Seymur Baycanın “Mənim mübarizəm” adlı kitabında oxumuşam, yazır: “Jurnalistika insanı iki seçim arasında qoyur: dənizdə boğulan birinə ya kömək edib həyatını xilas eləməlisən, ya da onun batmasını gözləyib bu haqda xəbər hazırlamalısan”. İlk baxışda sadə seçim kimi gəlir insana və təbii ki, boğulana kömək edərdim deyə düşünür. Amma bilmirəm, bəlkə işləyən zaman düşüncə tərzi dəyişir insanın. Tək düşüncə tərzi yox, özü də dəyişir. Necə ki sürücülük vəsiqəsi alandan sonra bəzi insanlar dəyişir. Bəlkə bəzi jurnalistlər ikinci variantı seçir. Hələ bunu bilmirəm. Bildiyim, daha doğrusu, öyrənməyə başladığım yeni şey bəzən insanın bu peşənin ağırlığı altında qalmasıdır. Bəlkə kiminsə batmasını  görməyib, amma yenə də bu acı xəbərdən yazır. Necə ki indi mən yazıram.

 

Nə az, nə çox, cəmi bir ay içində iki gəncin ölümü məni yenə yazmağa vadar edir. Amma bu dəfə keçən dəfəki qədər hərarətli yazmıram. İnsanın içi qan ağlayan zaman hərarətli sözlər sönürmüş. Necə ki bir gəncin həyat işığı söndü. Bəzən kiminsə həyatını xilas eləmək bizim əlimizdə deyil, kiminsə ayağının altındakı qaz pedalında olur – qəza törədən o sürücü kimi.

 

Bilmirəm, insanlarda bu sürət sevgisi haradan gəlir, niyə sürət onlara bu qədər zövq verir, hara tələsirlər, niyə özlərində məsuliyyət hissi daşımırlar? Başqasını keçdim, öz canlarını heçmi sevmirlər? Niyə bizdə yol qaydalarına əməl etmək müvəqqəti bir prosesdir? Niyə bəziləri sürücülük vəsiqəsi aldıqdan sonra bu qaydaları unudur? Niyə on altı yaşında valideynin icazəsi ilə sürücülük vəsiqəsi almaq mümkündür?..

 

Niyəsini deyim sizə. Ona görə ki, bu bizim əskik, çatışmayan cəhətimizdir. Əvvəlcə tək sürücülük vəsiqəsi alarkən yox, bütün işlərdə qayda-qanunları yaxşıca əzbərləyib öyrənirik. Amma istədiyimiz şeyi əldə edəndən sonra, sıra öyrəndiklərimizi icra etməyə çatanda, öz arzu və istəyimizlə bundan imtina edirik. Sürücülük vəsiqəsini on altı yaşında almağın mümkün olduğuna gəldikdə isə onu deyə bilərəm ki, bəzi atalar üçün oğullarının o kağız parçasına sahib olması özü “qürur verici” bir hissdir, el arasında baş ucalığıdır. Onlar üçün yaşın fərqi yoxdur. Uşağı velosiped sürən yaşında qucağında otuzdurub maşın idarə etməyi öyrədən atanın oğlu hansı qaydalara əməl etməlidir. Mənə qalsa on səkkiz yaş belə bunun üçün azdır. Oğlanlar üçün on səkkiz yaşa çatmaq həddi-büluğa çatmaq deyil, sürücülük vəsiqəsi almaq, sonra rahatlıqla maşın sürmək deməkdir; yolun qırağında tanış məhlə uşağını, yaxud gözəl bir qız gördükdə qaza basıb yanından sürətlə keçmək deməkdir. Qoy desinlər filankəs “bomba oğlandır”. Onlar üçün yol qaydalarını və nişanlarını əzbərləmək “teoriya” imtahanı keçmək üçün lazımdır.

 

Maşın insanların uzaq məsafələri qət etməsi üçün icad olunub, amma biz onu kimisə qürurlandırmaq, dost-tanışın arasında başı uca olmaq, kiminsə xoşuna gəlmək üçün bir vasitə sayırıq. Təəssüflər olsun ki, bəziləri də onunla can alır... Sürücülərə bu qədər.

 

İndi gələk piyadalara. Yol hərəkəti qaydalarının demək olar ki hamısı piyadaların yolda təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Maşını sürətli idarə edən sürücülər qədər piyadalar da öz canlarını düşünmürlər. Yeraltı və yerüstü piyada keçidi, piyada işıqforu sırf piyadanın rahat və təhlükəsiz hərəkəti üçün yaradılıb. Lakin biz piyada keçidini görmürük, yeraltı keçidlərdən göyərti satmaq üçün ideal yer kimi istifadə edirik. Bizim nə yerüstü keçidin pilləkənlərini çıxmağa həvəsimiz, nə də piyadalar üçün nəzərdə tutulmuş işıqforun yaşıl işığının yanmasını gözləməyə səbrimiz var. Sürücülər kimi piyadalar da tələsirlər. Bəzən sırf onların məsuliyyətsizliyi üzündən qəzalar baş verir. Qaydalara əməl edən sürücünün həyatını bəzən məhz piyadalar puç edir – əlində telefon, qulağında qulaqlıq asfaltın ortasıyla yolun o biri tərəfinə keçən piyadalar.

 

Sürücülük imtahanları getdikcə çətinləşir ki, bəlkə insanlar daha çox məsuliyyətli olalar. Bir az vəsiqəni almaq üçün yaş artsa heç pis olmaz. Sürücüdə məsuliyyət hissi yoxdursa yaş önəmli deyil. Piyada olmaq üçünsə yaş həddi yoxdur. Bir az yol və vaxt uzansa heç nə olmaz. Təki həyat qısalmasın.

 

Sonda tək onu demək istəyirəm ki, Allah uzaq eləsin, əgər qəza baş versə siz birinci variantı seçib kiminsə həyatını xilas edənlərdən olun ki, bu cür acı xəbərlərin sayı azalsın.

 

Müəllif: Çiyalə Osmanova