Yeni il bayramı uzun illərdir qeyd olunan bayramdır. İlin bitməsi və yeni ilin başlanması səbəbi ilə qeyd olunur. Yeni il dünya bayramı hesab edilir. İnsanların əksəriyyəti Yeni ilin xristianların bayramı olduğnu düşündükləri üçün bayramı qeyd etmirlər. Dinindən asılı olmayaraq hər bir insanın fikirlərinə və düşüncələrinə hörmətlə yanaşmaq lazımdır.

 

Yeni il mənim üçün ən sevimli bayramlardan biridir. Uşaqkən hər il səbirsizliklə dekabr ayının gəlməsini, daha sonra isə ayın 31-nin gəlməsi üçün günləri sayardım. Hər il dekabr ayının 15-də evdə şam ağaçı bəzəyərdik. Hər il eyni həvəslə şam ağaçını bəzəmək üçün çox səbirsizlənərdim. Şaxta babanın həqiqətən də real həyatda olduğuna inanardım. Xatırlayıram, hətta bir dəfə bağçada şənlik var idi, müəllimimiz şaxta baba paltarı geyinmişdi, onun həqiqi şaxta baba olduğuna inanmışdım. Evə gələnə qədər yanından çəkilməmişdim. Şənlik bitdikdən sonra isə şaxta baba, yəni müəllimim mənə hədiyyə vermişdi. Hər halda ən xoşbəxt olduğum Yeni il olmalıdır, çünki 16 yaşım var və hələ də o Yeni il gününü unutmamışam.

 

Hazırda böyük şəhərlərdə Yeni il daha təmtəraqlı qeyd edilir. Bəs kəndlərdə insanlar bayramı necə qeyd edirlər? Bayrama necə hazırlaşırlar?

 

Nənəmdən, babamdan eşitdiklərimə görə, əvvələr kənddə bəzi insanlar Yeni ili qeyd edərlərmiş, bəziləri isə maddi baxımdan imkan olmadığı üçün bayramı qeyd etməzlərmiş. Ancaq indi böyüklərimin dediklərinə görə, bayramı kənd əhalisi daha həvəslə və daha yaxşı keçirirlər. Əvvələr kənddə yaşayan insanlar çox çətinlik çəkdikləri üçün və dolanma yaxşı olmadığı üçün bayramı təmtəraqlı qeyd edə bilməzlərmiş. İndi isə çox şey dəyişib.

 

Yeni il bayramına son üç gün qalıb, insanlar bayrama hazırlaşırlar. Şəhərlərdə, məktəblərdə, bağçalarda şənliklər qeyd olunur. Yollar, şəhərlər əvvəlkinə nisbətən bu il daha gözəl bəzədilib. Lakin dəyişən insanlardır. İnsanlar xoşbəxt deyillər. Dünən dərsdən evə qayıdarkən yolda gördüm: bir qadın əlində ərzaqla dolu torba ilə gedirdi, yəqin bayram üçün bazarlıq etmişdi. Qadın öz-özünə danışırdı; nə üçün yalnız bir gün üçün bu qədər xərcə düşüb, bütün gün yemək bişirib yoruluruq, daha sonra da heç gecəni gözləmədən süfrə arxasında mürgüləməyə başlayırıq deyirdi.

 

Qadının dediyi bu sözləri eşitdikdə artıq böyüdüyümü və insanların həyata qarşı olan ümidsizliklərini anladım. Yeni il bayramı, böyük-kiçik fərq etmədən, artıq bir bayram kimi deyil, lazımsız xərc hesab edilir. İnsanların bayrama həvəslərinin olmaması, artıq bir xərc hesab edilməsi bizim yaşadığmız mühitdən və şəraitdən aslıdır. Əgər yaxşı maaş, gözəl bir iş və ölkənin pulunun dəyəri olsaydı insanlar bayramı lazımsız hesab etməzdilər.

 

Fikrimi Molla Pənah Vaqifin şeiri ilə tamamlamaq istəyirəm:

 

Bayram oldu, heç bilmirəm neyləyim...

Bizim evdə dolu çuval da yoxdur.

Dügüylə yağ hamı çoxdan tükənmiş

Ət heç ələ düşməz, motal da yoxdur.

 

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm, dəxi qoymazlar kəndə.

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

 

Bizim bu dünyada nə malımız var,

Nə evdə bir sahibcamalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

 

Aytən FƏTULLAYEVA