İnsanı başqa canlılardan fərqləndirən onun təfəkkür qabiliyyətidir. Deməli, insanlığın ən ali mərtəbəsinə çıxmaq üçün təfəkkürümüzü inkişaf etdirməliyik. Bəs təfəkkür necə formalaşır? Gəlin bu suala cavab tapaq. Təfəkkürün formalaşmasına ətraf mühit, ailə, cəmiyyət, dil və s. birbaşa təsir göstərir. Sadalanan ünsürlərin içərisindən biz dil haqqında danışacağıq.

 

İnsanoğlu doğulduğu zaman onun təfəkkürü bir dil üzərində formalaşır, o bir dil üzərində dünyanı dərk edir, bir dil üzərində düşünür, həyat onun beyninə bir dildə həkk olunur. Biz bu dilə “Ana dili” deyirik. Əgər biz uşağın dünya görüşünün və dərrakəsinin formalaşdığı dövrdə onu bir neçə dil ilə yükləsək həmin uşaqda təfəkkür zəif qalacaq, çünkü o uşaq anasının dili ilə təfəkkür etməlidir, anasının oxşamaları, laylaları, bayatıları ilə dinclik tapmalıdır. İnsan bir neçə dil öyrənə bilər, amma insan bir neçə dildə təfəkkür edə bilməz. İnsanın əqli və mənəvi təkamülü üçün ana dilini mükəmməl mənimsəməsi şərtdir. Beləliklə o, ətrafı dərk edəcək, hiss edəcək, mənəvi dəyərlərin nə olduğunu anlayacaq, özünəməxsus baxış prizması olacaq, millətinin mənafeyini müdafiə edə biləcək, düzgün mətn yaza biləcək, axıcı nitqə sahib olacaq. Görürük ki, inkişafda, elmdə, siyasətdə mövqe tutmaq üçün bizim söz bazamız olmalıdır, ədəbi cəhətdən zəngin olmalıyıq. Bu isə ana dilini mükəmməl bilməklə mümkündür.

 

Dilin ikinci xüsusiyyəti isə identiklikdəki (milli kimlik) roludur. Günümüzdə də antropoloqlar, etnoloqlar, sosioloqlar identikliyi qoruyan ən güclü ünsür hansıdır deyə diskussiya edirlər və əksəriyyət bunun dil olduğunu vurğulayır. Həqiqətən də belədir. Tarixdə dilini itirən millətlərin kimliyini də itirdiyini görürük. Kimliyimizi itirsək hər şeyimizi itirərik və ruhsuz cəsəddən fərqimiz olmaz. Dil cəmiyyəti birləşdirən, əlaqə yaradan ünsürdür. Bir sözlə, toplum dilin ətrafında cəmlənir. Hamımız fikirlərimizi, hisslərimizi, sevgimizi, kədərimizi dilimiz ilə ifadə edirik. Bəs Borçalı cəmiyyəti olaraq dilimizi qoruya bilirikmi? Övladlarımızı gürcüdilli, rusdilli, ingilisdilli məktəblərə və ya sektorlara yazdıranda onun gələcəyi haqqında düşünürükmü? Övladlarımız azərbaycandilli məktəblərdə orta təhsil almalıdır ki, təfəkkürü, mənəviyyatı formalaşsın və inkişaf etsin, ən əsası isə identikliyini qorusun.

 

Orta məktəb ərəfəsində şagird ana dili ilə yanaşı dövlət dilini də öyrənə bilir. Əsas olan tədris fənlərinin, xüsusilə ədəbiyyat və təbiət fənlərinin ana dilində olmasıdır. Bu gün gürcü və ya rus sektorunda olan uşaqlardan nəsə soruşanda görürsən ki, mövzunu müəllim başa salsa da uşaq anlamayıb, çünkü uşaq ikinci dili hələ o səviyyədə bilmir. Mövzudan məhrum qalır. Nə ana dilində məlumatı olur mövzu haqqında, nə də ki, digər dildə. Buna görə də uşağa tədris fənni onun anasının dili ilə öyrədilməlidir. Orta məktəbdə dövlət dilini müəyyən səviyyədə (həftədə 5 dərs saatı) olaraq öyrənən gənc artıq universitetdə mükəmməl səviyyəyə çatdırır. Həm ana dilini yaxşı bilir, həm dövlət dilini. Azərbaycandilli məktəbdə oxumaq qətiyyən dövlət dilindən məhrum qalmaq demək deyil. Əksinə, öz dilini gözəl bilən başqa dili də çox asan öyrənir, çünkü o artıq bir dilin quruluşuna, qrammatika qaydalarına, nitq üzvlərinə bələddir. Millətimiz arasında bu baxış çox yayılıb, çoxumuz düşünürük ki, övladımızı azərbaycandilli məktəbdə oxutsaq, o dövlət dilini bilməyəcək. Bu belə deyil. Dövlətimiz bizə çox gözəl şərait yaradıb. 4+1 proqramı ilə biz dövlət dilini ali tədris ocaqlarında mükəmməl öyrənə bilirik. Universitet təhsili almaq istəməyənlər isə məktəbdə öyrəndiyi gürcü dilini həyatda çox rahat inkişaf etdirə bilər. Bu imkanlar əlimizdə olduğu halda övladlarımızı niyə uçuruma aparırıq? Niyə ana dilimizdən məhrum edirik gəncləri?

 

Biz də azərbaycandilli məktəb bitirmişik və bu, bizə təhsilimizdə heç bir mane yaratmayıb, əksinə, qat-qat uğur qazandırıb. Övladlarınızı gürcü, rus və ya başqa sektorlara yazdıranda iki dəfə düşünün, əziz valideynlər! Həmçinin bu problemə “bilinqual” dediyimiz ikidilli tədris metodu da daxildir. Bu illərdə məktəblərimizə yeridilən bu metod digərlərinə nəzərən daha da yubandırıcıdır. Zəmanə uşaqlarının dərslərə necə həvəssiz olduğunu bilirik. Telefon uşaqları dərslərdən tamamilə soyudub, öz əllərində olsa heç dərsə də getməzlər. Biz çalışmalıyıq ki, uşağı məktəbə, dərsə cəlb edə bilək. İkidilli təhsildə uşaq bir dildə mövzunu qavramamış onu digər dillə yükləyirik. Bəzən isə dərsdə iki müəllim iştirak edir və hər biri fərqli dildə danışır. Gəlin özümüzü uşağın yerinə qoyub düşünək, onsuz da bizə ağır gələn mövzunu iki dildə dinləmək (üstəlik uşaq ikinci dili hələ o səviyyədə bilmir) nə qədər yorucu və yubandırıcı olar?

 

Bu cür ağır tədris metodlarıya övladlarınızın təhsildən soyumasına izin verməyin. Güclü gələcək üçün, sağlam cəmiyyət üçün, aqil nəsil üçün övladlarınızın orta məktəbdəki təhsili ilə maraqlanın və ana dilimizə biganə qalmayın. 12 illik məktəb dövrü boyunca uşağı təkcə riyaziyyata fokslandırmaq universitetdə hansı fəlakətlərlə nəticələnir – bunlara da nəzər salın. Ana dilimizə biganə qalsaq, assimilyasiyadan özümüzü qoruya bilməyəcəyik. Öz dilində təhsil almayan qonşu xalqların yaşadığı fəlakətlər bizə örnək olmalıdır. Saz-söz oylağı olan Borçalının sazının, sözünün dinməməsi, ləngiməməsi üçün dilimizi qarşımıza birinci hədəf qoymalıyıq.

 

 

Cəlal YADİGARLI