Sizə bir nağıl danışmaq istədim, elə nağıl ki, o nağılın sonunda göydən düşən almalar üç dənə olmayacaq. O almalar hər bir borçalılı üçün töhfə olacaq. Elə nağıl ki, o nağılın xəyalı hamımızın gözü önündə canlanacaq, bir film kimi nağıl, buna əminəm...

 

Qədim Gürcüstanın bir kəndində – Mtsxetanın Ksani kəndində sovetlər dönəminin qaydalarına uyğun olaraq işləri ilə əlaqədar bu kənddə məskunlaşan ailələrdən biri də Novruzəli kişinin ailəsi idi. Əlbəttə, əslən Barmaqsızdan (Tsalkadan), Hacılar kəndindən idilər. Öz işlərində vicdanlı və namuslu olan ailə yaşadıqları  mühitə uyğun olaraq övladlarına da bu kənddə ilk təhsil verdilər.        Gəncliklərindən burada yaşayan ailələr artıq özləri üçün şərait qurub uyğunlaşmışdılar.

 

Gürcülərlə elə doğmalaşmışdılar ki, az qala Tsalkadakı doğmalar da yaddan çıxmışdı. Beləcə günlər sürətlə gedərkən artıq dağılmış imperiya töküntükərinin yaratdığı problemlər illərdir dost şəraitdə yaşayan ailələri bir-birindən uzaqlaşdırmağı bacardı. Məlum Qamsaxurdiya qaragüruhçuluğu Ksani kəndindəki ailələrdən də yan keçmədi. Ailə süni yaradılan milli ayrı-seçkiliyə dözməyərək kənddən köçməli oldu. Bakı həmin vaxtlar Ermənistan və Qarabağdan olan qaçqın və məcburi köçkünlərlə bağlı problemlər yaşayırdı. Borçalı soydaşlarımızın kompakt yaşadığı ərazidir. Mtsxeta isə fərqli mühit idi. O mühitin insanları üçün Bakı qəriblik idi. Heç cür uyğunlaşa bilmirdilər. Baxmayaraq ki, artıq məskunlaşmışdılar. Hər cür sosial, maddi şərait vardı, hətta gürcü bölməsinin şagirdləri olan nəvələr də, çətinliklə də olsa, Azərbaycandilli məktəbdə yerləşdirilmişdi. Həmayıl nənə və övladları üçün qəriblik idi hər şey, hara baxırdı öz kəndini, öz evini görürdü, amma məlum zaman idi.

 

Bax beləcə zaman axarını tapdı, ailənin nəvələrə ana xətti ilə musiqi bağlılığı vardı, bu, özünü balaca Nargilədə çoxdan tapmışdı. Hələ uşaqlıqdan evin süpürgəsini saz kimi bağrına basıb oxuyardı. Ana babası Oruc kişi Qarabağlar kəndindən zurnaçı kimi toylara gedərdi, saz havalarını da çala bilirdi, Aşıq Ələsgəri əzbər bilirdi, dayısı gözəl muğam oxuyardı, hətta anasının da gözəl səsi vardı. Bir gün baba ona balaca bir saz aldı. Hamının ötəri hiss kimi qəbul etdiyi saz sevgisi artıq dərinləşirdi. Nargilə az vaxtda Bakıda ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini çox gözəl öyrənmişdi. Bu bağlılıq saza meyilliklə öz möhürünə doğru çəkirdi. Danəndə Həmayıl nənə – “bu qızı oxutmaq lazımdır, olanda aşığın da savadlısı, diplomlusu olmaq lazımdır”, – dedi.

 

Gənc Nargilə Bakıda təhsil üçün müraciət etdi. Onu dinləyib, gəl tar şöbəsində oxu, öyrən dedilər, tar mürəkkəbdir, sazı asan öyrənəcən dedilər. Onda konservatoriyada saz fakültəsi yox idi. İlqar İmamverdiyev ilk dəfə saz musiqilərini nota köçürən şəxs idi. Nargilə sazı elmi sənətin əvəzsiz saz musiqisi alimindən öyrəndi. İlqar müəllim Nargilənin həyatında çox önəmli yolu valideynlərinə göstərdi. Bu çox istedadlı qızdır, parlaq gələcəyi var, qoyun davam etsin dedi. Beləcə özünə süpürgədən saz düzəldən, utana-utana bilmədiklərini acgözlüklə öyrənən, “kimsən” sualına böyük hərflərlə “mən türk köklü Nargiləyəm” deyən bir fenomen yetişdi. Hətta konservatoriya məzunu oldu. Əlbəttə, olmalıydı. Bu həmin Borçalı Səkinəsi idi ki, Şah İsmayıl sarayında saz sevgisi aşılamışdı, bu həmin aşıq Sona Hamamlı idi ki, sevgisini saza qurban vermişdi...

 

Yerə-göyə sığmayan Həmayıl nənə artıq sakitləşən tufanlardan sonra yeni xəyallar qururdu. H.Əliyevin yaratdığı dostluq körpüsü ona ümidlər verirdi. Bu ümidin körpüsüylə geri – kəndinə döndü. Onu sevinclə qarşılayan illərin dostu, doğması həmyerliləri ilə görüşdü. Mütləq dönəcəm dedi və etdi. Bu dəfə o məcburi köçkün olduğu Ksani kəndinə yox, Muxran çökəyində yerləşən öz doğma kəndinə – Kaspinin Xidisquri kəndinə qayıtdı və qardaşlarının köməyi ilə orada yenidən ev tikdi, ocaq qurdu. Məzun olan nəvəsi Nargiləni də götürüb qayıtdı ki, oğlu, gəlini də məcbur gələcək. O, səhv etməmişdi. Həmayıl nənə ailəsini qaytarmağı bacardı.

