“Koroğlu” dastanının “Durna teli” qolunda xəfif xəzan yarpağı boyda belə bir epizod var: “...Şəhərə girməyə az qalmışdı ki, bir qoca biçinçiyə rast gəldilər. Gördülər qoca taxıl biçir. Amma gözündən də dolu kimi yaş tökür.
Koroğlu yaxınlaşıb soruşdu:
– Ay qoca, niyə ağlayırsan?
Qoca dedi:
– Neyləyirsən, səndən ki mənim dərdimə dərman olmayacaq, çıx yolunla get”.
...orda ayla, illə, burda müxtəsər dillə... onda qoca biçinçi dərdini açıb danışır:
– Koroğlunun üç dəlisi gəlib buraya çıxıbdı. Bu gün Bağdadda onları dar ağacından asacaqlar. Üç cavan iyid oğlandı. Elədilər ki, şəkil kimi, elə doğrusu, onların halına ağlayıram.
“Durna teli”ni – bütövlükdə “Koroğlu”nu – erkən oxumuşdum; özü də səmimi sinif yoldaşlarım Eldar (torpağı nurlu-işıqlı olsun) və Elmanla (səhər-səhər Dəllərdən dərdsiz xəbərlər gözləyən qulaqları cingildəsin) birlikdə.
Onda empatiyanın – özünü başqa insanın yerində hiss edə bilmək bacarığının – nə olduğunu bilməsək də durna teli dalınca Bağdada yollanan Eyvazı, Dəmirçioğlunu və Bəlli Əhmədi qurtarmağa gedən Koroğluya və onun yeddi min yeddi yüz yetmiş yeddi igidinə qoşulub Bağdad yolunu tutmaq istəyimiz çox yaraşıqlı və şirin istək idi. Hətta Bağdadda dar ağacına çəkilmək də bizə təsirli və cazibədar görükürdü: təki Dəllərdə dərdimizi bir çəkən olsun!
Sonralar yuxarı siniflərdə də, ali məktəbdə də qoca biçinçinin “dərdimə dərman” ifadəsi hər yadıma düşəndə də – elə ifadə zənginliyi, məna çalarlığı və üsul müxtəlifliyi üçün də – duyğular imperiyasının çoxsaylı duyğularından biri olan dərdin sinonimlərini də bircə-bircə tapırdım: ağrı-azar, qəm, kədər, qüssə, iztirab, məyusluq...
Sinonimləri elə o vaxtlardan sevirəm: bu, eyni nitq hissəsinə aid olan, yazılışı və deyilişi fərqli, mənası isə eyni və ya yaxın olan sözləri...
Bir zamanlar yazıçılara, şairlərə (tanınmış qəzetçilərə də) qoma-qoma məktublar gələrdi. Atalar əbəs yerə deməyiblər ki: dərdini – dərd bilənə söylə. Dolayısı ilə, yazıçıları dərdbilən, həmdərd olaraq, dərd sərrafları kimi görənlər çox idi.
Sonralar baş barmağını çənəsinə, şəhadət barmağını da üzünə ayparaya oxşar şəkildə dayayaraq şəkil çəkdirməklə özlərini bəlkə də filosof rolunda görən, amma yüzəyüz qəmlitək də qələmə verən “haramılar” da tapıldı. Lakin bunların ilk dərdimizə arazbarı az dəxli olduğu üçün üzərindən usdufca keçirik. Baxmayaraq ki, bəzən ilk dərdin ilk məhəbbətə yarıalmatək oxşarlığı da olur; misilləmə misal üçün:
Yol kəsib haramılar,
Dərd çəkir yaralılar. –
misraları məxsusi kimin üçün deyilib? Kim bilir?
Biz tərəflərdə bir “dərdini dağıtmaq” kimi yaralı ifadə də var. Bir də görürsən, gözlərindən qürbət yağan bir adam həsrət-həsrət köksünü ötürərək düzilqarlı Əyriqar tərəflərə baxır və acı qəhərlə sənə pıçıldayır:
– Gedək dərdimizi dağıdaq...
Bir də günlərin bir günü Bakıda unudulmaz Adil Mirseyid hələ indiyədək Şəhidlər xiyabanında olmadığımı eşidən kimi demişdi:
– Gedək bir az dərd dərək.
Cəmisi dörd həftə bundan əvvəl oxudum ki, milyarder xanım Makkenzi Skott (ing. MacKenzie Scott) son dörd ay ərzində kimsəsizlərə yardım edən qurumlara və təcili yardım fonduna, nə az, nə çox, düz dörd milyard dollardan artıq ianə edib. Açığı, çox sevindim. Amma xanım Makkenzi şəkildə kədərli görünürdü; eynən “Salam, kədər” romanının müəllifi Fransuaza Saqan (fr. Françoise Sagan) misilli. Sanki dünyanın ən kədərli hekayətlərini o yazmışdı (xanım Makkenzi də yaradıcı insandır; bir neçə roman müəllifidir). Görünür, hətta hər səadətdə də bir həzin qəmginlik var imiş. Oxucuların az qala nəfəsini kəsən bəzi “rəhmsiz” romanlar kimi!
Bilmirəm unudulmaz Anatol Fransın (fr. Anatole France) “Ayaqları olmayan bir uşaq görənə qədər “ayaqqabım yoxdur” deyə kədərlənirdim” ifadəsi Süsən-Sünbülə nə vaxtdan bəllidir? Bunu deyə bilərəm ki, unudulmaz A.Frans “dərin məşəqqətli humanizmlə” yazılmış əsərlərinə görə Nobel mükafatına layiq görülmüşdü. Yeri gəlmişkən, bir vaxt mənim bir dərdim də onun “Çiçəklənən həyat” romanını tapıb oxumaq olmuşdu. Amma, əlbəttə ki, bu, bir ayrı. Üstəlik də indi belə məlum olur ki, hətta Süsən-Sünbüldə də hərdən dərd özü də bir dərman olurmuş! Başqa sözlə, arada-sırada psixoterapevtdən dolayı, özün də öz dərdinə dərman tapılmalısan!
...İndi bu yeni 2021-ci il ərəfəsində, özü də günün düz günorta yerində Mirzə Qələm israrsız-filansız Mirzə Tüpdağıdandan soruşanda ki, “bəs sənin ilk dərdin nədir?” onda Mirzə Tüpdağıdan hətta bu kreativ-modern dünyada da sayrı-saman səslənən bir cavab verdi:
– Bilmirəm ilk dərddir, yoxsa son dərd, amma mənim dərdim qarnımı doyurmaqdır: yəni Aş və İş! Amma aş da gərək yağlısından ola! Vəssalam!
Mirzə Qələm cavabı eşidən kimi Küveyt kətanı kimi ağappaq ağardı.
Mənə qalanda, o saat unudulmaz Sabirin “Bişdikcə qazan-qazan mütəncəm (bozartma), yad et məni, yağlı-yağlı yad et” misraları yadıma düşdü. Amma etiraf edim ki, mən belə məğşuş havalarda daha çox unudulmaz Barış Mançonun “Arkadaşım eşşək” mahnısını dinləməyi üstün tuturam:
Uzun kulaklarını son bir kez salla,
Tüm eski dostlarımdan bir haber yolla...
P.S.
Gəl, bu dünyanı Dərdistan adlı bir diyara çevirməyək. Çünki insan bəzən Dərdistanda yaşamağa elə öyrəşir ki, hərdən-birdən heç ayrılmaq da istəmir.
Təsəvvür edirsənmi?..
İBRAHİMXƏLİL