Daima gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Dəb durmadan dəyişir. Mağazanın vitrinlərini demək olar ki, hər gün daha yeni geyim və aksesuarlar, kosmetik vasitələr bəzəyir. Dəb dalınca qaçanlar isə heç düşünmədən pulunu son qəpiyinə qədər xərcləməyi seçirlər. Bu cür insanları ancaq dəbli geyinmək maraqlandırır.

 

İnsanlar adətən xeyli paltarlarının olmasına baxmayaraq “geyinməyə heç nəyim yoxdur” deyirlər; dolabın altını-üstünə çevirib bir neçə paltar dəyişir və narazı şəkildə güzgüyə baxırlar. Bu cür insanlar mağazaya gedəndə özlərini itirirlər və nə qədər pul xərclədiklərinin fərqinə varmırlar. Bu insanlar yeməksiz qala bilər, amma modasız, dəblə geyinməkdən qala bilməzlər.

 

Dəbə uyğun geyinmək və görünmək arzusu illərdir davam edir. Keçmişdə xüsusilə qadınlar geyimə, bəzənməyə üstünlük verirdisə, indi bu hal gender bərabərliyi kimi dəyişib. Qadın, kişi, böyük, kiçik – hər kəs geyiminə fikir verir.

 

Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırmış. Elə sayılırdı ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Ancaq bu gün zövqlə, daha doğrusu, dəblə geyinən kişilərimiz də az deyil. Cəmiyyətimizin bir qismi bu hala qarşı müsbət rəylər bildirməsə də, heç kəsin geyiminə, dəbinə qarışmaq olmur. Küçədə gənclərin arxasından “bir bunun ətrinə bax, əşşi, kişi nədir, ətir nədir”, “kişi bir balaca meymundan fərqli oldu bəsdir, bu uşaqlar niyə belə qız kimi saçını-başını düzəltdirir” və bu kimi düşüncələrlə kişi dəbinə qarşı öz etirazını bildirənlər çoxdur.

 

Lakin hər şey bir kənara, məni bu gün gənc oğlanlarımızın geyimində narahat edən başqa məsələdir. Belə ki, küçədə gedərkən qarşımızda irəliləyən insanın bəzən qız və ya oğlan olduğunu çətin ayırd etmək olur. Müasirliyin, baxımlı olmağın, özünə diqqətin, əlbəttə, tərəfdarıyam. Ancaq atalarımız demişkən, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar.

 

İstər-istəməz geyimlə az da olsa insan düşüncəsini, həyat tərzinin necəliyini müəyyənləşdirmək olur. Güllü-çiçəkli, alabəzək geyimli birinin necə bir həmsöhbət olacağı adamı düşündürər.

 

Qaldı ki, kişilərin, gənc oğlanların geyiminə, hər şeydən öncə kişi gərək hər mənada, geyimində, davranışında, yerişində kişi kimi ola. Geyimlə yanaşı bunlar da bir-birini tamamlamalıdır.

 

Məni narahat edən ən əsas məqam gənclər və uşaqlarla bağlıdır. Məktəbli uşaqların ağlında “sabah hansı dərslərim var” əvəzinə “sabah məktəbə nə geyinəcəm” sualı dolaşır. “Balam, bu gün dərsinə hazırsanmı, gəl danış qulaq asım, təkrar etmiş olarsan” əvəzinə “balam bu gün nə qəşəng geyinib, gəl şəklini çəkim paylaşaq” deyən valideynlərimiz var artıq...

 

Nənəm deyirdi, bayramda uşaqlara təzə paltar alardıq, bayramlıqlarını geyinib sevinərdilər. Bayramdan sonra da əyinlərindən çıxarıb qoruyardılar ki, yağış görməsin paltarlarımız. Toydan-toya geyinərdilər. Bu sevinci yaşayan uşaqlar bizim ata və analarımız olublar. İndi bizim özümüzün sevincimizdən danışım.