 

XXI əsr isə öz Nargiləsi ilə Borçalı aşıq məktəbində Nargilə möhürünü yaratdı. Bu gün onlarla şəyirdini davamçı yetişdirir. Öz övladlarını mükəmməl yetişsinlər deyə ana dilində təhsil verdi. Özünü təqdim etmək üçün özün olmalısan ki, sənə hörmət etsinlər deyir. Övladları Tbilisi 73 saylı Azərbaycandilli məktəbdən məzun oldular, hazırda Cavaxişvili adına universitetdə incəsənət sahəsi üzrə tələbədirlər. Oğlu Novruz isə saz sevgisini ana sevgisiylə eyniləşdirib artıq.

 

Nargilə xanım danışdıqca sanki çaparaq at ahəngini hiss edirəm. Danışığı belə saz ritmiylə ahənglənir. O qədər təmiz, məlahətli danışır ki, sazı Nargiləyə yaraşdırıram, Nargiləni də saza, bir-biri üçün yaranmışlara...

 

Nargilə xanımın uzun illərdir Gürcüstanda mədəniyyətimiz üçün etdiklərini qəti sadalamayacam. Tbilisidə Azərbaycan Mədəniyyəti Mərkəzində saz dərnəyində davamçılar yetişdirməyi bir başqa töhfə, həmçinin rəsm və dizayner qabiliyyətli bu sazəndə xanım öz geyimlərini də özü dizayn edir və milli üslublara söykənir. Bu arada, mən çox istərdim Nargilə xanım bütün tədbirlərdə, el şənliklərində milli geyimdə çıxaydı – Nargilə imici, Nargilə dəyəri ilə...

 

Uzun illərdir bütün layihələrdə dövlətlə bərabər öz kimliyini təqdim edən Nargilə xanım Çində dostluq festifalında dastan danışmağından ən kiçik tədbirlərə belə qatılmağa etiraz etmir bu sadə insan! Son uğurunu isə xüsusi qeyd etməyə bilmərəm. Bununla o, Nargilə möhürünü, türk əsilli, Azərbaycan sənətli Gürcüstan vətəndaşıyam deyərək sənət təqdim etdi.

 

Avropa pəncərəsindən baxanda kiçik görünən Gürcüstan illərdir tamaşaçı olduğu Avropa-Gürcüstan folklor festivalına artıq ev sahibi olmağı bacardı. “Evropaliya-Gürcüstan” festifalında iştirakçıları avropalı münsiflər özləri seçmişdilər. Maraqlıdır ki, ən çətin saz havalarını: “Məmmədbağırı”, “Göyçəgülü”, “Mansırı”, “Fəxri”, “Dastani”, “Müxəmməs”, “Ruhani”ni ifa etməyi istədilər. Bunlar avropalı münsiflərin seçdiyi ən çətin saz havaları idi. Dörd ay ərzində – oktyabrdan (2023) fevrala (2024) qədər Avropa Gürcüstan folklorunu tanımaq imkanı əldə edəcəkdi. Bu seçimdə aşıq Nargilə də vardı. Siyahını təqdim edəndə mədəniyyət naziri üçün razılıq qərarı heç də asan olmadı. Tolerant ölkə kimi türk əsilli aşıq və Azərbaycan sənəti Gürcüstan folklorunda. Bax elə beləcə Nargilə öz bukletində kimliyini təqdim etdi. Özüməm, amma Gürcüstan vətəndaşıyam deyərək. Bu vaxt ərzində iki dəfə Nargilə solo konsert verdi. Seçilmiş musiqilər də ən çətin aşıq havaları idi. İki dəfə 300 adamlıq zalda 1 saat konser verdi – oktyabrda və yanvarda. Dolu zalın dinləyici ruhu, duyumu alqışlarda özünü göstərirdi. Konsert sonu səbəbkarı üç Azərbaycan vətəndaşı olan xanım yaxınlaşıb qucaqladılar: “Biz Azərbaycan sevgimizi bölüşmək üçün Gürcüstan adına tamaşaya gəldik. Sazımızın sehri bizi soyuq havada elə isitdi ki, göz yaşımızı saxlaya bilmədik”. Avropalı alqışçılar arasında Gürcüstan mədəniyyət naziri və Brüsseldəki Gürcüstan səfirimizin və Gürcüstanı izləməyə gələn Azərbaycan vətəndaşlarının yeri başqa idi, çünki bu tamaşaçılar Nargilənin həqiqi və mənəvi vətəninin vətəndaşları idilər.

 

Beləliklə, Həmayıl nənənin el sevgisi, inadkarlığı ilə geriyə dönüş Gürcüstana bir Nargilə qaytardı – Borçalı saz tarixinə möhür vurmağa, yenidən yaşatmağa, davamçılar yetişdirməyə!

 

Nağılım sona çatmadı, amma almaların ətri, sədası hər bir saz, söz həvəskarını sevindirdi, əks-sədası nəinki Gürcüstanda, hətta Avropada “mən türk əsilli, Azərbaycan sənətli Gürcüstan vətəndaşıyam” dedi.

 

Var olun, Nargilə xanım, sazınızla birgə yaşayın, yaradın, yaşadın!

 

Müəllif: Esmira ƏLƏKBƏRLİ