Bəzən insan başdan-başa ağrı olduğu üçün ondan heç “Haranız ağrıyır?” – deyə bir soruşan da olmur. Çox zaman da ağrı – əlbəttə, söhbət fiziki ağrıdan artıq mənəvi ağrıdan gedir – kimsənin görə bilmədiyi yerdə olur. Belə müsibət ağrıları görə bilmək üçün də gərək öncə insanın qəlbini görə biləsən, ürəyini oxumaq istedadın ola. Üstəlik də, nə qədər istəyirsən de, gül, çal, çağır, bütün hallarda mənəvi iztirabları gizləmək çətin olur. Yoxsa mövzunun canı elə duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən ağrı olsaydı, dərd yarı sayılmazdımı?

 

Beləliklə, bir daha orada ayla, illə, burada müxtəsər dillə…

 

Bir zamanlar Ağrıdağı görmək istəyim elə böyük idi ki, duyğu sinirlərimi heç cürə cilovlaya bilmirdim. Amma onda qardaş Türkiyəni görə bilmək üçün viza lazım idi!

 

İndi Türkiyə səfərləri vizasızdır. Amma Ağrıdağı hələ də görməmişəm. Türkiyə Yazarlar Birliyindən bir nəfər qələm dostuma da dedim. Dedim ki, necə rəva görərsən, əfəndim!? Ağrıdağı görmədən dünyamı dəyişmək olar? Dedim ki, təsəvvür edirsənmi, rəhmətlik anam mənə hər dəfə “Ağrın-acın dağlara-daşlara!” – deyə yalvardıqca, ahəstə alxışlar verdikcə elə bilirdim bütün ağrılarım Ağrıdağa gedəcək. Səbirsizlənirdim. Etiraz edirdim: axı o, onsuz da Ağrıdağdır. Ziyadə ağrılardan vulkanları yenidən oyanmazmı?

 

Və biləndə ki, Ağrıdağı görmək üçün mütləq bir “Ağrı vizası” da lazımdır, Kərəm demiş, onda gördüm bürəm-bürəm qar gəlir. Əlbəttə, sərhədyanı bölgə olaraq “suverenlik səlahiyyəti çərçivəsində” hər şey gün kimi aydındır. Amma, canım-qardaşım, bu latın əsilli viza (visus) da elə ziyarət deməkdir axı! Öz Ağrımı ziyarətim üçün nə viza!.. Nə rəsmi icazə sənədi? Mənə heç Ağrıdağı göstərmək üçün verilən rəsmi bələdçi də gərək deyil. Təvazödən uzaq olmasın: Ağrıdağda, o dağ sərində-dağlar başında hər şairin bir zərrə ağrısı qorunur axı! Şairin vizası nə Şengen vizasıdır, nə turist, nə müalicə vizasıdır, nə də işgüzar. Bu, ağrı vizasıdır, canım-qardaşım, Ağrı!

 

Amma bu gün kimi aydın səmtdə simvollar dolu məqamlar dərk olunandır, məqbuldur:

 

…İlk Ağrıdağ sevgimdən, ilk məhəbbətimdən mənə nə qaldı? Çox şey! Məsələn, dağın türkcə “Ağrıdağ” adından dolayı, ivritcə, yunanca, farsca, ərəbcə, ingiliscə, ermənicə… necə adlanmalar arasında bir rus səyyahının dağa verdiyi “Sultan Ağrı” adını da çox sevdim. Çooox! Sultan Ağrı! Təsəvvür edirsənmi?

 

Həm də o kontekstdə, o mənada ki, bütün xalqlara da, bütün dillərə və duyğulara da uca Allahın altında yer var!

 

Ağrıdağla bağlı şeirlər oxudum, dastanlar vərəqlədim; bəzilərini ruhumun dərin guşələrinə hopdurdum, ağrılarıma çilədim. Günlərin bir günü Tiflisin Vake tərəfində cazibəsindən unudulmaz Qalaktion  Tabidzenin ilham pərisi hesab olunan Meri Eristaviyə bənzəyən xanım həkim səhhətimin belə sürətlə yaxşılığa doğru döndüyünü görüb təəccübünü gizlədə bilmədi: – Yəni səni belə tez bizmi qurtardıq? –  deyə heyrətləndi.

 

 – Siz və Ağrıdağ, – dedim.

 

Gözləri naməhrəmdən qorumaq öz ləyaqət və həya yerində, bu işarəni sizə açıqlayıram ki, Ağrıdağ sevgisinin ağrı aldığını da biləsiniz; başqa sözlə, kiməsə “Ağrın alım” deyəndə bunu minnətli eləməyin. Axı ağrı almaq üçün viza tələb olunmur. Belə ağrı coğrafi məkan deyil; sadəcə, duyğu sinirlərinin qıcıqlanmasıdır: ona görə!   

 

…Ustad Aşıq Alı Ağrıdağı “dağların sərdarı” adlandırır və deyirdi:

 

…Havalanıb ərş üzünə çıxıbsan.

Və:

…Tozun qalxdı İrəvanı bürüdü.

 

Şeirin “şirin” nevrozunun tüğyan elədiyi vaxtlarım idi. Dua edirdim ki, Ağrıdağın tozu təki Tiflisi bürüməyə. “Min yol mənə söylər” romanının müəllifi, qələm dostum Etimad Başkeçid oxşar məqamlarda belə deyir: “Sənətkarın Şeyx Sənanlığı tutdu yenə”.

 

…Bu bənd isə ustad Gürkaninin “Ağrıdağ”a ünvanladığı şeirin möhürbəndidir:

 

Gürkani deer: görüşəlim,

Küskün isən barışalım.

Sənin ilə dərdləşəlim,

Varsa əyər sazın sənin.

 

Əlbəttə, var! Məgər Ağrıdağ sazdan-sözdən, sarı simlərdən, sehrdən-tilsimdən yoğrulub yapılmadımı!

 

…Şəxsən tanıdığım İsmayıl Malatyanın sözlərini öz dilindən eşitmək nəsibim olub. Görünür, türk poeziyasında Ağrıdağsız motiv, motivasiya yoxdur:

 

Türüm-türüm reyhan, kəklik qoxarsan,

Ayrılanı həsrətinlə yaxarsan.

 

Ağrıdağın ayrılanı həsrətlə yaxmağı bir ayrı, bəs onu görməyi həsrət və ümidlə gözləyənləri yandırıb-yaxmağı necə olsun?

 

P.S.

 

Şair Məmməd İsmayıla ithaf elədiyim bir rübablı-liralı “Ağrıdağ” da mənim var;  inşallah, sizinlə paylaşacağam. Axı dağlar da qocalır və nədənsə mənə belə gəlir ki, ustad Məmməd İsmayıl Ağrıdağ misilli qocalır.

 

Şairlərin ona qan qohumu olduqlarını Ağrıdağın özünə pıçıldayacağam. Qoy bir “Ağrı vizası”nı əldə edim…

 

Sağlıq olsun!

 

İBRAHİMXƏLİL