 

Məktəb başlamazdan bir həftə öncə anamız bizə yeni paltarlar alardı. Özü seçər, bəyənərdi. Anamız gələnə qədər həyacanla gözləyərdik. Çünki təkcə yeni paltarlar yox, yeni çanta, yeni üzü rəngli dəftərlər, məktəb ləvazimatları da alacağını bilərdik. Anam evə çatan kimi hər şeyimizi ayırar, geyinin atanız baxsın, deyərdi. Xoş sözlər deyilirdi, bəyənilirdi deyə çox sevinirdik. O gündən sonra tam məktəb açılana qədər dəftərlərimizlə oynayardıq – bu dəftərimi ana dili dəftəri edəcəm, bu riyaziyyat üçün yaxşıdır və s. Seçib, düzəldib hamısını hazırlayardıq. Sabah məktəb açılır deyəndə bacımla həyacandan gecəni yata bilməzdik. Səhər də o qədər sevincək, enerjili olardıq, heç inanmazdılar ki, biz yatmamışıq.

 

Bu danışdıqlarım valideynlərimizin və bizim dövrümüz idi, indi sıra gəldi indiki dövrə. Keçən günlərdə bazarda təsadüfən bir uşaqla nənənin söhbətini eşitdim. Uşaq ağlayırdı, nənə də “bala, nə qədər ağladın, bəsdir daha” deyə sakitləşdirməyə çalışırdı. Satıcı dayana bilməyib soruşdu: “Niyə ağladırsan bu gözəl qızı, nənəsi?” Nənə: “Girişdə bir köynək gördü, dedi alaq, mən də almadım. Üzərinə “tik tok” yazılmışdı, dedim olmaz, onu məktəbə geyinə bilməyəcəksən, gedək ağ köynək alaq, bunu da yayda alarıq. Ondan buyanadır ağlayır. Neyliyim, gedib alacam məcbur. Deyir, sən deyirsən olmaz məktəbə geyinmək, amma rəfiqələrimin hamısı geyinir”...

 

Hazırda univeristetdə təhsil alıram. Bəzi qızlarımız univeristet dəhlizlərini podium hesab edirlər. Özlərinə yaraşdı-yaraşmadı, geyinirlər. Bununla da öz gözəlliklərini pozmuş olurlar. Heç kim kimsəyə “bunu geyinmə” deyə qadağa qoya bilməz. Amma elə etmək lazımdır ki, paltar həm bədənin ahəngdarlığını, həm də öz sahibinin ədəb-ərkanını nümayiş etdirsin. 

 

İnsanların gözəlliyə münasibəti müxtəlifdir. Kimi gözəllikdə təbiiliyi, kimi ciddiliyi, kimi də sadəliyi sevir. Geyim zövqlə bağlıdır. Məncə, insanda zövqün inkişafı onun həyat təcrübəsi, tərbiyəsi, dünyagörüşü, təhsili və s. ilə əlaqədardır.

 

Mənim üçün moda özümə yaraşandır. Hər kəs çalışmalıdır ki, geyim seçimlərində diqqətli olsun. Nə müasirlikdən gen qaçmaq lazımdır, nə də ki, sərhədləri aşmaq. Bu gün çox gənclərimiz var ki, Avropaya istinad edib, açıq-saçıq geyimlərə üstünlük verirlər. Lakin bir şeyi unudurlar ki, Avropada gündəlik geyimlər belə bizdə olduğu qədər nə açıq, nə də ziyafət geyiminə bənzərdi. Hətta bir yerdə oxumuşdum, podiuma çimərlik geyimində çıxan modelin iş saatlarında mini yubka geyinməsinə icazə verilmirmiş.

 

Nə isə... qısaca da olsa bir az geyim mədəniyyəti sahəsindəki problemlərə toxunmağa çalışdım. Ümidvaram, bir gün təhsilimiz də moda kimi həm kişilərin, həm qadınların, həm də uşaqların maraq dairəsinə çevriləcək.

 

 Aytən FƏTULLAYEVA