nəticəsidir.
Aygül İsayeva “neçə ki kadr hazırlanmır, ikidilli təhsil də dayandırılmalıdır” dedi. Fatma müəllim çox kəskin şəkildə “köməkçi müəllimlər bizə komək etmir, əksinə, mane olurlar. Onlar ixtisasçı deyillər, sadəcə dil bilirlər, bu isə uşaqları yazıq edir. 45 dəqiqəlik dərsdə ibtidai sinif şagirdi hansı müəllimin dediyini mənimsəməlidir, əgər digəri ixtisasçı deyilsə” dedi.
Bu yerdə bu yazının müəllifi söz istədi, üzünü Nazirlik nümayəndələrinə tutub dedi: “Sovet vaxtı rus dili dərsini 3-cü sinifdən keçirlərmiş, amma yüzlərlə azərbaycandilli məktəblərimizin məzunları SSRİ ali məktəblərində təhsil alırdı. Heç bir ikidilli təhsil sistemi olmadan hər kəs dövlət dilini öz iş şəraitinə uyğun şəkildə bilirdi. İndi gürcü dili birinci sinifdən həftədə beş gün tədris olunur. Baxın, burada oturan gənclər hamısı dövlət dilini bilirlər. Bax, o sinxron tərcüməni edən gənclər də azərbaycandilli məktəblərin məzunlarıdır.Axı hər kəs bilir ki, dövlət dilini bilmədən onun heç bir postda işləmək şansı yoxdur, ona görə dövlət dilini öyrənməyə özü maraqlıdır. İcazə verin uşaqlarımız öz ana dilimizi bilərək Gürcüstan dövlət dilini və mədəniyyətini öyrənsinlər”.
Aygül xanım onu da əlavə etdi ki, Gürcüstan Konstitusiyasının 4-cü bəndinin 3-cü maddəsində yazılır ki, Gürcüstan Avropa Şurasına üzv olarkən ölkədəki qeyri-gürcülərin ana dili və mədəniyyətinin inkişafına mane olmayacaq.
İkinci paneldə Gülgün, Aynur, Bəsti müəllimlər öz tədqiqatlarını təqdim etdilər ki, apardıqları araşdırmayla əlaqədar məktəblərdə texnologiyadan istifadə etmək üçün bir çox problemlərlə rastlaşırlar. Bunun üçün lazım olan heç bir avadanlıqla əksəriyyət məktəblər təchiz olmamışdır.
Tarix müəllimi Fariz Bayramov isə 1+4 tədris proqramının dəyərindən danışdı. “Bu azlıqların inteqrasiyası üçün çox effektiv bir metoddur” dedi. Həmçinin bildirdi ki, “məktəblərimizin əksəriyyəti təmirsiz, hətta təhlükəli vəziyyətdədir, amma təmir olunası məktəblər siyahasında məktəblərimizin adı ya olmur, ya da çox az saydadır”.
Nəhayət, üçüncü paneldə tədqiqatçı Ayişə Bədəlova ana dilində ilk təhsilin vacibliyini bir çox psioxoloq, pedaqoqların sitatları ilə izah etdi. Qarsiyaya görə, əgər təhsil bir körpüdürsə, onun mütləq iki tərəfi olmalıdır. İkidilli təhsildə bu körpü birtərəflidir. Ayişə xanım araşdırıb ki, ana dilində təhsil alan uşaqlar fikrini daha gözəl ifadə edirdilər, nəinki başqa dildə təhsil alan gənclər. Nəticə olaraq bildirdi ki, övladını ana dilində oxutmaq istəməyən valideynlərə anlatmaq lazımdır ki, sənin övladın qeyri-anadilli təhsillə nə əldə edəcək, nəyi qurban verəcək və o, bu qurbana hazırdırmı?
Aygül xanım 16 bənddən ibarət müraciəti hamının nəzərinə çatdırdı, ən yadımda qalan və önəmlisi:
1. Ana dili saatları 5-7 saata çatdırılsın.
2. Gürcüstan-Azərbaycan unuversiteti təşkil olunsun.
3. İkidilli kadrlar hazırlananadək bilinqual sistem ləğv olsun.
4. Ali məktəblərdə Azərbaycan dili imtahanı əlavə olunsun.
...19. Növbəti III Qurultay 2028-ci ildə keçiriləcək.
Başa çatan Qurultay sonda yenə Dövlət himnimizin səslənməsi ilə yekunlaşdı. Yenə müəllimlər əli ürəyində dinlədilər, alqışladılar. Deyəsən bu dəfə özümüzü də alqışlayırdıq.
Bəli, bu, mənim filmim idi... Uşaqlıqda yarımçıq qalan, gəncliyimdə unutduğum, müstəqil, azad Respublikada davam edən filmimin növbəti bölümünün xoşbəxt sonluğu idi. Mən xoşbəxt idim. Azadlıq meydanı – Gürcüstan, Azərbaycan respublikalarının müstəqqiliyinin şahidi meydan bu gün haqqımızı, hüququmuzu dinləyən, müzakirəsinə şərait yaradan ölkədə hamımızın azadlığının, müstəqilliyinin şahidi idi. Bu filmin davamı üçün var ol Gürcüstanım, bayrağın Azadlıq meydanımızda həmişə ucada olsun!
Esmira ƏLƏKBƏRLİ