Qurban kəsmək bütün ümmətlərə halal edilmiş və islam dininin əlamətlərindən sayılan, hətta Peyğəmbərimizin buyurduğu iki bayramdan biri olan maddi ibadətdir. Qurban nisab miqdarı sərvətə sahib olan hər bir müsəlmanın kəsməsi əmr edildiyi və şəxsən və ya vəkalət yoluyla yerinə yetirilə biləcək bir ibadətdir. Peyğəmbərimiz (s.ə.s.) özünə fərz edilən qurban ibadətini hicrətin ikinci ilində əmr edildikdən sonra hər il yerinə yetirmişdir. Hətta hər il ümməti üçün bir qurban kəsirdi. Hənəfi məzhəbinə görə, qurban kəsmək vacib, digər məzhəblərdə isə müəkkəd sünnədir.

 

Qurban kəsiləcək heyvanlar sağlam, orqanları tam və qüsursuz olmalıdır. Bəzi xırda nöqsanlar qurban üçün maneə sayılmır. Qurbanın şükr, nəzir, nafilə və digər növləri kimi hissələri vardır. Ancaq bütün qurbanlar üçün tələblər eynidir. Qurbanlığın şərtlərinə uyğun gələn heyvan qaydaya uyğun olaraq kəsilməlidir. Bu təqdirdə qurbanlıq vəzifəsi yerinə yetirilmiş olur.

 

Qurban kəsimi yerinə yetirildikdən sonra isə onun ətinin bölünməsi və paylanması gəlir ki, bu da bizə paylaşmağı, bölüşməyi öyrədir.

 

Əmr edildiyi gündən bu yana yerinə yetirilən qurban ibadəti bir neçə gün davam edir. Bu gün zamanın gətirdiyi bəzi uyğulamalar və problemlər də vardır – qurbanlıq yaşına çatmayan körpə heyvanların kəsilməsi, süni yemlə tez inkişaf etdiyi üçün yaşı tamam olmamış mal-qaranın kəsilməsi, qurbanın əvəzinə onun məbləğinin sədəqə olaraq ödənilməsi ilə bağlı müzakirələr, kəsim zamanı qurbanlıq heyvana şok vermək, qurbanı çəki ilə satmaq və s.

 

Bəli, Qurban bayramını yola saldıq, imkanlarımız daxilində qurbanlarımızı kəsdik, manqallarımızı işə salıb şişləri üzərinə yerləşdirdik. Hətta bu əsnada işlətdiyimiz qab-qacağı yuyub yerinə belə yerləşdirdik. Çox gözəl!

 

O zaman gəlin qurbandakı əsl məqsədə nəzər salaq. Uca Allah Qurani-Kərimdə qurban haqqında buyurur ki: “Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır” (Həcc, 22). Yəni ki, Allaha olan hörmətiniz, Ondan qorxmanızdır. Çünki qurbanlıq heyvanlar ən gözəl heyvanlar olaraq seçilməlidir. Əslində qurban bizim səmimiyyətimizin, Allaha olan bağlılığımızın göstəricisidir. Allahın bizə vermiş olduğu nemətlərin, imkanların nə qədərini bizim Allah yolunda xəclədiyimizin əlamətidir. Bir sözlə, qurbandakı əsas məqsəd kəsdiyimiz heyvanların timsalında nəfsimizi, dünya malına düşkünlüyümüzü qurban etmək deyilmi? İl boyu bizə verilən nemətlərdən ildə bir dəfə qarşılıq istənirsə bunu da yerinə yetirmiriksə və ya ad olsun ki, qurban kəsdi xatirinə ediriksə, o zaman yuxarıdakı ayədən nəsibimiz nədir? Bizim təqvamız nə dərəcədədir? Biz ət yeyək deyəmi qurban kəsirik, yoxsa Allahın əmrini yerinə yetirək deyəmi bu bayramı qeyd edirik? Əgər ət yemək üçündürsə, o zaman təlaşa düşərək qurbanlıq almağın, o qədər məsrəfə girməyin anlamı da yoxdur. Gedib qəssab dükanından beş kilo ət alarsan və yeyərsən. Yox, əgər niyyətimiz Allahın əmrinə uymaq, onun qatında təqva sahibi olmaqdırsa, o zaman yenə də özümüzü hesaba çəkməliyik. Biz bu qurbanlığı alarkən nələrə diqqət etdik? Qurbanlıq yerinə gəlsinmi dedik, yoxsa ən gözəlini qurban edəkmi dedik? Yuxarıda da vurğuladığımız kimi, nəfsimizi, arzu və istəklərimizi qurban edə bildikmi? Qısası, layiqincə QURBAN ola bildikmi?

 

Hacı BƏKİROĞLU