Görəsən bu yaşlı nəsil gənclərə nə verib ala bilmir? Niyə qırışlı, artritli əllərinə fürsət düşən kimi gəncləri pisləyir, gözümçıxdıya salır, quyusunu qazır, donosunu yazır? Niyə sevinə bilmirlər gənclərin uğurlarına, niyə çürüyüb yıxılmış kötük olurlar gənclərin cığırlarına? Niyə qorxurlar gənclərdən, gənclikdən, istedadlılardan, istedaddan? Qarınlarına nə azar dolub ki, harada bir uğurlu gənc görsələr sancıları başlayır, bilmirsən yaşdandı, yeməkdəndi, yoxsa paxıllıqdan... Ən çirkin mənzərəni də səhərdən-axşama feysbukda yaşıl işığı yanan qocalar yaradır. Elə bil boyunlarına öhdəlik götürüblər ki, kompüter arxasında oturub feysbukda gəncləri güdsünlər, hər paylaşımlarına bir qoca mız qoysunlar, qaralasınlar, “səhv” tutsunlar, qüsur kəşf eləsinlər, “neprav” çıxarsınlar, heç kəsi, heç nəyi bəyənməsinlər...
Bu “veçni nedavolni” qocalar gənclərin heç bir tədbirində iştirak etməzlər, gənclərlə bağlı görüşlərə getməzlər, gənclərin uğurlu paylaşımlarına “layk” qoymazlar, nə qədər mükafat, tərifnamə, qonorar alsalar yenə də doymazlar; eynəyin altından bərəlmiş gözləri gənclərə verilən mükafatlarda, uğurlarda, qonorarlarda, vəzifələrdə olar həmişə, pərçimlənərlər işə – imkan verməzlər gənclər də işləsin; bütün həyatı boyu – xəstələndikdə və sağlıqda, yaxşı gündə və pis gündə, cavanlıqda və qocalıqda, ölüm ayırana qədər vəzifədən nikahlı ər-arvad kimi ayrılmazlar. Bacarıqlı, istedadlı, savadlı gəncləri özlərinə potensial rəqib-düşmən görərlər; bacarıqlı, istedadlı, savadlı gəncləri ömür çürütdükləri idarənin, təşkilatın, qurumun həndəvərinə buraxmamaq üçün gecə-gündüz plan qurarlar, qarayaxma kampaniyasına başlayarlar, “yuxarılara” zəng vurarlar...
Sən demə, gənclərin yazılarını qəzetdə, saytda verməklə sözə hörmət qoymayaraq qeyri-peşəkarlıq edirikmiş. Bilməmişik, bu qocalardan icazə alıb gənclərin yazılarını elə yayımlamalıyıqmış. Sən öl, elə bil Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi-zaddı... Allah uzaq eləsin, gör başımıza nə oyunlar açarlarmış bu bolşeviklər...
Gənclərin yazıları zəif, qüsurlu, qeyri-peşəkar ola bilər, səhf fikirlər səsləndirə bilərlər, amma gəncləri bəyənməyən bu qocalardan fərqli olaraq onların yazılarında yalan, kiməsə yarınmaq, kimisə nəyə görəsə tərifləmək, sağlıq demək, şəninə şeirlər həsr eləmək, yubiley keçirmək, başsağlığı vermək, vəzifədən, rütbədən, medaldan qorxmaq və bu kimi qüsurlar yoxdur.
Gənclərin yazıları gənc qəlblərinin çırpıntılarından əmələ gələrək demək istədikləri sözlərdən, narahat olduqları problemlərdən ibarətdir; dünyanı necə görmək istədiklərini, həyatlarını, ətraflarını necə təsəvvür etdiklərini qorxmadan, çəkinmədən fikirləşdikləri kimi də yazırlar. Gənclərin bu yaşlılardan fəqli olaraq kiminsə xoşuna gəlmək, çap olunmaq kimi dərdləri də yoxdur, bütün sosial şəbəkələr onların üzünə açıqdır.
Yaşlı nəslin gənclərin sözlərini yazılı demələrinə qarşı bu cür qısqanc münasibətini necə başa düşmək olar? Bu ədavət nə zamana kimi davam edəcək axı?..
Axı heç kəs anasının qarnında öyrənməyib. 11-ci, 12-ci sinif şagirdindən 50 illik təcrübəsi olan bir publisistin yazacağı yazını gözləmək özü anormallıqdır. Kadr yetişmir deyirsiniz. Siz gələcəyə bu cür qənim kəsiləndə kadrmı yetişər?..
Qorxmayın, bu gen dünyada yer hamıya çatacaq, yerinizi gənclər dar eləməsin. Özünü ifadə etmək üsulunu dəyişmək zamanıdır artıq. Tükənməkdə olan (bəzilərində isə artıq tükənmiş) enerjinizi gəncləri qaralamaq, pisləmək, gözümçıxdıya salmaq, şərləmək, paxıllamaq, ruhdan, həvəsdən salmaq əvəzinə faydalı işlərlə məşğul olsanız, məsələn, ağac əksəniz, toyuq-cücə saxlasanız, nəvələrinizi parkda gəzdirsəniz, xəsisliklə rəflərdə kitab qurdlarına yedizdirdiyiniz kitablardan oxumaq üçün gənclərə versəniz daha faydalı olarsınız...
Mənim sözümü saymaya bilərsiniz, ona görə də fikrimi qoca Volterin sözləri ilə tamamlayıram, hər halda yaşlılara xitab edib: “İmkan verin gənclər dünyanı düşündükləri kimi görsünlər, onsuz da böyüdükcə olduğu kimi görəcəklər”.
Azər MUSAOĞLU