“Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir” (ifadə Mahatma Qandinindir). Bəlkə də elə bu GÜCdən qorxaraq insanları parnik şitili kimi yetişdirən kustar “təlimlər”, “sistemlər” mövcuddur. Bağçalardan məktəblərə, məktəblərdən universitetlərə (M.Qorkinin “universitetləri” xaric), universitetlərdən institutlara boyun əyməyən iradədən yaranan gücü fiziki gücə çevirməklə onu daha asan məğlub edilən, idarə olunan hala gətirməklə məşğuldurlar. Axı fiziki gücü fizika qanunları ilə idarə və məğlub etmək asandır, iradə üçün isə bu qanunlar keçərli deyil...

 

Tibbdə abuliya deyilən bir xəstəlik var. Abuliya – iradəsizlik, patoloji iradə zəifliyidir, yəni aktiv həyat tərzinin bütün növlərinə qarşı marağın itməsidir. Və bu xəstəlik vaxtında dəf edilməzsə, xəstə, demək olar ki, fizioloji tələbatlarını yerinə yetirə və psixoloji inkişaf dərəcəsini qoruyub saxlaya bilmir, bunun üçün ona daima kiminsə (başqalarının) yardım etməsi lazım gəlir. İraq olsun!

 

Məlumdur ki, iradə gənclik dövründə inkişaf edir, möhkəmlənir. Bu gün gənclərə baxanda, onların marağı, fəaliyyəti (fəaliyyətsizliyi), həyat tərzi ilə maraqlananda, görürsən ki, gənclik abuliyaya tutulub, daha doğrusu kənardan yoluxub. Və bu abuliyaya yoluxmuş gənclər gələcəyin avaragor, zırrama, çayxanalarda papağı günə yandıran qocalar ordusu deməkdir. Bu insanları idarə etmək asan olduğu üçün onlara dəyib-toxunan da yoxdur. Sirr deyil ki, iradəsi zəif olan adamın ağlı (əgər varsa) başqasının quluna, qulluqçusuna çevrilir. Bu gəncləri məktəblərə, dərnəklərə, kolleclərə, universitetlərə göndərmək əvəzinə çayxanalara, qumarxanalara və sair xanalara doldururlar. Demək olar ki, hər bölgədə mütləq bir, ya iki totalizator, qumarxana var, amma hələ də uşaq baxçası yoxdur, gənclərin vaxtlarını səmərəli keçirmələri üçün heç bir dərnək yoxdur...

 

Qumarxanası məktəbindən şəraitli, gözəl, isti, müasir texnologiyalarla təchiz olunmuş ölkənin balası, əlbəttə, tövləyə oxşayan məktəbdə əlləri soyuqdan donaraq imla yazmaq əvəzinə isti qumarxanada qəhvə içə-içə “variant” yazacaq; müəllimini totalizatorda görüb onun “yoluyla gedəcək”. Axı ağlını, əzələlərini işlətmədən isti, rahat yerdə oturub “nəyəsə” nail olmaq da mümkündür. Keyfiyyətsiz təhsilin məktəbdə saxlaya bilmədiyi, universitetə çağıra bilmədiyi gənclik çayxanalara, qumarxanalara axın edəcək. Məktəbdə müəllim avtoritet olmayanda şagird avtoriteti həbsxanalarda axtarmağa başlayacaq və sair...

 

Tolstoy deyir ki, “inam vicdanın iradə ilə razılaşmasıdır”. İradəsi zəif olan və ya ümumiyyətlə olmayanların vicdanları (əgər o da varsa) məcbur başqalarının iradəsi ilə sövdələşməli olur və nəticədə inamı da özününkü olmur, özgəninki olur. Ən qorxulusu da elə vicdanı və iradəsi olmayanların korafəhm inamıdır və ya inamsızlığıdır. Bəlkə də abuliya özünü elə burada göstərməyə başlayır...

 

Bu gün daha çox gənc nəsil arasında özünü göstərən iradəsizlik artıq patologiyaya çevrilir, psixoloji hal alır. İradəsizlər kütləsi yaranır ki, müxtəlif siyasi və dini qurumların ideologiyaları üçün fəaliyyət və ya fəaliyyətsizlik alətinə çevrilirlər. Məsələyə zərrəbinlə baxdıqda isə hətta iradəlilərin iradəsini qırmaq, sındırmaq, yəni təzyiq və qorxutmaqla yolundan, mübarizəsindən çəkindirmək, məqsədindən döndərmək üçün çalışan, dəridən-qabıqdan çıxanların olduğunu görərik, yəni bu gün boyun əyməyən iradədənsə boynubükük iradə “yetişdirmək” idarə edənlər üçün daha məqsədəuyğundur.

 

Yeri gəlmişkən, idarə ilə iradə sözlərindəki hərflərin hamısı eynidir, sadəcə “d” ilə “r” hərflərinin yeri fərqlidir. İkisi də ərəb mənşəli sözdür. Biri rəhbərlik etmək, digəri dözüm deməkdir. İkisindən birini seçmək iradəsi isə sizindir.

 

Müəllif: Azər Musaoğlu