Bəşəriyyətin cəmiyyət olaraq formalaşması və bu cəmiyyətlərin siyasi, mədəni, ticari inkişafı bildiyimiz kimi, Şərqdən başlamışdı. Siyasi birliyin və sivilizasiyanın yarandığı ilk məkan Mesopotamiyadır (İkiçayarası). Şumerlərlə başlayan inkişafın müəyyən pillələrini başqa Şərq xalqlarında da görmək mümkündür. Mən deyərdim ki, bəşəriyyətə sunulan ən böyük sərvət insanları siyasi müstəvidə birləşdirmək olmuşdur. Şumer sivilizasiyasının da elə şəhər-dövlətlərdə yarandığını görürük. İnsanlığın mədəniyyət dastanına nəzər saldıqda Mesopotamiya ilə yanaşı Misirin, Çinin, İranın, Hindistanın da bir zamanlar böyük mədəniyyətlərin beşiyi olduğunu görmək olar.

 

Eramızdan əvvəl 4-cü minillikdə başlayan Şərq sivilizasiyası uzun illər davam etdi. İlk dinlər, ilk yazılar, ilk dövlətlər, ilk bazar, ilk elmi kəşflər və s. şərqdə yarandı. Lakin bu gün yaxın tarixə nəzər salanda Şərqin Qərbdən geridə qaldığını görürük. Düşünən insanda sual yaranır – Görəsən niyə? Günah harada idi? Şərq inkişafının niyə dayanması tarix elminin ən aktual diskussiyalarından biridir. Gəlin biz bu mövzuya fərqli yanaşaq və Şərqin niyə geridə qaldığından danışmazdan əvvəl Qərbin necə inkişaf etdiyindən danışaq.

 

Əksər tarixçilər Avropada dini hakimiyyətlə dünyəvi hakimiyyətin ayrılmasını böyük inkişafın ən əsas səbəbi sayır. Avropada kilsə hakimiyyəti cəmiyyətin bütün sahələrini, hətta bəzən dövləti belə öz təsiri altına alırdı, böyük vergilər təyin edirdi və əhalinin təsirdən azad olmasına icazə vermirdi. Bir sözlə, Avropada kilsə ən böyük feodal idi və əhalini asılı vəziyyətdə saxlayırdı. XVI əsrdən başlayaraq M.Luter, J.Kalvin kimi şəxsiyyətlər kilsənin avtoritetinə qarşı çıxaraq cəmiyyətdə təsirini azaltmağa başladılar. Onlara görə, kilsənin sərvəti olmamalı idi. Məhz bu şəxsiyyətlərin fədakar təbliğatları ilə Avropa cəmiyyəti oyanmağa başladı. Kalvini kapitalizmin qurucusu olaraq sayanlar da var. Uzun müddət Avropada din və dövlət bir-biri ilə mübarizə apardı və bu mübarizədən dövlət qalib çıxdı. Kilsənin təsirindən çıxdıqdan sonra elmə maraq atmağa başladı.

 

Bəs Şərq niyə geridə qaldı? Kilsə hakimiyyətindən fərqli olaraq islam dini elmi inkişafın və insan azadlığının tərəftarı idi. Təəssüfvericidir ki, islamın bu böyük xüsusiyyəti ancaq 3-4 əsr davam etdi. İlk dövlərində islam aləminin hər bir yanında kəşflər davam edir, həndəsə, cəbr, astronomiya, tibb, arxitektura, fəlsəfə məhz müsəlmanlar tərəfindən böyük inkişaf etdirilir. Klisədən fərqli olaraq mədrəsələrdə dini dərslərlə yanaşı elmi dərslər də tədris olunur. Xarəzmi, Biruni, əl-Heytəm, İbn Sina, əl-Razi, İbn Həyyan, Cəzəri, Fərabi, İbn Haldun, İbn Rüşd, Qəzzali kimi böyük alimlər elmə bənzəri görülməmiş yeniliklər gətirir. İspaniyada qurulan Əndəlüs dövləti Avropada ən böyük kitabxananı qurur, ilk dəfə Avropaya ümumi hamam sistemini, kanalizasiya sistemini, yolları şam işığı ilə aydınlatma sistemini gətirir. Xristianlar Aristotelin, Sokratın, Platonun kitablarını onlar xristian deyildi deyə yandırmağa başlayırlar. Bu zaman islam alimləri həmin kitabları ərəb dilinə tərcümə edərək qoruyub saxlayırlar. Bir tək bu nümunədən islamın elmə yanaşma tərzini aydın görə bilərik. Əndəlüs dövlətinin gördüyü işlərə əsrlərdir saysız kitablar yazılır. Ədəbiyyat nümunələri isə insanlıq tarixinin incilərindəndir. Elə öz şairlərimizi götürsək, Nizaminin, Füzulinin, Nəsiminin yazdığı əsərlərin dünyada tayı-bərabəri yoxdur.

 

XII əsrdən sonra islam dünyasında bir durğunluq başlayır. Bu durğunluğun əsasında məzhəb fərqliliyi uğrunda gedən mübarizələr və islam aləmində bir neçə fərqli dövlətin yaranıb bir-biri ilə mübarizə etməsi dayanır. Səlcuqlu dövləti demək olar ki, Afrika dövlətləri xaric bütün islam aləmini əhatə edirdi. Bu böyük dövlət vahid ideologiyaya, vahid inkişafa və vahid məzhəbə köklənmişdi. Bu səbəbdəndir ki, adını sadaladığım böyük alimlərin əksəriyyəti Səlcuqlu dövründə yaşayıb. Sultan Məlikşah dövrü islam tarixinin ən parlaq dövrü sayıla bilər. Tək Məlikşah dövründə gedən elmi inkişaf bəlkə də bütün islam tarixindəki inkişafdan böyükdür. Səlcuqlu dövlətinin yıxılması islam dünyasında böyük fəlakətlərə yol açdı. Levant bölgəsinə başlayan Xaçlı yürüşləri, hakimiyyət uğrunda gedən mübarizə, Xaşxaşi kimi cərəyanların güclənməsi islam dünyasını parçaladı və zəiflətdi. Amma bunlar da aydın nəslin tükənməsinə tam səbəb deyil. Çünkü bu qarışıq dövrdə Mövlana, Yunus Əmrə kimi böyük şəxsiyyətlər yetişdi.

 

Şərqin inkişafına ən böyük zərbəni monqollar vurdu. Yunanların dili ilə desək, bu, “barbar” qövm Şərq mədəniyyətinin altını üstünə çevirdi. Bağdad kitabxanası dövrün bənzəri olmayan bir sərvəti idi. Minlərlə kitabı yandıran, Dəclə çayına atan monqollar Şərq millətlərinə elə bir zərbə vurdular ki, indiyə qədər sağalmır.

 

Bəzi insanlarımız Şərq inkişafına islam dininin əngəl qoyduğunu düşünürlər. Bu, ancaq dar düşüncənin və islamofobiyanın bəhrəsidir. Gerçək islam heç vaxt elmə əngəl qoymayıb.

 

Cəlal Yadigarlı